"Hər media orqanı ayrılıqda kiminsə cibindədir"

22-07-2021 13:35 / Bu xəbər 3543 dəfə oxundu

""Media haqqında" yeni qanundan belə anlaşılır ki, tezliklə mediamızın fatihəsi veriləcək"

Bu gün Azərbaycan milli mətbuatının yaranmasının 146-ci ildönümüdür. 

1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşr etdirməklə milli mətbuatın əsasını qoyub. 

1877-ci ildə fəaliyyəti dayandırılan qəzetin yalnız 56 sayı işıq üzü görüb.

"Əkinçi" qəzeti Azərbycan xalqının milli oyanışında böyük rol oynayıb.

Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli sərəncamı ilə "Əkinçi" qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb.
 
Bəs 146 il yol keçən Azərbaycan mətbuatının bügünkü durumu necədir? 

Natiq Cavadlı: "Hökumətin ayırdığı hər bir yardım mətbuatın məzarını dərinləşdirir"

"Hökumətin illərdir ki, mətbuata ayırdığı yardımlar havaya sovrulub. Çünki hər bir yardım mətbuatın məzarını dərinləşdirirdi”, - jurnalist Natiq Cavadlı "Arqument.az"a belə düşünür.

Onun sözlərinə görə, Azərbaycanda mətbuat yoxdur, media var, amma o da çox zəifdir.

Jurnalistin fikrincə, mətbuat, yəni qəzetçilik sıradan çıxarılıb: "Qəzet köşklərində qəzetdən başqa hər şey var, əyalətlərə baxın, rayonlarda bir qəzet köşkü tapsanız, sevinərsiz. Bir zamanlar qarşısında qəzet növbəsi olan köşkləri indi görməzsiniz”.

Natiq Cavadlı mətbuatla ictimaiyyət arasında əlaqənin də zəif olduğunu düşünür: "İctimaiyyət son bir neçə ildir ki, məlumatları daha çox sosial şəbəkələrdən alır, nəinki mediadan. Səbəblər müxtəlifdir, birincisi ictimaiyyət mediaya inanmır, ikincisi mətbuat operativlik baxımından gecikir”.

"Jurnalistlər hər hansı hadisənin rəsmi tərəfini araşdırmaq imkanına malik deyillər”

Jurnalist deyir ki, mətbuatın qarşısında duran ən ciddi problem hər hansı bir hadisənin, yaxud informasiyanın rəsmi qurumlarla araşdırılmasıdır: "Əlbəttə, bu, bütün dövlət qurumlarına aid deyil, amma problem yetərli qədər ciddidir. Jurnalistlər hər hansı hadisənin rəsmi tərəfini araşdırmaq imkanına malik deyillər. Ona görə quru xəbərlə yola verirlər. Amma bu, jurnalistika deyil”.

Qulu Məhərrəmli: "Bizim medianın böyük əksəriyyəti asılı mediadır”

Media eksperti, professor Qulu Məhərrəmlinin fikrincə, Azərbaycan mətbuatı ölkə həyatında baş verən bütün prosesləri dəqiqliklə və operativ şəkildə ictimaiyyətə çatdıra bilmir: "İstənilən mətbuat orqanı, istər qəzet olsun, istər televiziya, istər sayt, onun əsas işi cəmiyyətdə baş verən hadisələri ictimaiyyətə çatdırmaq və onları məlumatlandırmaqdır. Hansı ki bu məlumatlandırma insanların öz həyatları üçün qərar qəbul etməsində yardımçı olur. Mətbuat öz funksiyasını o zaman yerinə yetirə bilir ki, o, ölkə ictimaiyyətinə bu məlumatları dəqiq, dürüst və keyfiyyətli bir şəkildə çatdırır. Təəssüflər olsun ki, biz mətbuatımızdan yüksək dərəcədə razı deyilik. O, ölkə həyatında baş verən bütün prosesləri dəqiqliklə və operativ şəkildə ictimaiyyətə çatdıra bilmir. Əlbəttə, gündəlik hadisələr, rəsmi məlumatlar və s. informasiyaların çatdırılması ilə bağlı saytlarda, televiziyalarda xeyli iş görüblər. Amma insanların bilməli olduğu bəzi məsələlərin açılması ilə bağlı müəyyən dərəcədə problem var. Buna insanların sosial həyatı, təhsili, səhiyyə sistemi və digər sahələrdə mövcud olan nöqsanların tənqidi kimi məsələlər daxildir. Bunun da əsas səbəbi odur ki, bizim medianın böyük əksəriyyəti asılı mediadır. Onları müstəqil və azad media hesab etmək olmur. Bu, təəssüf ki, real faktdır”. 

Ekpertin sözlərinə görə, mətbuatın ən böyük problemi müstəqil olmamasıdır: "Bugünkü mətbuatımızın ən ciddi problemi, onun lazım olan keyfiyyət həddinə çata bilməməsidir. Nə deməkdir keyfiyyətli media? O, məlumatları doğru-dürüst çatdırır, müstəqildir, heç bir təzyiqi qəbul etmir, heç bir biznes qurumunun, rəsmi, siyasi dairələrin təsiri altında deyil və müstəqil şəkildə cəmiyyəti məlumatlandırma işini aparır. Bu baxımdan ən böyük çətinlik medianın müstəqillik probleminin olmasıdır. Digər bir mühüm məsələ mətbuatda tənqidi materialların, araşdırma materiallarının az yer tutmasıdır. Son illərdə mətbuatda araşdırma materiallarına, demək olar ki, rast gəlinmir. Araşdırma deyiləndə cəmiyyətdən gizlədilən məlumatlar, korrupsiya faktları, məmur özbaşınalığı nəzərdə tutulur. Bunların data məlumatları və konkret faktlar əsasında işıqlandırılıb ortaya çıxarılması çox vacibdir. Amma bizim media bu cəhətdən axsayır”.

Aynur Elgünəş: "Ənənəvi media sosial şəbəkələrə uduzur”

Müstəqil jurnalist Aynur Elgünəş isə hesab edir ki, ənənəvi media bu gün sosial şəbəkələrə uduzur: "Bu gedişlə yerli media tamamilə sıradan çıxacaq". 

Onun sözlərinə görə, müstəqil media, müstəqil jurnalistlər ölkə həqiqətlərinin ictimaiyyətə çatdırılması sahəsində bacardığını edir: "Bir növ iynə ilə gor qazırıq. Müstəqil, azad olmaması yerli mətbuatın ən böyük problemidir. Hər media orqanı ayrılıqda kiminsə cibindədir, müstəqil qərarını vermək gücündə deyil. Çünki yaşaması üçün reklam bazarı, gəlir yeri yoxdur. Bu da onu ələbaxan, asılı edib. Getdikcə də bu asılılıq dərinləşir, "iplər" sıxılır".

""Media haqqında" yeni qanun layihəsinin ictimaiyyətə bəlli olan müddəalarından isə belə anlamaq olar ki, tezliklə mediamızın fatihəsi veriləcək”, - Aynur Elgünəş belə deyir. 

Türkay Zadə
Xalidə Abbaszadə