Həmkarlar İttifaqı fəalı Penitensiar Xidmətin hospitalından şikayət edir: müalicəsindən imtina ediblər

Həmkarlar İttifaqı fəalı Penitensiar Xidmətin hospitalından şikayət edir: müalicəsindən imtina ediblər

16-10-2024 15:51 / Bu xəbər 557 dəfə oxundu

"İşçi Masası" müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının üzvü, həbsdə olan Elvin Mustafayev Penitensiar Xidmətin hospitalında müalicə olunmasından təkrar imtina edilməsindən şikayət edib. 

Bu barədə "İş masası"  Həmkarlar İttifaqları Konfederasiyasının məlumatında deyilir.

Mustafayev sentyabrın 20-dən 28-dək həbsxananın hospitalında olub, lakin müayinə və müalicə olunmadan koloniyaya qaytarılıb və orada etiraz əlaməti olaraq aclığa başlayıb.

Oktyabrın 3-də hospitala qayıtdıqdan sonra aclığı dayandırıb, ancaq hospitalda onu beş gün saxlayıblar və müalicə etmədən yenidən koloniyaya qaytarıblar.

Bundan əlavə, hospitalda Mustafayevi evə zəng etmək və yaxınları ilə görüşmək imkanlarından məhrum ediblər. 

Buna görə etiraz etdikdə, onu qandallayıblar, məhbuslar üçün avtomobilə sürüyərək 13 saylı koloniyaya aparıblar, fəalın tərəfdaşları bildiriblər.

Mustafayev hələ də başında və onurğasında şiddətli ağrılardan şikayətlənir.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

***

Elvin Mustafayev 4 avqust 2023-cü ildə saxlanılıb və narkotik maddə alverində ittiham olunub. 

Mustafayev ittihamları rədd edərək bildirib ki, narkotik maddəni onun üzərinə qoyublar. Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib. 

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. 

Həbsin əsl səbəbi kimi Elvin Mustafayevin xidmət sahəsi işçilərinin hüquqları uğrunda mübarizəsi göstərilir.