Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”
18-04-2024 16:39 / Bu xəbər 697 dəfə oxundu
Liz Kristoffersen deyir ki, Bakı öhdəlikləri yerinə yetirməlidir
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir.
Bu barədə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen "Turan”a müsahibəsində deyib.
Liz Kristoffersen Azərbaycanı qurumda görmək istədiklərini gizlətməyib: "Biz Azərbaycanı Assambleyada görmək istəyirik, amma bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir”.
O, güzəştlərin nədən ibarət olması ilə bağlı suala belə cavab verib: "Azərbaycan hakimiyyəti Assambleya ilə əməkdaşlıq etməli, həmməruzəçilərin ölkədə sərbəst fəaliyyətinə, o cümlədən həbsxanaları ziyarət etmələrinə şərait yaratmalıdır. Azərbaycan həmçinin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirməlidir”.
Monitorinq Komitəsinin həmməruzəçiləri 2023-cü ilin 3-7 iyun tarixlərində Azərbaycanda səfərdə olarkən onlara həbsxanalarda siyasi məhbuslara baş çəkmək icazəsi verilməmişdi.
Liz Kristoffersen.
Foto: "Turan”
Liz Kristoffersenin sözlərinə görə, Azərbaycanın Ədliyyə naziri onlara növbəti səfərləri zamanı həbsxanaları ziyarət etməyə şərait yaradılacağını bildirsə də, ötən ilin 20-21 noyabrında baş tutan növbəti səfərdə yenidən icazə verilməyib.
Bu gün həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) almaniyalı deputatı, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi barədə qərarın təşəbbüskarlarından olan Frank Şvabe də bildirib ki, Bakı səsvermə hüququnun qaytarılmaması üçün hər şeyi edir.
O da qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun qaytarılması Avropa Şurasının tələblərinin yerinə yetirildiyi halda mümkündür.
Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.
Azərbaycanın Avropa ilə əlaqələri nə vaxtdan başlayır?
Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.
Həmin il yanvarın 24-də Azərbaycan parlamenti "xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.
1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.
1996-cı il iyulun 13-də isə Azərbaycan Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.
1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də "Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.
2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.
Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında "Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.
Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.