Həkimlər Saakaşvilinin məhkəməyə getməsinə icazə verməyiblər

Həkimlər Saakaşvilinin məhkəməyə getməsinə icazə verməyiblər

29-11-2022 14:25 / Bu xəbər 603 dəfə oxundu

Eks-prezidentin məhkəmədə çıxışı gözlənilirdi

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin məhkəməsi həkimlərin onun məhkəməyə getməsinə izin verməməsi səbəbindən təxirə salınıb.

Onlar Saakaşvilinin may ayından bəri müalicə aldığı klinikanın həkimləridir.

Onun Tbilisi Şəhər Məhkəməsinin binasına aparılmasını tövsiyə etməyiblər.

Mixail Saakaşvili ötən il sərhədi qanunsuz keçmək ittihamı ilə ona qarşı açılan məhkəmədə iştirak etmək istədiyini bildirmişdi.

Onun məhkəmədə çıxış edəcəyi gözlənilirdi.

Hakim Nino Çaxnaşvili həkimlərin tövsiyəsini aldıqdan sonra prosesin növbəti dəfə təxirə salınması barədə qərar qəbul verib.

Bu ilin əvvəlində iki ayrı aclıq aksiyası keçirən 54 yaşlı Mixail Saakaşvili səhhətinə görə məhkəməyə gələ bilmədiyi üçün məhkəmə iclasları dəfələrlə ləğv edilib və ya təxirə salınıb.

2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakaşvili ana müxalifət olan Vahid Milli Hərəkat (VHM) Partiyasının yaradıcısıdır.

VHM hesab edir ki, hakimiyyət Saakaşvilinin səhhəti ilə bağlı vəziyyəti gizlətməyə çalışır.

Hakim "Gürcü Arzusu” partiyasının nümayəndələri bununla razılaşmırlar və Saakaşvilinin ictimaiyyət qarşısında çıxışının ancaq reklam xarakteri daşıyacağını deyirlər.

Vəkillərindən biri Şavla Xaçapuridzenin sözlərinə görə, müstəqil hərəkət edə bilməyən Saakaşvili məhkəməyə xüsusi əlil arabası ilə gəlməyə qərar verib.

O, vəziyyətinin "ağır” olduğunu müdafiə qrupuna telefonla məlumat verib.

Eks-prezidentin vəkilləri Şalva Xaçapuridze və Valeri Gelbaxiani jurnalistlərə açıqlamalarında Saakaşvilinin qanında ölümcül zəhər – mərgümüş aşkar olunduğunu bildiriblər.

Bundan əvvəl isə demişdilər ki, onun qanında ağır metallar, o cümlədən civə aşkarlanıb.

Vəkillər əmindirlər ki, Saakaşvilinin həyatına sui-qəsd edilib və onun xilas edilməsinin yeganə yolu Avropa klinikalarından birinə köçürülməsidir.

VHM sədri Nika Melia deyib ki, Saakaşvili məhkəməyə gəlsəydi, onun səhhətinin pisləşməsi barədə danışan bir neçə xarici ekspertin qənaətini və ona baş çəkmiş insanların vəziyyətinin pisləşməsi ilə bağlı fikirlərini təsdiq edərdi.

Nika Melia onun vəziyyətinin həbsxanadan "Vivamed” klinikasına köçürüldükdən sonra kəskin şəkildə pisləşdiyini də söyləyib.

Bildirib ki, hakimiyyət bunun ictimaiyyətə açıqlanmasını istəmir, çünki bu, Saakaşvili və onun müdafiəçilərinin onun vəziyyətini şişirtməsi ilə bağlı mediada yayılan "təbliğat”la ziddiyyət təşkil edər.

Saakaşvili 2018-ci ilin yanvarında qiyabi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Həmin ilin sonunda o, yenidən vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum olunub.

O, 2021-ci il oktyabrın 1-də yerli seçkilər ərəfəsində mitinqlərə qatılmaq üçün ölkəyə qayıtdıqdan sonra həbs edilib.

Saakaşvili və tərəfdarları onun bütün təqiblərinin siyasi motivli olduğunu deyirlər.

Gürcüstanda 2020-ci ildə keçirilən parlament seçkilərindən sonra "Gürcü arzusu” ilə müxalifət arasında gərginlik artıb.

Həkimlərin fikrincə, ağır posttravmatik stress və aclıq aksiyalarından sonra yaranmış iştahsızlıqdan əziyyət çəkən Saakaşvilinin həbsi böhranı daha da dərinləşdirib.(Meydan TV)