Həbsdə olan keçmiş diplomat: “Həqiqəti deyən adamlardan qorxurlar”

Həbsdə olan keçmiş diplomat: “Həqiqəti deyən adamlardan qorxurlar”

26-11-2024 15:25 / Bu xəbər 44 dəfə oxundu

"Azərbaycan diktaturasının ölkəni Rusiyanın əsarətinə verməsinə qarşı mübarizəmə görə cəzalandırılmışam”

Keçmiş diplomat Emin İbrahimov haqqında həbs qətimkan tədbirinin uzadılması haqda bir həftə əvvəl Xətai Rayon Məhkəməsində çıxarılmış qərardan apelyasiya şikayəti verilmişdi. 

Şikayətə Bakı Apelyasiya Məhkəsində baxılıb.

Məhkəmədə müstəntiq şikayətin təmin olunmamasını istəyib.

Vəkil Aqil Layıc isə bildirib ki, əksinə, Emin İbrahimovun həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Onun sözlərinə görə, əgər hadisə yerində olan müşahidə kameralarına baxılsa, görünər ki, Emin İbrahimov heç kimi bıçaqlamayıb: "Emin İbrahimov cinayət törətməyib. Əksinə, təqsirsiz insanın həbsdə saxlanması cinayətdir”.

Emin İbrahimov özü də şərlənərək həbs edildiyini deyib. 

O bildirib ki, Rusiya imperializminin Azərbaycanı əsarətdə saxlamasına qarşı mübarizə aparırdı. Azərbaycan hakimiyyətinin də ölkəni Rusiyanın əsarətinə verməsinə qarşı çıxırdı. Bunu tənqid edirdi. Elə bu mübarizəsinə görə də şərlənərək həbs edilib: "Bu iş başdan-ayağa uydurmadır. Azərbaycanda aparılan repressiyaların tərkib hissəsidir. Mənim həbsim, bu şər ilk növbədə Azərbaycan diktaturasının və onun şəriki olan Rusiya imperiyasının maraqlarına xidmət edir. Azərbaycandakı diktatura və Rusiya imperializmi – bunlar əlbirdir, bir işləyirlər. Bunların maraqları da regionda demokratiyanın bütün cücərtilərini məhv eləmək, burada diktaturanı sementləməkdir. Azərbaycanda ədalətsiz rejimi bərkitmək, xalqı kölə saxlamaqdır. Bu gün Azərbaycan avtoritarizmi və diktaturası rus imperializminin Qafqazdakı əsas sütunudur. Bu korrupsiyalaşmış diktaturanın əsas dəstəkçisi də Rusiyadır. Bu siyasəti ört-basdır eləmək, "uğurlu xarici siyasət görüntüsü” yaratmaq üçün trol ordusu saxlayırlar. Kimsə həqiqəti deyəndə də bunu təhdid görürlər, qorxurlar. Həqiqətdən, həqiqəti deyən adamlardan qorxurlar. Onları repressiyaya məruz qoyurlar. Halbuki, o adamlar həqiqətə işıq tuturlar”.

Keçmiş diplomat əlavə edib ki, məhkəmədən də ədalətli qərar gözləmir. Çünki onları da diktatura rejiminin alətləri sayır.

"Sizi də öz əməllərinə alət edirlər”, – hakimlərə belə deyib.

Emin İbrahimovun apelyasiya şikayəti təmin edilməyib, onun haqqında həbs qətimkan tədbirinin daha iki ay uzadılması barədə Xətai Rayon Məhkəməsinin 19 noyabr tarixli qərarı qüvvədə saxlanılıb.

1981-ci il təvəllüdlü Emin İbrahimov Azərbaycanın ABŞ-dəki səfirliyində çalışıb, daha sonra Uruqvaydakı diplomatik missiyada müvəqqəti işlər vəkili olub. O, bir müddət səfiri əvəz edib. 

2020-ci ildə öz ərizəsi ilə Azərbaycanda seçkilərin saxtalaşdırılmasına, insan haqlarının pozulmasına etiraz olaraq, diplomatik xidmətdən istefa verib. 

Onun Xarici İşlər naziri Elmar Məmmədyarovun adına yazdığı həmin ərizə də sosial şəbəkələrdə yayılıb.

Emin İbrahimov iyulun 22-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən ağız zərər vurma) və 221.1-cı (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Keçmiş diplomat bildirib ki, iyulun 22-də "Xalqlar dostluğu” metrostansiyasının yaxınlığında mənzilinin təmiri ilə əlaqədar evinə gedəndə bir nəfər qəfildən onun üstünə gəlib və paltarlarını cırmağa başlayıb. 

Bundan dərhal sonra o yerdə mülki geyimli polislər peyda olub və onu saxlayıb, Nizami rayonu, 24-cü polis bölməsinə aparıblar. 

Orada iddia olunub ki, Emin İbrahimov Kamal Şükürov adlı şəxsi bıçaqlayıb.

Azərbaycanda son illərdə bir sıra fəallar bıçaqla kiməsə xəsarət yetirməkdə təqsirləndirilərək həbs olunsalar da, onlar ittihamı qəbul etmirlər. 

Deyirlər ki, bıçaqlandığı iddia olunan şəxslərə nəinki xəsarət yetirmək, hətta toxunmayıblar. Onlar əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.

Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş, ölkəyə qayıdandan az sonra həbs olunmuş Samir Aşurov, işçilərin hüquqlarının müdafiəsilə məşğul olan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.

Onlar tələb ediblər ki, hadisənin baş verdiyi iddia olunan ərazidəki kameraların görüntülərinə baxılsın, lakin bu işlərin heç birində kamera görüntülərinə baxılmayıb.