Həkim səhhəti pisləşən Ruslan İzzətlini müayinə etməkdən imtina edib

Həkim səhhəti pisləşən Ruslan İzzətlini müayinə etməkdən imtina edib

23-09-2024 19:44 / Bu xəbər 655 dəfə oxundu

Ruslan İzzətli səhhəti pisləşib,təcili əməliyyat müayinəyə ehtiyacı yaranıb, amma təcridxananın Rəşad adlı baş həkimi onu müayinə etməkdən imtina edib.

Bu barədə həyat yoldaşı, jurnalist Günel Manaflı məlumat yayıb. 

O bildirib ki, Ruslan İzzətlinin ödündə problem olub, həbsdən öncə əməliyyat olunmalı imiş, indi də vəziyyət pisləşib: "Ruslan İzzətlinin ödünün xəstə olduğunu (əməliyyata ehtiyac var) bildirmişdim. Təcridxanada ağrıları olub. Müayinə olunmaq üçün təcridxananın baş həkimi Rəşad adlı həkimə müraciət edib. O isə qəbul etməyib. Gecələr təyziqi həddindən artıq yüksək olur. Tibb personalından təyziqini ölçməsini istəyib. Onlar isə cavabında: "Biz təyqizi ancaq öləndə gəlib ölçürük", - deyiblər. Çox güman ki, bu göstərişi də elə Rəşad adlı baş həkim verib".

Günel Manaflı deyib ki, öddəki fəsad Ruslan İzzətli üçün həyati təhlükə yaradıb. 

"Başa düşə bilmirəm, baş həkimin işi xəstə olan bir siyasi məhbusu müayinə etməkdir, yoxsa kreslosunda oturub boş-boş işlərlə məşğul olmaq? Bu şəxs kimdir ki, vəzifəsini icra etmir, ağrısı olan, ödü hər an "pristup" verə biləcək, həyati təhlükəsi olan bir adama: "Qəbul etmirəm, müayinə də etmirəm", - deyir. Ona bu ixtiyarı kim verib? Ruslan İzzətli ikinci Qarabağ müharibəsi veteranıdır. Onun gözü önündə əsgər yoldaşları həlak olub. Elə vaxt da olub ki, o bir yerdə oturub çörək yediyi əsgər yoldaşının hissələrə bölünmüş cəsədini toplayıb tabuta qoyub. Bunları görmüş adamın psixoloji vəziyyətini təsəvvür etmək, yəqin ki, çətin deyil. O evdə olarkən sakitləşdirici dərmanlar qəbul edirdi", - Günel Manaflı qeyd edib

Onun sözlərinə görə, Ruslan İzzətlinin tələbi Ombudsmanın, həmçinin Ədliyyə Nazriliyi Baş Tibb İdarəsindən gəlib onunla görüşmələri, onu müayinə etmələridir.

Jurnalist məsələ ilə bağlı Ombudsman Aparatı ilə əlaqə saxladığını və onlara durumla bağlı məlumat verdiyini də deyib. 

Ruslan İzzətli II Qarabağ müharibəsi qazisidir. 

O, 2023-cü ilin dekabrında yaradılmış III Respublika Platformasının Qurucu Heyətinin üzvüdür.

Ruslan İzzətli 2024-cü ilin martında "Toplum TV” işi ilə bağlı saxlanılıb. 

O, qaçaqmalçılıqda ittiham olunsa da, bu ittihamın saxta və böhtan olduğunu deyir, həbsini birbaşa siyasi fəaliyyəti ilə əlaqələndirir.