Həbsdə olan cəbhəçilərə “yox” deyildi

Həbsdə olan cəbhəçilərə “yox” deyildi

13-08-2020 17:03 / Bu xəbər 8799 dəfə oxundu

Yolda getdiyim yerdə maşının qarşısını kəsib, tutub aparıblar

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları barələrindəki həbs qərarlarından şikayət veriblər. Partiyanın Təşkilat Şöbəsinin üzvü, karantin rejimini pozma ittihamıyla 30 sutka həbs cəzası alan Elnur Yusubov apelyasiya şikayəti verib. AXCP Rəyasət Heyətinin üzvü, Qarabağa dəstək yürüşünə görə barəsində üç maddə ilə cinayət işi başlanan Bəxtiyar İmanovun vəkili isə onun ev dustaqlığına buraxılması üçün vəsatət verib.

E.Yusubovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədov baxıb. 

O bildirib ki, Xətai Rayon Məhkəməsinin 28 iyulda çıxardığı qərarda karantin rejimi qaydalarını pozması barədə yazılanlar yalandır. Onun həbsi Qarabağ yürüşündən sonra AXCP üzvlərinə qarşı repressiyaların tərkib hissəsidir.

"Mən heç bir qanun pozuntusuna yol verməmişəm. Yolda getdiyim yerdə maşının qarşısını kəsib, tutub aparıblar. İki gün saxlayandan sonra məhkəməyə çıxarıb, saxta ittihamla 30 günlük həbs qərarı çıxarıblar. Özüm həkiməm. Əvvəlcə cəbhəçi olduğuma görə işdən çıxardılar. İndi də siyasi baxışlarıma görə həbs olunmuşam. Mən ölkəmizin, balalarımızın gələcəyi üçün mübarizə aparıram. Qarabağ yürüşünə qatılmağımın səbəbi də ölkəmi sevməyimdir”, - deyə E.Yusubov məhkəməsində bildirib.

Onun şikayəti təmin edilməyib. Onun həbsi ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək.

Bəxtiyar İmanovun ev dustaqlığına buraxılması barədə vəsatətə isə Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyilə baxılıb. Özü də məhkəmədə iştirak edib. O, 14 iyulda axşam evdə olduğunu, Qarabağ yürüşündə iştirak etmədiyini, həmin yürüşlə bağlı ona qarşı irəli sürülmüş ittihamların da yalan olduğunu vurğulayıb.

Vəkili də onun himayəsində azyaşlı uşaqlarını, özünün ziyalı olduğunu hakimin diqqətinə çatdıraraq, onun istintaq dövründə ev dustaqlığında saxlanmasını istəyib. Amma vəsatət rədd edilib.

B.İmanovun həbsindən bir aya yaxın vaxt keçir. O, ilk dəfə avqustun 13-də vəkili ilə təkbətək görüşə bilib. O, saxlanma şəraitindən narazı olmadığını, fiziki işgəncəyə məruz qalmadığını deyib.///Meydan.tv