Hərbçilər “Suqovuşanın azad olunmasına görə” medalıyla təltif ediliblər
29-12-2020 14:00 / Bu xəbər 733 dəfə oxundu
159 hərbçi ölümündən "Suqovuşanın azad olunmasına görə” medalıyla təltif edilib.
Prezident İlham Əliyevin sərəncamına əsasən, dekabrın 29-da "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunanlar arasında 2 general-mayor, 16 polkovnik, 69 polkovnik-leytenant, 85 mayor, 74 kapitan, baş leytenent, baş gizir, çavuş və yüzlərlə əsgər var.
Dövlət başçısı 9, 15, 25 dekabr tarixlərində Cəbrayılın, Xocavəndin, Füzulinin və Zəngilanın azad olunması ilə bağlı hərbçi qulluqçuları mükafatlandırmışdı.
Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.
44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.
İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.
Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.












