Həkimlər Navalnıdan aclığı dayandırmasını istəyir

Həkimlər Navalnıdan aclığı dayandırmasını istəyir

23-04-2021 15:52 / Bu xəbər 1877 dəfə oxundu

Aprelin 23-də rusiyalı müxalif siyasətçisi Aleksey Navalnının şəxsi həkimləri onun mülki xəstəxanada müayinə olunduğu barədə açıqlama veriblər.

"Radio Svoboda"nın xəbərinə görə, həkimlər onun müayinəsinin nəticələri barədə tibbi rəyi vəkilləri vasitəsilə əldə ediblər və aclıq aksiyasının sağlamlığı üçün təhlükəli olduğunu bildirərək ondan aksiyanı dayandırmağı xahiş ediblər. 

Müraciət müəlliflərinin sözlərinə görə, Navalnı aprelin 20-də müayinədən keçib. Onu neyrocərrah, Vladimir vilayətinin ştatdankənar baş nefroloqu və baş nevroloqu müayinə ediblər. Prosedur zamanı Navalnının həkimlərinin xahiş etdikləri müayinələr də aparılıb. 

"Bizim əsas vəzifəmiz pasiyentimizin həyat və sağlamlığını qorumaqdır”, - müraciətdə deyilir: "Əgər aclıq bundan sonra hətta azca müddət davam etsə, təəssüf ki, onu itirəcəyik”. 

Müraciət mətnini Navalnı ilə işləyən beş həkim imzalayıb.

Navalnı müstəqil həkimlərin yanına buraxılması tələbi ilə martın 31-dən aclıq aksiyası keçirir. O, daha əvvəl bel ağrılarından, ayaqlarının tutulmasından və müalicə olunmaq imkanının olmamasından şikayət edirdi. Federal Penitensiar Xidmət isə siyasətçiyə  onurğa yırtığı diaqnozu qoyulduğunu, bununla belə, onun zəruri yardımla təchiz edildiyini açıqlamışdı.

Aprelin 21-də Rusiya müxtəlif şəhərlərində Aleksey Navalnıya dəstək məqsədilə aksiyalar keçirilib. Aksiyalar zamanı 1500-dən çox adam saxlanılıb. 

Siyasətçi cümə axşamı "İnstaqram"da yerləşdirilən müraciətində mitinq iştirakçılarına təşəkkür edərək, onları Rusiyanın nicatı adlandırıb.