Həqiqi hərbi xidmətə çağırılanların tibbi yoxlanışında müəmma: ƏƏSMN işçilərini himayə edir?

Həqiqi hərbi xidmətə çağırılanların tibbi yoxlanışında müəmma: ƏƏSMN işçilərini himayə edir?

09-11-2024 01:25 / Bu xəbər 810 dəfə oxundu

Dövlət başçısı 6 sentyabr 2023-cü ildə "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman imzalayıb. 

Fərmana əsasən bir sıra kateqoriya üzrə rəy verilmiş hərbi xidmətə çağırılanlarla bağlı yekun tibbi müayinəni bu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

Yekun tibbi müayinəni Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) hərbi-həkim komissiyalarının tibbi müayinəsinin nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparır.

Bəs Nazirliyin özündə bu sahədə şəffaflıq hansı səviyyədədir? 

"Arqument.az"a verilən məlumata görə, Nazirlik vətəndaşlara bu sahədə xüsusi tələbkarlıqla yanaşsa da, öz işçilərinə, ələxüsus vəzifəli şəxslərinə olduqca yumşaq standartlar tətbiq edir və onlara münasibətdə bu məsələlərə göz yumur.

Bildirilir ki, Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin 6 fevral 1989-cu il təvəllüdlü sədri Elnur Səfərli Novruz oğlu hətta Azərbaycanın vaxtilə işğalda olmuş Cəbrayıl rayondan olmasına baxmayaraq hərbi xidmətdə olmayıb. 

"Onun hərbi xidmətdən yayınması səhhətinin buna imkan verməməsi və hərbi xidmətə yararsızlığı ilə əsaslandırılsa da eyni şəxs Nazirlikdə işə qəbul edilərkən tam sağlam və fəaliyyət qabiliyyətli olması ilə bağlı "Forma 86” sağlamlıq haqqında Arayış təqdim edib. Necə olur ki, vətən qarşısında borcunu yerinə yetirmək, kişi cinsindən olan vətəndaş kimi hərbi xidmətini icra etmək lazım olanda Elnur Səfərlinin sağlamlığı buna imkan vermir, amma vəzifəyə, kresloya, işə və imtiyazlara çatanda bu adam tam sağlam şəxsə çevrilir? Babalarının erməni tapdağı altında qalan məzarlarının, doğulub böyüdüyü yurd-yuvasının, ata ocağının təəssübünü, qeyrətini çəkməyən, hərbi xidmətdən yayınan birisi vəzifə məsuliyyətini necə dərk edə bilər?" - deyə məlumatda qeyd olunur. 

Təsadüfi deyildir ki, Milli Observatoriyanın adı mediada qurumun keçmiş sürücüsü yaralı qazi Elmar Şərifovun onun gecə-gündüz vəzifəli şəxslər tərəfindən istismar edilməsi ilə hallanmışdı. 

Məlumata görə, Elnur Səfərli həmin qurumda çalışan şəhid Ələkbər Məmmədovun övladını şəxsi qisas zəminində inzibati üsullarla təqib edib. 

İşğalda olmuş rayondan olmasına baxmayaraq hərbi xidmətdən yayınmış, rəhbərlik etdiyi qurumda yaralı qaziyə və şəhid övladına "qan udduran” Elnur Səfərli Zəfər günü və digər bu kimi bayramlar ərəfəsində hardansa bir şəhid ailəsi tapıb özünü şəkil çəkdirmək üçün ora yetirir.  Görünür ki, belələrinə şəhid ailəsi məhz foto çəkdirmək və ucuz reklam üçün lazımdır.

Məlumatda bildirilir ki, heç bir elmi dərəcəsi, iqtisadiyyat, sosial sahə və məşğulluq sahəsində nəinki təhlil və tədqiqatları, hətta təhsili və mütailəsi belə olmayan Elnur Səfərli heç bir əhəmiyyətli idarəetmə təcrübəsi və qabiliyyəti olmadan həmyerlisi Nazirliyin Aparatının Strateji planlaşdırma və innovasiya şöbəsinin müdir müavini Rəşad Zalovun və həmin şöbənin keçmiş müdiri, hazırda Dövlət Məşğulluq Agentliyinin sədri, eyni regiondan olan Sadiq Əliyevin himayəsi ilə sosial sahədə "Beyin Mərkəzi” funksiyası yerinə yetirməli olan bu quruma rəhbər təyin edilib.

Maraqlıdır ki, bu məlumatlar mediada işıqlandırılsa da, sözügedən qurum və Elnur Səfərli hər hansı bir reaksiya bildirmir.