Həkim diaqnoz qoydu: "Yıxılan uşaq Azərbaycan xalqıdır"
04-01-2024 23:12 / Bu xəbər 1276 dəfə oxundu
"Gəlməyən təcili tibbi yardım isə Azərbaycan səhiyyəsidir"
"Abşeron rayonu Masazır qəsəbəsində 15 yaşlı uşaq 2-ci mərtəbədən yıxılaraq yerə düşüb, ağır dərəcəli bədən xəsarəti alıb, çoxsaylı sınıqları, travmaları olub. Hadisə yerinə çağırılan təcili tibbi yardım heyəti 1,5 saat ərzində xəsarət alana çatmayıb, valideynləri məcbur qalaraq özləri uşağı xəstəxanaya aparıblar, uşaq çox miqdarda qan itirib, hazırda vəziyyəti ağırdır".
Həkim, tibb üzrə ekspert Aydın Əliyev sosial şəbəkə hesabında belə yazıb.
"Biz deyirik, ancaq gözardı edilir, bunun sonu yaxşı olmayacaq!"
"O yıxılan uşaq Azərbaycan xalqı, gəlməyən təcili tibbi yardım isə Azərbaycan səhiyyəsidir. Biz dəfələrlə ölkədəki tibbi xidmətin düzgün təşkil edilmədiyini işıqlandıranda bəziləri bizi qınayır. İndi baxın və qiymət verin, o yıxılan uşaq hər birimizin övladı ola bilər", - Aydın Əliyev qeyd edib.
Onun sözlərinə görə, həkimlərin, tibb işçilərinin fəaliyyətinə düzgün qiymət verilmədikcə belə halların sayı artacaq: "Əhalinin sağlamlığına cavabdeh olan tibb məmurları tibb işçilərinə dəyər vermədikcə tibbi böhran dərinləşəcək. Yalandan bir neçə örnək klinika və örnək həkim göstərməklə bu problem həll olmayacaq. Ölkədə açıq-aşkar getdikcə dərinləşən tibbi böhran var, gənc həkimlərin xarici ölkələrə beyin axını sürətlənir, yuxarı rang tibb məmurları isə komfort həyat sürür. Biz deyirik, ancaq gözardı edilir, bunun sonu yaxşı olmayacaq!"
Yanvarın 3-də Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli 49 ünvanda yaşayan azyaşlı Ayan Aslanova binanın II mərtəbəsindən yıxılıb.
Qonşular dərhal Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına zəng etsələr də, gələn olmayıb.
Bu barədə yazar Nərmin Hüseynzadə məlumat yayıb. O, hadisənin şahidi olduğunu qeyd edib.
Nərmin Hüseynzadə qeyd edib ki, azyaşlı hazırda 1 saylı şəhər Xəstəxanasının ("Semaşko") reanimasiya şöbəsində yatır: "Reanimasiyadadır. Hələ əməliyyata da ala bilmirlər. Hemoqlobini də çox aşağıdır. Bu arada "Semaşko”da müalicə alır, 1+ qana ehtiyac var".
TƏBİB yanvarın 4-də hadisəyə reaksiya verib.
Qurumun yaydığı açıqlamada bildirilir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Fizuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır.
Məlumatı yayan yazar Nərmin Hüseynzadənin həyat yoldaşı Şəhriyar Sarıca isə yazıb ki, aidiyyəti qurumlar məlumatın sosial şəbəkədən silinməsini tələb ediblər.