Həbsdəki icra başçısı: “Bəs sən niyə 40 min pulun 15 minini yol xərci adıyla götürdün?”

Həbsdəki icra başçısı: “Bəs sən niyə 40 min pulun 15 minini yol xərci adıyla götürdün?”

01-02-2023 10:48 / Bu xəbər 792 dəfə oxundu

İcra nümayəndəsi icra başçısının qərarı ilə imza atdığını deyir

Şəmkir rayonunun keçmiş icra başçısı, iki ilə yaxındır həbsdə olan Alimpaşa Məmmədovun məhkəməsi davam edir. 

Onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. 

Bu işi araşdıran hakim Nural Əliyev Gəncə Apelyasiya Məhkəməsinə göndəriləndən sonra sabiq işra başçısının mühakiməsi Elmin Rüstəmovun sədrlik etdiyi hakimlər kollegiyasına həvalə olunub.

Yanvarın 31-də keçirilən məhkəmə iclasında ümumilikdə 13 şahid dindirilib ki, onlar da əsasən bağça müdirləri, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müxtəlif kəndlər, ərazi dairələri üzrə icra nümayəndələri vəzifəsində çalışmış şəxslər olub.

Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Pərviz İbrahimov bildirib ki, işlədiyi dövrdə Şəmkirdəki 6 saylı uşaq bağçasına 1587 manatlıq 30 kub yanacaq verilməsi barədə qaiməyə qol çəksə də, həmin yanacaq əslində, təhvil verilməyib. 

O iddia edib ki, qaiməni Alimpaşa Məmmədovun tapşırığı ilə imzalayıb.

"Mənə demişdilər ki, sən öz işinlə məşğul ol, heç nəyə qarışma. Bütün bağçalara mal-materialları eyni şirkət verirdi. Həmin şirkət tenderi udmuşdu. İcra başçısı və müavinlər demişdi ki, bu şirkətlə işləmək lazımdır. Başqa şirkəti seçməyə ixtiyarım yox idi. Tender formal idi. Azər Kərimov ("XXI əsr” şirkətinin rəhbəri) nə sənəd gətirirdisə, biz və bağçalar imzalamalıydıq. İşçiləri kurslara göndərmək üçün 8 min pul ayrılmışdı. Həmin pul nağdlaşdırıldı, barama üçün kümxana tikildi”, – Pərviz İbrahimov məhkəmədə danışıb.

Sabiq icra başçısı da onun dediklərini təsdiqləyib.

Bu iş üzrə məhkəmə iclaslarında dindirilən şahidlər Şəmkirdə əhalinin siyahıya alınması prosesində pul yığılması və toplanan vəsaitlərin rayonun Statistika şöbəsinin sabiq müdiri Pərvin Gözəlova verilməsindən danışıblar. 

Adıçəkilən şəxs də yanvarın 31-də məhkəmədə ifadə verib. O bildirib ki, əhalinin siyahıya alınması zamanı icra nümayəndələri, bağça müdirləri və digər işçilərdən ümumilikdə 40 min manat pul toplanıb. 

Həmin pul da icra başçısının müavini Qüdrət Əliyev vasitəsilə Alimpaşa Məmmədova çatdırılıb: "İcra başçısının müavini Qüdrət Əliyev dedi ki, rayonda görülən işlərə vəsait lazımdı. Ona görə də ödənilən pullar yığılmalıdır. İcra nümayəndələri, bağça müdirləri, Pərviz İbrahimov və başqaları pulu gətirib mənə verirdilər. Mən də təxminən 40 min manat pulu yığıb Qüdrət Əliyevə verdim.  Kimdən nə qədər alınacağına mən qərar vermirdim. Şəmkir Rayon İcra Hakimiyyətindən mənə siyahı verilmişdi, orada göstərilmişdi”.

Sabiq icra başçısı isə deyir ki, o 40 min manatın 15 min manatı Pərvin Gözəlova qaytarılıb: "Pərvin Gözəlov, niyə siyahıyaalma məsələsində bizim rayon son yerdə idi? Sən niyə 40 minin 15 minini yol xərci adı ilə geri almısan?”

İlyarım Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində çalışmış Elşən Quliyev bağçaların təminatı üçün ayrılan vəsaitlərin yeyintisi haqda danışıb. O, bağçalara ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi haqda Alimpaşa Məmmədovun heç bir göstəriş vermədiyini deyəndə prokuror istintaqdakı ifadəsini onun yadına salıb, düzgün danışmağı tələb edib.

"Mənə yaxşılıq eləmək istəyirsən, anlayıram. De ki, mən tapşırıq vermişəm, ifadəni də təsdiqləyirsən, qurtarsın getsin…”, – sabiq icra başçısı belə deyib.

Şəmkirdəki 3 saylı uşaq bağçasının müdiri olmuş Gülçin Muradova deyir ki, şəhərin icra nümayəndəsi Pərviz İbrahimov ona Alimpaşa Məmmədovun 5000 manat pul tələbini çatdırıb: "Pərviz İbrahimov dedi ki, Alimpaşa Məmmədovun tələbidir, ya 5000 pul verməliyəm, ya da işdən çıxacam. Bir ay sonra işdən azad olundum”.

Təqsirləndirilən sabiq icra başçısı isə bildirib ki, bu haqda şahidin dedikləri yalandır. Alimpaşa Məmmədovun sözlərinə görə, o, başqa səbəbdən işdən azad edilib.

Keçmiş icra başçısının məhkəməsi davam edir.

2014-2021-ci illərdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olmuş Alimpaşa Məmmədov 2021-ci il aprelin 29-da Şəmkirdə icra hakimiyyətinin binasında DTX keçirdiyi əməliyyat nəticəsində həbs edilib. 

O, icra başçısı vəzifəsindən öncə 3 il Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

Alimpaşa Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1 (cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Onun həbsindən sonra özünün və yaxınlarının 10 milyondan çox dəyərdə əmlakı üzərinə həbs qoyulub. 

Onların arasında "Abad Şəmkir” MMC – qida məhsulları istehsal zavodu, "Az Farel” MMC – balıq yetişdirmə və emalı  müəssisəsi və Bakıda mənzillər də var.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib. 

Həbs edilən icra başçılarının sonuncusu Alimpaşa Məmmədov olub.(Meydan TV)