Henri Kissincer: koronavirus dünya nizamını əbədi dəyişdirəcək

Henri Kissincer: koronavirus dünya nizamını əbədi dəyişdirəcək

13-04-2020 14:26 / Bu xəbər 1389 dəfə oxundu

ABŞ-ın keçmiş dövlət katibi, qəddar praqmatist kimi tanınan Henri Kissincer hakimiyyətə koronavirusdan sonra dünyanı düşünmək, antivirus potensialı ilə digər ölkələrlə bölüşmək və yoxsullara kömək etmək kimi tövsiyələr verib.

Arqument.Az xarici KİV-ə istinadən həmin yazını təqdim edir: 

"Covid-19 pandemiyasının sürrealist atmosferi II Dünya Müharibəsi illərində 84-cü piyada diviziyasında bir gənc kimi yaşadığım təəssüratları xatırladır. 

İndi 1944-cü ilin sonunda olduğu kimi, tək bir şəxsi deyil, hər kəsi təhdid edən və hamıya dəhşətli ziyan vuran bir gizli təhlükə ilə üz-üzəyik. Ancaq o dövrlə indiki arasında böyük fərq var. O zaman milli ideya varlığında ABŞ-ın müqavimət gücü daha böyük idi.

İndi bölünmüş bir ölkədə yaşayırıq və qlobal, görünməmiş miqyasda olan təhlükələri aradan qaldırmaq üçün uzaqgörən və effektiv bir hökumətə ehtiyacımız var. İctimai həmrəylik üçün ictimai etimadı qorumalıyıq. Bu, cəmiyyətlər arasında yaxşı münasibətləri qorumaq və eyni zamanda dünyada sülh və sabitlik üçün lazımdır.

Vətəndaşlar səlahiyyətli qurumlarının (institutlarının) fəlakəti qabaqcadan görə biləcəyini, bunun öhdəsindən gələcəyini və sonradan sabitliyi bərpa edə biləcəyinə inamı əsasında yaşayır və çiçəklənirlər. Covid-19 pandemiyası başa çatdıqdan sonra bir çox ölkələrdə həmin qurumlara hökm oxunacaq: "Siz bacarmadınız".
 
Bu hökmün nə qədər ədalətli olmasının artıq əhəmiyyəti yoxdur. Əsas odur ki, dünya heç vaxt koronavirusdan əvvəlki kimi olmayacaq. Keçmişlə bağlı mübahisələr bu gün faydasızdır - bunlar yalnız gələcəkdə edilməli olan işləri görməyimizə mane olur.

Koronavirus görünməmiş bir güclə vurdu bizləri. ABŞ-da infeksiyaların sayı hər beş gündə iki dəfə artır. Bu sətirləri yazarkən də bu virusun müalicəsi tapılmayıb və hələ də gözlənilmir. Bu virusla mübarizə aparmaq üçün tibbi avadanlıqların təchizatı kifayət deyil, reanimasiya şöbələri iflic vəziyyətindədir. Aparılan testlərin sayı infeksiyanın miqyasına uyğun gəlmir. Effektiv bir peyvənd üçün isə 12-18 ay gözləməliyik.

ABŞ rəhbərliyi virusun tez bir zamanda yayılıb fəlakət vəziyyətinə gətirib çıxarılmaması üçün yaxşı işlər görüb. Ümumiyyətlə, insanlar administrasiyanın işini, virusun yayılmasının dayandırılmasının və daha sonra böhranın aradan qaldırılması bacarığına görə qiymətləndiriləcəklər. Bundan əlavə, böhranın nə qədər təsirli olmasına baxmayaraq virusla mübarizə ilə paralel olaraq "post-virus” dünya nizamını yaratmalıyıq.

Ölkə liderləri böhranla dövlət çərçivəsində mübarizə aparırlar, lakin böhranın bəşəriyyətə dağıdıcı təsirləri sərhəd tanımır. İnsanların sağlamlığına vurulan zərər müvəqqəti olacaq, ancaq bu virusun yaratdığı siyasi və iqtisadi xaos hətta bizdən sonrakı nəsillərə ötürülə bilər. Birləşmiş Ştatlar da daxil olmaqla heç bir ölkə bu böhranı təkbaşına dəf edə bilməz. Hazırkı dövrün problemlərinin həlli qlobal əməkdaşlıq proqramı ilə uyğunlaşdırılmalıdır. Əgər bunu bacarmasaq, bu indiki və gələcək zaman üçün böyük bir səhv olacaq. 

