Həlak olan hərbçilərə şəhid statusu veriləcək

Həlak olan hərbçilərə şəhid statusu veriləcək

04-01-2024 21:57 / Bu xəbər 773 dəfə oxundu

Bu gün Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində Azərbaycanın iki hərbçisi həlak olub.
 
Məlumatı Müdafiə Nazirliyi (MN) yayıb. 

Nazirlik bildirib ki, çətin relyefli dağlıq ərazisində hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.

Faktla bağlı araşdırmaların aparıldığı bildirilir. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov da məlumatı təsdiqləyib.

O bildirib ki, həlak olan hərbçilərə şəhidlik statusu veriləcək. 

Onun sözlərinə görə, şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir.

Qeyd olunub ki, bu gün həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova xidmət vaxtı həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək.