Həbsdə olan xidmət rəisi: “İdarə rəisləri pulu siyahı üzrə gətirib mənə verirdilər”
25-12-2024 01:56 / Bu xəbər 79 dəfə oxundu
O, hər rübdə 10 min manat paket aldığını deyib
Əvvəllər Naxçıvan Şəhər Polis İdarəsinin rəisi, 2020-ci ildən isə Muxtar Respublikanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri vəzifəsində çalışmış Mirzə Cəlilov bu ilin fevralından həbsdədir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikasında keçirdiyi əməliyyatlar zamanı həbs edilənlərdən biri də Mirzə Cəlilov olmuşdu.
Ona qarşı təkrar və külli miqdarda rüşvət alma ittihamları irəli sürülüb.
O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi işlədiyi dövrdə müxtəlif adamların hərbi xidmətdən ya birdəfəlik, ya da müəyyən müddətə saxlatdırılması üçün rüşvət almaqda ittiham olunur.
İttihama əsasən, Mirzə Cəlilov ümumilikdə 2 milyon yarıma yaxın rüşvət alıb.
Bu məbləğ təxminən 1150 nəfərdən alınmış ümumi məbləğ hesabına formalaşıb.
Polkovnik Mirzə Cəlilovun işi üzrə istintaq yekunlaşıb.
Onun işinə hazırda Naxçıvan Hərbi Məhkəməsində baxılır.
Məhkəmədə ifadə verən Mirzə Cəlilov rüşvət alma ittihamını qəbul etməyib.
O bildirib ki, kiminsə hərbi xidmətə yararlı və ya yararsız olması barədə rəyi həkimlər, tibbi komissiya verirdi.
O, maaşdan əlavə pul aldığını etiraf edib, lakin ittihamda yazıldığı kimi olmadığını bildirib.
"Hər rübün sonunda idarə rəisləri siyahı üzrə gətirib mənə verirdilər. Bunun 10 faizi idarə rəislərinin özlərinə qayıdırdı. Qalanı mənə də çatmırdı. Mənə rübdə 10 min manat paket verilib”, – Mirzə Cəlilov dekabrın 23-də keçirilən məhkəmə prosesində ifadəsində bildirib.
Məhkəmə prosesi davam edir.