Helikopter qəzasında həlak olan zabitlər dəfn olundular

Helikopter qəzasında həlak olan zabitlər dəfn olundular

01-12-2021 15:48 / Bu xəbər 3077 dəfə oxundu

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində həlak olanlar dəfn olunub.

Onların cənazələri II Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə həlak olanların ailə üzvləri, yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. 

Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən "qara qutu"nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.

Qəza nəticəsində həlak olanların adları:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11, kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.