Hesabat: Azərbaycan 2024-cü ilin birinci yarısında 19 hərbçi itirib

Hesabat: Azərbaycan 2024-cü ilin birinci yarısında 19 hərbçi itirib

01-07-2024 17:44 / Bu xəbər 585 dəfə oxundu

Sənəddə qeyd olunur ki, onlardan 17-si qeyri-döyüş itkiləridir

2024-cü ildə Azərbaycanda azı 19 hərbi qulluqçunun həlak olduğu bildirilir.

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun "Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri: 2024-cü ilin birinci yarısı üçün” adlı hesabatında qeyd olunub.

İnstitutun keçirdiyi monitorinqin nəticələrinə görə, 2024-cü ilin birinci yarısında Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru ən azı 19 hərbi qulluqçusunu itirib: "Onlardan 17 nəfəri qeyri-döyüş itkiləri, 2-si isə 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror əməliyyatından sonra yaralanmış və uzun müddətdə komada qalmış hərbçilərlə bağlıdır”.

"Ümumilikdə, 2024-cü ildə 5 nəfər avtomobil qəzasından, 4 nəfər müxtəlif bədbəxt hadisələrdən, 3 nəfər müxtəlif xəstəliklərdən, 3 nəfər intihardan, 2 nəfər anti-terror əməliyyatları səbəbindən, 1 nəfər qeyri-qanuni haldan, 1 nəfərsə naməlum səbəbdən dünyasını dəyişib”, – deyə hesabatda vurğulanır.

Xəzər Hərbi Tədqiqatlar İnstitutu bildirib ki, bu dövrdə dünyasını dəyişənlərin 17 nəfəri Müdafiə Nazirliyinin, 2  nəfəri isə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olub: "Dünyasını dəyişənlərin 11 nəfəri əsgər, 7 nəfəri zabit, 1 nəfəri isə gizirdir”.

Təşkilat həmçinin qeyd edib ki, 2024-cü ildə ümumilikdə ən azı 18 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb: "Onlardan 15-i avtomobil qəzası nəticəsində, 2-si erməni gülləsindən xəsarət alıb. 1 nəfər isə zəhərlənib. Müqayisə üçün bildirək ki, 2023-cü ilin müvafiq dövründə (ilk 6 ay) Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun itkiləri ən azı 37 nəfər idi. Onlardan 9 nəfəri döyüş itkiləri, 28 nəfəri isə qeyri-döyüş itkiləri idi. Ümumilikdə həmin dövrdə 11 hərbçi intihardan, 7 nəfər erməni gülləsindən, 2 nəfər mina partlayışından, 7 nəfər müxtəlif xəstəliklərdən, 3 nəfər qəzalardan, 3 nəfər bədbəxt hadisədən, 1 nəfər qeyri-nizamnamə hadisəsindən, 2 nəfər silahlı basqından, 1 nəfər ehtiyatsızlıqdan dünyasını dəyişmişdi”.

Yaralılara gəlincə, təşkilat bildirib ki, 2023-cü ilin ilk yarısında ən azı 7 hərbi qulluqçu müxtəlif səbəblərdən yaralanıb və ya xəsarət alıb: "Onların mütləq əksəriyyəti erməni gülləsindən və mina partlayışından xəsarət alıblar”.

Hesabatı yayan təşkilatın qısa tarixçəsi

Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) 2015-ci ilin yanvarından etibarən fəaliyyət göstərir.

Qurumun araşdırma hədəfində olan əsas məsələlər təhlükəsizlik və müdafiə sektorunda insan haqları, silahlanma, korrupsiya və islahatlar ilə bağlı baş verən proseslərdir.

İnstitut bu istiqamətdə təkcə Azərbaycanı deyil, eyni zamanda, Gürcüstan və Ermənistanı araşdırır, hər üç Cənubi Qafqaz ölkəsinin hərbi quruculuq problemlərini və prioritetlərini müqayisə etdiyini bəyan edir.