Həkim ömrü

Həkim ömrü

21-06-2021 13:06 / Bu xəbər 1189 dəfə oxundu

Vətənimizin dilbər guşələrindən biri olan Lerikdə dağlar kimi vüqarlı ömür sürən bir insan var. İnsan sözünü ona görə vurğuladım ki, hər hansı sənət,peşə sahibi olmaqdan öncə, əsl insan kimi yetişmək hər kəsə nəsib olmur...

Haqqında bəhs etdiyim Vəlixan Böyükxan oğlu Bədəlov saf ürəkli vətən övladı kimi bu adı qazanaraq hər kəsin sevimlisinə çevrilib. 

Bədəlov Vəlixan Böyükxan oğlu tibb sahəsində göstərdiyi yorulmaz fəaliyyətinə görə 2021-ci il iyun ayının 18-də Respublika Prezidentinin sərəncamı ilə Əməkdar həkim adına layiq görülüb. 

Halal zəhməti, təmiz əqidəni həyat amalı seçən bu sədaqətli həkim şəfalı əllərilə hər kəsə sağlamlıq gətirir. Neçə-neçə körpə ürəkləri işıqlandıran, onlarla uşağı ölümün pəncəsindən xilas edib anaların ümid çırağını sönməyə qoymayan Vəlixan həkimin, əlbəttə, üzüağ, başıuca yaşamağa böyük haqqı var. Ömrünün 68-ci baharını yaşayan bu mətanətli insanın dağlar kimi uca başına qar yağıb. Hər dəfə bir insan ömrünə çıraq yandıranda öz ömür kitabı da vərəqlənir. Sevinir ki, ömrü hədər keçməyib, insanın,insanlığın keşiyində bir loğman kimi, bir əsgər kimi sədaqət və mətanətlə qulluq edib. Onu sorğu-suala tutanda: ”Mənim xoşbəxtliyim xəstələrimin sağalmasından asılıdır”, - deyir.

Ulu yaradan Vəlixan həkimə səmimi, sadə qəlb,böyük səbir, təmkin, dözüm, gözəl tale bəxş edib. Rəhbərlik etdiyi şöbədə həkim və işçiləri ilə mehriban, səmimi davranışları hər kəsi valeh edir. Ağır təbiətli Vəlixan həkimin dərin düşüncələri ilə fəaliyyəti üst-üstə düşür...

Vəlixan Böyükxan oğlu Bədəlov 1953-cü ildə Lerik şəhərində sadə zəhmət adamının ailəsində doğulub. 

Atası Böyükxan Sərhad oğlu Lerik şəhərində fəhlə işləmiş, halallıqla qazandığı çörəklə balalarını böyüdüb ərsəyə çatdırıb.

Lerikdə mötəbər nəsil kimi tanınan Bədəlovlara ətrafda yaşayanlar böyük hörmət bəsləmişlər. Böyükxan kişi də övladlarını tərbiyəli, əxlaqlı böyütmüş, el üçün yaxşı vətəndaş kimi yetişdirmişdir.

Vəlixan Bədəlov 1970-ci ildə Lerik orta məktəbini müvəffəqiyyətlə bitirir.Arzular onu Bakı şəhərinə gətirir.

O, Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsinə qəbul olunur. Yaxşı tələbə kimi müəllimlərin diqqətini cəlb edir. Burada o, tibbin sirlərini öyrənir,yaxşı pediatr kimi yetişir.  

1977-ci ildə Azərbaycan Tibb İnstitutunu yüksək səviyyədə bitirən məzun təyinatla Saatlı Rayon Uşaq Xəstəxanasına göndərilir. Burada o, həkim və şöbə müdiri vəzifələrini icra edir. Şəfalı əllər hər yerdə köməyə çatır.

1981-ci ildən Lerik Rayon Uşaq Xəstəxanasında pediatr işləyən gənc həkim böyük təcrübə qazanır. İşinə məhəbbətlə yanaşır. Hazırda işlədiyi tibb müəssisəsində pediatriya şöbəsinə başçılıq edir.

Ailəlidir, 3 övlad atasıdır. Övladlarını əsi vətəndaş kimi tərbiyə edib.

Onunla görüşəndə Günəş əzəmətli talış dağlarının üstündən qüruba doğru addımlayırdı. Vəlixan həkimin ürəyindəki ümid günəşi isə sabahlara dogru addımlayır, gələcək günlərə işıq vəd edirdi.

Biz də Vəlixan həkimi fəxri ad alması və Azərbaycan Səhiyyə İşçiləri Günü münasibətilə təbrik edir, uğurlar arzulayırıq...
           
Qədiməli Əhməd
Şair-publisist
AYB-nin üzvü

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.