“Hərbi qiyam siyasi dəstək almasaydı..." – MÜSAHİBƏ
24-05-2016 15:53 / Bu xəbər 3695 dəfə oxundu
Arqument.Az həmin müsahibəni təqdim edir:
– Arif bəy, Tiflisdə səfərdə olmusunuz. Keçirdiyiniz görüşlər, qatıldığınız müzakirələr haqqında məlumat verə bilərsinizmi?
– Tiflis səfərimiz zamanı bir neçə ciddi tədbirdə iştirak etmişik. Orada Fridrix Nauman Fondunun təşkilatçılığı ilə "Cənubi Qafqazda demokratiya və təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans keçirilirdi. Toplantıda Azərbaycan, Gürcüstan, Ermənistan, Almaniya, Makedoniya, Böyük Britaniya və digər ölkələrdən olan siyasi xadimlər, dövlət adamları iştirak edirdi. Eyni zamanda Tiflisdə Liberal İnternasionalın bir sıra mövzularda konfransı oldu. Biz bu tədbirdə də iştirak etdik. Səfər çərçivəsində həmçinin Respublikaçılar Partiyasının 38-ci ildönümü ilə bağlı təntənəli tədbirə qatıldıq. Eyni zamanda səfər zamanı postsovet məkanından və Avropa ölkələrindən olan bir sıra siyasi partiya rəhbərləri, Avropa Şurası və Avropa Parlamentinin deputatları ilə görüşdük. Həmçinin Gürcüstan parlamentinin sədri, eləcə də bu ölkənin müdafiə naziri və digər rəsmi şəxslərlə görüşlər keçirdik.
– Bəllidir ki, bu tədbirlərdə Ermənistanda fəaliyyət göstərən siyasətçilər də iştirak edib. Onlarla təmaslarınız oldumu?
– Ermənistanı AOD təşkilatı təmsil edirdi. Onlar da konfranslarda iştirak edirdilər. Bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik və demokratiya məsələləri müzakirə edilirdi, bu zaman ölkələr daxilində olan konfliktlərin-Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya münaqişələrinin buna mane olduğu vurğulanırdı. Biz öz tərəfimizdən Şərq Tərəfdaşlığı Proqramının inkişafında maraqlı olduğumuzu, bu proqramın həyata keçirilməsində əsas əngəlin Rusiya olduğunu diqqətə çatdırdıq. Vurğuladıq ki, Moldovada Dnesteryani bölgə, Ukraynada Krım və Donbas, Gürcüstanda Abxaziya və Osetiya, Azərbaycanda isə Dağlıq Qarabağ problemi regionun təhlükəsizliyinə, demokratikləşməsinə və avrointeqrasiya yolunda ciddi problemdir. Hesab edirəm ki, səfərimiz uğurlu oldu və Azərbaycanın haqlı mövqeyini iştirakçıların diqqətinə çatdıra bildik.
– Erməni tərəfi sizin mövqeyinizə etiraz edirdimi?
– Açığı, burada etiraz etməli bir məqam yoxdur. Hamıya gül kimi aydındır ki, əgər söhbət postsovet ölkələrində təhlükəsizlik və demokratiya mövzusundan gedirsə, əsas maneə qeyd etdiyim konfliktlərdir.
– Son zamanlar mediada Əbülfəz Elçibəy haqqında sanki bir kampaniya gedir. Konkret olaraq Nemət Pənahlı və Rəhim Qazıyev mərhum prezident haqqında tənqidi, bəzən təhqir dolu ifadələr işlədiblər. Buna münasibətiniz necədir?
– Əbülfəz Elçibəy Azərbaycanda xalq hərəkatının lideridir. Əbülfəz Elçibəy təkcə Azərbaycan miqyası üçün deyil, XX əsrin sonunda gedən ümumdünya azadlıq hərəkatının simvollarından biridir. Onun göstərdiyi xidmətlər Azərbaycan cəmiyyətinə məlumdur. Eyni zamanda adını çəkdiyiniz şəxslərin də Azərbaycan tarixində rolu və mövqeyi ictimaiyyətə bəllidir. Hesab etmirəm ki, onların Elçibəyə qarşı apardığı kampaniya Əbülfəz bəyin nüfuzuna xələl gətirə bilər. Çünki Əbülfəz Elçibəy təkcə xalq hərəkatının rəhbəri kimi deyil, həm də Azərbaycan vətəndaşı, alim, ziyalı və ölkənin gələcəyini düşünən dühalardan biri kimi Azərbaycan üçün böyük xidmətlər göstərib.
– Bu kampaniya davam etsə, necə olacaq?
– Onların cavabları kifayət qədər və həm də layiqincə verilir. Əgər bu kampaniya bundan sonra da davam edəcəksə, hesab edirəm ki, kampaniyanı aparanların və onların arxasında duranların ifşa edilməsi, habelə susdurulması üçün lazımı tədbirlər görülə bilər. Hələlik isə buna ehtiyac görmürəm. Azərbaycan cəmiyyəti kifayət qədər ayıqdır. Cəmiyyətimiz qeyd etdiyiniz şəxslərin və Əbülfəz Elçibəyin kim olduğunu yaxşı bilirlər.
– Son dövrlər həm də AXCP ilə Müsavat Partiyası arasında danışıqlar aparılır, münasibətlərin yoluna qoyulması üçün addımlar atılır. Müşahidələr göstərir ki, AXCP-nin bəzi funksionerləri bu danışıqların əleyhinədir. Müsavat başqanı bu haqda nə düşünür?
– Hesab edirəm ki, müxalifət qüvvələrinin əməkdaşlığı cəmiyyətimizin mənafelərinə uyğundur. Bu istiqamətdə mövqeyimiz sabitdir. Ancaq konkret olaraq bu məsələlərin üzərində tıklanmağı zərərli sayıram. Biz öz yolumuza davam etməli, fəaliyyətimizi aparmalıyıq. Digər məsələləri isə tarix özü yoluna qoyacaq.
– 4 iyun Gəncə qiyamının növbəti ildönümü yaxınlaşır. Sizcə, AMİP başda olmaqla siyasi müxalifətin hərbi müxalifətə dəstək verməsi hansı nəticələr yaratdı və əgər bu dəstək olmasaydı, qiyam baş tuta bilərdimi?
– Hesab edirəm ki, 4 iyun Azərbaycan tarixinin ən faciəvi günlərindən biridir. Çünki Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması uğrunda fəaliyyət davam edirdi, bütün istiqamətlərdə siyasi və iqtisadi addımlar atılırdı, islahatlar həyata keçirilirdi. Eyni zamanda ərazilərimizin təmizlənməsi istiqamətində hərbi və diplomatik səylər nəticə verməkdə idi. Belə bir mərhələdə qiyamın baş verməsi bu prosesləri dayandırdı. Həmin dövrdə ölkənin siyasi müxalifəti indiki siyasi müxalifətdən fərqli mövqe tutdu. Siyasi müxalifətin əsas təmsilçiləri Azərbaycanın dövlət və milli maraqlarını deyil, öz şəxsi maraqlarını əsas götürərək hərbi qiyama dəstək verdilər. Hesab edirəm ki, əgər hərbi qiyam siyasi dəstək almasaydı, onun uğur qazanması mümkünsüz olardı.
Arqument.Az