Hər deputat yerinə 2,4 siyasi məhbus düşür

Hər deputat yerinə 2,4 siyasi məhbus düşür

30-08-2024 23:49 / Bu xəbər 1003 dəfə oxundu

Bu gün ATƏT DTİH Bürosunun müşahidə missiyası ilə görüşdük. Onlara Varşava Bürosu da deyirlər. 60 nəfərlik bir heyətlə 1 sentyabr seçkilərini müşahidə etməyə gəliblər. Dedim Azərbaycanda seçki deyilən bir şey yoxdur, bilmirəm nəyi müşahidə edəcəksiniz. Hətta seçki həvəskarları da, bizi seçkiyə getməməyə görə qınayanlar da artıq etiraf edirlər ki, seçki yoxdur. Bütün baş verənlər Səməd Mənsur demiş rəngidir! 

Birinci görüşdə iştirak edələrə bildirdim ki. 1 sentyabr seçkisi konstitusiyaya ziddir. Növbədən kənar (bu növbədən çox kənar olduğu üçün bitişik yazmıram) seçki hansı halda keçirilə bilər? Bu məsələ Azərbaycan konstitusiyasının 98.1 maddəsi ilə tənzim olunur.

Orada göstərilir ki, " Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.” Hazırda bu halların heç biri yoxdur.  COP-29 və ya başqa bir beynəlxalq tədbir növbədənkənar seçki üçün əsas ola bilməz.

İkincisi, Əliyev seçki institutunu dağıdıb. Mən 2015 və 2020-ci il seçkilərindən birincidə 22 gün, ikincidə 12 əvvəl seçiləcək deputatların siyahısını mətbuatda dərc etmişəm. Hər ikisində 125 yerdən 121 doğru çıxıb, 2020-də isə 2 nəfər fors-major olub. Olmasaydı 123 yer doğru çıxacaqdı. Biz bunu öncə görmə ilə müəyyən etməmişdik, əldə etdiyimiz məlumatlar əsasında hazırlamışdıq. İcra hakimiyyətləri hansı namizədlər üçün işləyirsə, İlham Əliyevin deputatları onlardır.

Üçüncüsü, 1 sentyabrı seçkisində 125 deputat yeri var, 303 siyasi məhbus, hər deputat yerinə 2,4 siyasi məhbus düşür. Onların çoxu potensial namizədlərdir. 

Dördüncüsü, azad və müstəqil media dağıdılıb. Biz Sovet dövründə "Azadlıq", "BBC", "Amerikanın səsi" və digər Qərb mediasına daha rahat qulaq asa bilirdik, nəinki indi. Meydan TV-də daxil olmaqla hamısı bloklanıb. 20 jurnalist həbsdədir. Heç vaxt seçki dövründə bu qədər jurnalist həbsdə olmayıb. ÇÜnki İlham Əliyevin özündən başqa heç kəs bilmirdi növbədənkənar seçki olacaq. Seçki elan olunmazdan əvvəl jurnalistlərin həbsi, Toplum Tv-nin, Abzas Medianın, Kanal 13-ün dağıdılması başağrısız seçki hazırlığına hesablanmışdı. Anar Məmmədlinin həbsi də bu qəbildən idi. Hazırda həbsdə olan Sevinc Vaqifqızının seçi karusellərini və topa bülletenləri izləmək sahəsində nadir təcrübəsi vardı. 

Beşincisi, seçki mühiti yoxdur. Siyasi azadlıqlar boğulub. Olmayan Covidə görə oktyabrın 1-nə qədər Karantin tətbiq edilib. Bu fövqəladə vəziyyətin kiçik modelidir. Sərbəst toplaşmaq azadlığı qadağan edilib. Quru sərhədlər 4 il 6 aydır bağlıdır. Ölkədə qapalı cəmiyət dizayn edilir. Seçici fəallığı 10-12 faiz ətrafındadır. Karusel, Qədim monqol ordu sisteminə bənzər minbaşı, yüzbaşı, onbaşılar təyin olunur seçici aktivliyinin görüntüsünü yaratsın. 

Altıncısı, seçkiyi kimin gəlib-gəlməməsi, səs verib verməməsi heç nəyi dəyişmir. Seçkilərin nəticələri öncədən hazırlanır, dairə və məntəqələrə göndərilir və protokollara da həmin rəqəmlər yazılır. Yəni faktiki olaraq Azərbaycan xalqı seçki prosesindən  uzaqlaşdırılıb. 

Yeddincisi, burada dedilər ki, ölkədə bir siyasi partiyadan başqa qalan bütün partiyalar seçkidə iştirak edir. O bir partiya da Xalq Cəbəhəsindir, Milli Şura ilə birlikdə boykot qərarı verib. Lakin 1 sentyabr seçkilərində mühim bir "yenilik" baş verdi. Partiyalar müxalifət aadı ilə seçkilərə qatılır, amma partiyanın rəhbərləri qatılmır. Seçkiyə qatılan partiyaların təxminən yarısında vəziyyət belədir. 

Səkkizinci, seçkiyə marağın olduğu görüntüsü yaratmaq üçün çoxlu fake namizədlər verilib. Bunlar şəhərdə mənzil-istismar idarəsinin təsərrüfat işçiləri, rayonda pensiyaçı və qismən müəllimlərdir. Namizədlərin içində bina gözətçiləri, həyətlərin təmizlik işçiləri və sair. Formal cəhətdən vətəndaş kimi hüququ var. Amma hamı bilir ki, "fake"dir. 

Doqquzuncu, 125 seçki dairəsinin cəmi-cümlətanı 4-də müəyyən fəallıq var. Qalan 121 dairə ölü vəziyyətindədir, qəbir kimi səssizdir. Bir çox "potensial"  namizədləri mandat meyarı Xalq Cəbhəsinin lideri Əli Kərimlini söyməkdən keçir. 1 sentyabrda deputat olmağın ən "səmərəli" yolu budur. 

Onuncusu, bu arada ATƏT DTİHB-də aralıq hesabat yaymadı. Bunu da bu gün müşahidəçilərin nəzərinə çatdırdıq. Hələlik son 30 ilin ən pis seçkisidir. Nə qədər ki "dəmir yumruq" bir kabus kimi Azərbaycan xalqının başı üzərində fırlanır, bundan da pis ola bilər.

Cəmil Həsənli
Milli Şuranın sədri