Həbsdə olan Qarabağ qazisi aclıq aksiyasına başlayıb

Həbsdə olan Qarabağ qazisi aclıq aksiyasına başlayıb

30-05-2019 21:48 / Bu xəbər 859 dəfə oxundu

Əli Kərimli: "Babək Həsənov dindar fəal Əhsən Nuruzadənin onunla ünsiyyətə görə "karsa" salınmasına, özünə qarşı çirkin təcridetmə siyasətinə etiraz olaraq aclıq edir"

AXCP-nin Nərimanov rayon şöbəsinin həbsdə olan sədri Babək Həsənov aclıq aksiyasına başlayıb. Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib. Bildirilir ki, B.Həsənov 15 gündür 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Müəssisəyə gələndən bəri rəhbərliyin göstərişilə ona problemlər yaradılır, müxtəlif yollarla təzyiq göstərilir. O da həm özünə, həm də onunla ünsiyyət saxlayan başqa məhbuslara qarşı təzyiqlərə etiraz olaraq, aclıq aksiyasına başlayıb.

"Babək bəyin 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsindən sonra ona qarşı necə antiinsani davrandıqlarını bilirsiniz. Babək bəyin müdafiəsi ilə bağlı ictimai kampaniyadan sonra hazırda ona qarşı birbaşa təzyiqlər dayandırılıb. Ancaq rəhbərliyin göstərişilə bu dəfə başqa bir çirkin kampaniya başladılıb. Babək bəyi tam təcrid vəziyyətində saxlamaq üçün məhbuslara təzyiq edilir. Hətta "Müsəlman Birliyi” Hərəkatının funksioneri, siyasi məhbus Əhsən Nuruzadə rəhbərliyin bu qadağasını pozub Babək bəylə əlaqə saxladığına görə "karsa” salınıb. Əhsən bəyi belə sərt cəzalandırıblar ki, başqa məhbuslar da qorxudan Babək bəylə ünsiyyətdən imtina etsinlər.

Hazırda Əhsən bəy "karsda”dır. Babək bəy isə Əhsən bəyin "karsa" salınmasına və özünə qarşı aparılan çirkin təcridetmə siyasətinə etiraz olaraq aclıq elan edib”, - AXCP sədri Əli Kərimli "Facebook” səhifəsində belə yazıb.

B.Həsənovun qardaşı Cavid Həsənli də Meydan TV-yə onun aclıq aksiyası keçirdiyini təsdiqləyib. Qardaşının dediyinə görə, B.Həsənov mayın 29-da səhər tezdən ailə üzvləri ilə telefonla danışarkən aclığa başlayacağını, müəssisə rəhbərliyinə bu barədə ərizə təqdim edəcəyini deyib: "Ondan sonra əlaqəmiz olmayıb, ona görə də durumundan xəbərimiz yoxdur. 6 saylı cəzaçəkmə müəssisəsi ciddi rejimli deyil, orada saxlanılan məhbusla ayda iki dəfə görüşmək olur. Ombudsman Aparatının nümayəndələri Babək Həsənovla görüşdən sonra demişdi ki, sovqatı həftədə bir dəfə də aparmaq olar. Ona görə biz də telefon zəngindən sonra yemək aparmışdıq ki, qapıdan verək. Ancaq götürmədilər. Bu gün də evə zəng eləməyib ki, vəziyyətdən xəbərimiz olsun”.

C.Həsənlinin sözlərinə görə, cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudov qardaşıyla ədavət aparır. Onların münasibətinin kökü isə 7 il əvvələ gedib çıxır: "6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudov vaxtilə 16 saylı cəzaçəkmə müəssisəsinin rəisi olub. O vaxtdan da Babək Həsənova qarşı qərəzi var. Babək Həsənov 2011-ci ilin 2 aprel mitinqinə görə ona verilmiş 1 il 6 aylıq həbs cəzasını o vaxt 16 saylı cəzaçəkmə müəssisəsində çəkirdi. O müəssisədə gördüyü qanunsuzluqlar haqda mətbuata məlumat verdiyinə görə həmin vaxt rəis onu və daha bir neçə cəbhəçini cəzalandırmışdı. Cəza da onların Qızıldaşdakı 14 saylı müəssisəyə köçürülməsi olmuşdu. O vaxtdan yaranan qərəzini indi də göstərir. Yoxsa niyə başqa məhbuslara Babək Həsənovla danışmaq qadağan edilsin? Qardaşımın bildirdiyinə görə, Əhsən Nuruzadəni məhz ona görə cəzalandırıblar. Təbii ki, bu da ona pis təsir eləyib, ona görə aclıq etmək qərarına gəlib”.

M.Mahmudovun Baş nazirin müavini Abid Şərifovun kürəkəni olduğu bildirilir.

Penitensiar Xidmət isə Qarabağ qazisi B.Həsənovun aclıq etməsi, onun təcrid olunması, başqa məhbuslara onunla ünsiyyətin qadağan edilməsi barədə deyilənləri təkzib edir. Bu qurumdan bildirilib ki, hazırda Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə heç bir məhbus aclıq eləmir. Bütün məhbuslara qarşı da eyni qaydada – qanunvericiliyin tələblərinə uyğun davranılır.

B.Həsənov 2018-ci il mayın 25-də Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin AXCP-yə maliyyə yardımı göndərməsilə bağlı cinayət işilə əlaqədar həbs olunub.

Rusiya vətəndaşı olan və ötən il mayın əvvəlində Azərbaycana gələn S.Rüstəmli mayın 8-də narkotik ittihamıyla həbs olunub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla həbs edilib. Mayın 25-də isə AXCP üzvləri Aqil Məhərrəmli, Babək Həsənov və Rüslan Nəsirli həbs edilib. Həm S.Rüstəmligilə, həm də cəbhəçilərə qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması ittihamları verilib. İddia olunur ki, S.Rüstəmlİ Rusiyadan AXCP-yə 712 min manat pul göndərib.

Adları çəkilən şəxslərin heç biri özünü təqsirli bilmir. S.Rüstəmli bildirib ki, AXCP üzvü olub, 1998-ci ildən ailəsilə Rusiyaya köçərək, kiçik bizneslə məşğul olub. Son iki-üç ildə qazancından Azərbaycanda siyasi məhbus ailələrinə yardım edib. Onun sözlərinə görə, indiyədək göndərdiyi ümumi məbləğ 10 min dollardan çox olmaz.

Bu həbslərdən sonra AXCP sədri Əli Kərimli də bənzər açıqlama verərək bildirib ki, S.Rüstəmli ilə uzun illərdir dostdur. Onun sözlərinə görə, S.Rüstəmli 500-1000 dollar olmaqla, bir neçə dəfə yardım göstərib: "Ümumi məbləğ təxminən 5-6 min dollar olar".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə S.Rüstəmli 7 il 3 ay, A.Məhərrəmli 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirliyə isə şərti cəza verilib.

S.Rüstəmlinin bacı və qardaşlarına, onların övladlarına məxsus xeyli əmlak müsadirə olunub.
 
meydan.tv