Həbsdə olan I qrup əlil Famil Xəlilov aclıq aksiyasına başlayıb
16-08-2024 18:24 / Bu xəbər 537 dəfə oxundu
1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılan ictimai fəal, I qrup əlil Famil Xəlilov avqustun 15-dən aclığa başladığını elan edib.
Fəal qanunsuz həbsinə və fiziki imkanları məhdud olduğu üçün əziyyət çəkdiyinə görə etiraz etdiyini bildirib.
Bu barədə onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
Vəkilin sözlərinə görə, avqustun 15-də Famil Xəlilovun aclığa başlaması ilə bağlı rəsmi müraciəti təcridxana rəhbərliyinə təqdim edilib:
"Famil qidadan tam imtina edib, yalnız su qəbul edir. Onun vəziyyəti çox ağırdır, dözülməzdir. Özünə qulluq edə bilmir. Famil təcridxananın tibb-sanitar hissəsində saxlanılır, lakin orada ona qulluq edən otaq yoldaşları da yorulub. Ona baxa bilmirlər. Hesab edirik ki, Familin aclıq etməsi müvafiq orqanların Familin işinə humanitar qaydada baxması üçün hərəkətə başlanılmasıa səbəb ola bilər".
Famil Xəlilov iflic olduğundan hərəkət məhdudiyyəti var və ona baxan sosial işçi təyin edilməyib, bundan əvvəl ona dustaqlar qayğı göstərirmiş.
Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.
Mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
Fəalın həyat yoldaşı Kiçikxanım Xəlilova bildirir ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.
Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.
Amerikanın Səsi