"Marşal planı" və "Manhetten layihəsi"nin təcrübəsindən irəli gələrək ABŞ üç istiqamət üzrə çalışmalıdır.
 
Birincisi, yoluxucu xəstəliklərə qarşı qlobal müqavimət gücləndirilməlidir. Poliomielit və çiçək xəstəliklərinə qarşı peyvəndin tapılması, süni intellektin köməkliyi ilə tibbi diaqnozların qoyulması kimi tibbdə olan nailiyyətlər əslində bizim sayıqlığımızı "yatızdırıb”. Xəstəliklərə nəzarət üçün yeni texnologiyalara, həmçinin böyük kütlələri  təmin edəcək müvafiq peyvəndlərə ehtiyac duyuruq. Şəhərlər, əyalətlər və bölgələr, tibbi avadanlıqların tədarükü, fövqəladə vəziyyət zamanı hərəkətlərin planlaşdırılması kimi tədbirlər vasitəsilə öz əhalisinin müdafiəsini təşkil etməlidirlər.  

İkincisi, qlobal iqtisadiyyatın "yaralarını” sağaltmağa çalışmalıyıq. Dünya liderləri 2008-ci ildəki maliyyə böhranından çox dərs alıblar. Mövcud böhran daha mürəkkəbdir. Koronavirus səbəbindən istehsalın azalmasının sürət və miqyas baxımından tarixdə analoqu yoxdur. İnsanların sağlamlığının qorunması üçün tətbiq olunan qadağalar (sosial məsafə, məktəb və müəssisələrin bağlanması) iqtisadi itkilərin "ağrısını” daha artırır. Qəbul edəcəyimiz proqramlarla yaxınlaşan böhranlardan dünyanın ən zəif ölkələrini qorumalıdır.

Üçüncüsü, dünya nizamında liberal prinsipləri qoruyub saxlamalıyıq. Düzdür, müasir hakimiyyətlərin yaddaşında gücün belə bir prototipi həmişə qorunub saxlanılır; "Divarların əhatəsində” olan şəhər, bəzən despotik və bəzən lütfkar olan,  lakin xalqını xarici düşməndən qorumağa həmişə hazır olan  güclü lider. «Maarifçilik» dövrünün mütəfəkkirləri bu konsepsiyanı genişləndirərək deyirdilər ki, qanuna söykənən bir dövlətin məqsədi əhalinin təməl ehtiyaclarını təmin etməkdir: təhlükəsizlik, asayiş, iqtisadi tərəqqi və ədalət.

Fərdlər ayrı-aylıqda bütün bu prinsipləri dövlət olmadan təmin edə bilməzlər. Lakin pandemiya başlayandan sonra nə baş verdi - birdən anaxronizm canlandı və hərəkətə keçdi. Cəmiyyətlərin rifahının, qlobal ticarətdən və insanların sərbəst hərəkətindən çox asılı olduğu bir anda "şəhər” divarın arxasında "dirildi”.

Belə şəraitdə "divarın arxasındakı şəhər” imicinə qarşı mübarizə aparmaq və "Maarifçilik” dəyərlərini qorumaq və möhkəmləndirmək dünya demokratiyaları üçün xüsusilə vacibdir. Hazırki vəziyyətdə "Xilaskar hakimiyyət”ə üstünlük verilməsi uzun müddətdir davam edən "sosial saziş"in pozulmasına səbəb ola bilər. Bizim üçün əhəmiyyətli olan bu saziş həm ABŞ daxilində, həm də beynəlxalq miqyasda pozula bilər.

İndi hər tərəfdən - həm daxili siyasətdə, həm də beynəlxalq diplomatiyada təmkinli olmaq lazımdır. Prioritetlər müəyyən edilməlidir.

II Dünya Müharibəsində, Avropadakı döyüşlərdən sonra böyüyən firavanlıq və daim artan insan ləyaqəti dünyasına keçdik. İndi vacib bir dövrdə yaşayırıq. İndi əsasə vəzifəmiz - böhranın öhdəsindən gəlmək və gələcəyi qurmaqdan ibarətdir. Uğursuzluq qlobal bir "yanğın”a səbəb ola bilər.

Henri Kissinger,
Prezident Niksonun yanında ABŞ Dövlət Katibi"