Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bölmə rəisi həbs edilib

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bölmə rəisi həbs edilib

28-09-2024 01:30 / Bu xəbər 687 dəfə oxundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor Anar Əsgərov həbs edilib.

AZƏRTAC Hərbi Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verib ki, onun barəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham elan edilib, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Amma, hələlik, ittihama Anar Əsgərov və ya vəkilindən münasibət almaq mümkün olmayıb.

Həmin maddə üzrə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.

Mətbuat xidmətindən habelə bildirilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə müvafiq əməlləri törətməsinə şübhələr olan həmin Xidmətin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Seymur Qurbanov barəsində də 4 aylıq həbs qəti imkan tədbiri seçilib. 

O isə Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar törədilməklə dələduzluq), 311.3.2-ci və digər maddələr ilə ittiham olunur.

Amma bu ittihamlara da, hələlik, Seymur Qurbanov və yaxınlarının münasibəti bəlli deyil.

Xatırlatma

Ötən il Xidmətin Xəzər, Xaçmaz, Cəlilabad və Laçın rayon şöbələrinin vəzifəli şəxsləri də oxşar ittihamlarla üzləşmişdilər. 

Onlar isə əsasən ittihamları qəbul etmirdilər.

Azərbaycanda hər il dörd dəfə - yanvar, aprel, iyul və oktyabrda müddətli həqiqi hərbi xidmətə çağırış gerçəkləşdirilir və minlərlə gənc hərbi xidmətə cəlb olunur.