Hərbçi prezidentə müraciət etdi: Həkimlər məni şəhid olmadığıma peşman ediblər

Hərbçi prezidentə müraciət etdi: Həkimlər məni şəhid olmadığıma peşman ediblər

16-09-2021 22:12 / Bu xəbər 2273 dəfə oxundu

"Pul vermədiyimə görə həkimlər sənədə "yararlı” yazırlar”

"Daha dözümüm qalmayıb. Əlaqədar qurumlar məni futbol topuna döndəriblər. Artıq məni intihar həddinə çatdırıblar. Mən bu həkimləri başa sala bilmirəm ki, beynimdəki dəhşətli ağrılara qarşı dərman verib, müalicə etsinlər. Baxan və sözümü eşidən yoxdur”.

Bu sözləri Prezident İlham Əliyevə ünvanladığı müraciətdə MAXE (Müddətdən artıq xidmət edən hərbi qulluqçu) İsrayel Abdulla oğlu Əsgərov yazıb. 

O, müracətinin surətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Ombudsman Aparatına və Səhiyyə Nazirliyinə göndərib.

"Polad Həşimovun ölümündən sonra dözmədim...”

İsrayel Əsgərov Qax rayonunun Tanqıt kənd sakinidir. 34 yaşı var. 

Hərbçi Meydan TV-yə danışır ki, vaxtilə general-mayor Polad Həşimovun komandirliyi altında hərbi xidmət keçib. 

2020-ci il, iyulun 14-də Polad Həşimov həlak olandan sonra könüllü orduya xidmətə gedib və MAXE kimi fəaliyyətə başlayıb:

Çıxarış epikrizi
Mənbə: Meydan.TV

"Generalımız şəhid olandan sonra dözmədim, gedib orduya yazıldım. Yaşımın çoxluğunu əsas gətirib götürmürdülər. Sonradan 35 yaşınadək olan şəxslər hərbi xidmətə cəlb ediləndə götürdülər. Gedib Vətənin müdafiəsi üçün vuruşdum və ağır yaralandım. Məni hüşsuz vəziyyətdə Naftalan Hərbi Hospitalına çatdırıblar. İki gündən sonra özümə gəlmişəm. Bir müddət müalicələr aldıqdan sonra məni Kürdəmir Hospitalına göndərdilər. Burada da bir müddət müalicədən sonra başımda yaranan dəhşətli baş ağrılarına, qulaqlarımda və gözümdə yaranan problemlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hərbi Hospitalına göndərdilər. Bir müddət müalicədən sonra mənə məzuniyyət verib Qax rayonundakı evimə müalicəni davam etdirməyə göndərdilər. Qax rayonunda VİTEK-də olarkən həkimlər bildirdilər ki, istər ciddi kəllə-beyin silkələnməsinə, istər qulağımın eşitməzliyinə, gözümün zəifləməsinə və ayağımdan aldığım çoxsaylı qəlpə yaralarına görə mənə əillik dərəcəsi təyin edilməli və ordu sıralarından tərxis olunmalıyam. Lakin qulluq etdiyim hərbi hissəyə qayıtdıqdan sonra başımda davam edən dəhşətli ağrılardan xidmətimi davam etdirə bilmirəm”.

Tramva haqqında arayış
Mənbə: Meydan.TV

"Artıq neçənci dəfədir ki, məni psixoterapiya şöbəsində formal müalicə edirlər”

İsrayel Əsgərov deyir ki, yaralandığına görə dövlətdən sığorta da alıb. Hətta Yaşat Fondu müalicəsi üçün 2500 manat ayırıb və iki dəfə hospitalda yatıb. Ancaq səhhətində yaxşılığa doğru heç nə dəyişməyib.

Onun sözlərinə görə, neçənci dəfədir hərbi hissədə vəziyyəti pisləşir, ona ilkin tibbi yardım göstərib Mərkəzi Hospitala yönləndirirlər. 

Hospitalda isə psixoterapiya şöbəsinə yerləşdirilir və bir müddət müalicə alandan sonra təkrar geri qayıdır.

"Məni müalicə edən həkimlər də qeyd edirlər ki, psixikamda elə bir ciddi problem yoxdur. Əsasən nevroloji şöbəyə göndərilməli və ciddi malicə almalıyam. Artıq neçənci dəfədir ki, məni psixoterapiya şöbəsində formal müalicə edirlər. Bu müalicələrin isə hazırda da davam edən şiddətli baş ağrılarına heç bir təsiri olmur. Bir qulağımda eşitmə dərəcəsi tam zəifləyib. Buna baxmayaraq həkimlər o dərəcəni qəsdən yazmırlar ki, birdən ordudan tərxis oluna və əlillik dərəcəsi ala bilərəm”, - hərbçi müraciətində yazır.

Daha sonra qeyd edir ki, nə özünün, nə də ailəsinin həkimlərə davamlı olaraq ödəməyə pulu var:

Arayış
Mənbə: Meydan.TV

"11 aydır ki, məni hospital yollarında süründürürlər. Şəhid olmamağıma və erməniyə qarşı vuruşmağa məni peşman ediblər. Artıq bu yaramaz bürokrat, ağ xalat geyinmiş sifətləri görəndə beynim daha dəhşətli və dözülməz ağrıyır. Pul vermədiyimə görə həkimlər sənədə "yararlı” yazırlar və hərbi hissə komandiri də əlacsız qalıb tərxis etmir, sərəncama göndərir. Yəni, bundan sonra gedib özhesabıma müalicəmi davam etdirməliyəm. Axı mənim yanımda "zır paket” partlamayıb, bomba partlayıb. Anam onkoloji xəstədir, azyaşlı uşağım epilepsiyadan əziyyət çəkir. Maddi imkanım yoxdur özhesabıma müalicə alım”.

İsrayel Əsgərov İlham Əliyevdən xahiş edir ki, onuna bağlı Mərkəzi Hospitalın rəisinə göstəriş versin: "Hazırda 9-cu gündür ki, formal psixatriya şöbəsində müalicə alıram. Xahiş edirəm, göstəriş verin, məni həqiqi xəstəliyim olan nevrologiya şöbəsində düzgün müalicə etsinlər. Qulaq və gözümün əməliyyatı aparılsın və sağlamlığım qismən bərpa olunsun”.

Hospital cavab vermir

Müdafiə Nazirliyinin Mərkəzi Hospitalından Meydan TV-nin suallarını cavablandırmaq istəməyiblər. "Burda bütün xəstələr aidiyyati üzrə müalicə alır”, - deməklə kifayətləniblər.

Arayış
Mənbə: Meydan.TV