Hesabat: “Azərbaycanda jurnalistlərə qarşı 147 təzyiq halı qeydə alınıb”

Hesabat: “Azərbaycanda jurnalistlərə qarşı 147 təzyiq halı qeydə alınıb”

04-09-2024 17:33 / Bu xəbər 823 dəfə oxundu

Hökumətin xaricdəki tənqidçilərini də susdurmağa çalışdığı bildirilir

"Jurnalistlərə Ədalət” Beynəlxalq Fondu 2023-cü ildə keçmiş SSRİ ölkələrində jurnalistlərin hüquqlarının pozulmasına dair hesabat hazırlayıb.

Həmin hesabatda Azərbaycanla bağlı məlumatlar da yer alıb.

Fond bildirib ki, hesabatı hazırlayarkən yalnız açıq mənbələrdən istifadə edib.

Azərbaycanla bağlı hissədə bildirilib ki, bu ölkədə jurnalistlərə, blogerlərə, media redaksiyalarına, həmçinin vətəndaş cəmiyyəti fəallarına qarşı 147 təzyiq halı baş verib.

Hesabatdakı insidentlər 2023-cü ildə baş verənlərdir: "Azərbaycanda 2023-cü ilin sonundan başlayaraq, müstəqil və tənqidçi media və jurnalistlərə qarşı misli görünməmiş təqiblər başlayıb. Nəticədə, 20-dən çox jurnalist həbs edilib və ya məsuliyyətə cəlb edilib. Həmçinin ölkədə fəaliyyət göstərən müstəqil medianın əksəriyyəti qapadılıb və yaxud fəaliyyəti əngəllənib”.

Hesabatda bildirilir ki, Azərbaycan hökuməti həmçinin xaricdəki tənqidçilərini də susdurmağa çalışıb.

2024-cü ilin avqustunda Gürcüstanda yaşayan jurnalist Əfqan Sadıqov həbs edilib, onun Azərbaycana ekstradisiyası tələb olunub:

"Əfqan Sadıqov təhdid yoluyla pul tələb etməkdə ittiham olunur”.

Bundan əlavə, hesabatda bildirilir ki, Azərbaycanda 2022-ci ildə qəbul edilmiş "Media haqqında” yeni qanun qüvvəyə minib.

Bu qanun bütün medianın reyestrdən keçməsini tələb edir.

Bu da müstəqil medianın fəaliyyətini avtomatik olaraq ölkə ərazisində qanunsuz edib.

Qanunun qəbulu aksiyalara səbəb olub. Aksiyalarda polis müstəqil media nümayəndələrinə hücum edib. Sonradan bu təzyiqlərlə bağlı şikayətlər olsa da, heç biri araşdırılmayıb: "Məhkəmə və ya iqtisadi vasitələrdən istifadə etməklə mediaya hücum Azərbaycanda mediaya təzyiq göstərməyin əsas metodu olaraq qalır. Həmçinin dindirmələr, axtarışlar, müsadirələr və məhkəmə çəkişmələri əsas təzyiq üsulları olub və bu kateqoriyada 50 insident qeydə alınıb”.

Hesabatda qeyd edilir ki, 2023-cü ildə Azərbaycanda KİV işçilərinə qarşı 19 fiziki hücum qeydə alınıb.

Bu insidentlərin əksəriyyətində jurnalistlər kütləvi etirazları və toplantıları işıqlandırarkən baş verib.

Qeydə alınan hücumların hamısı hakimiyyət nümayəndələri tərəfindən törədilib.

Ən kütləvi hücum jurnalistlərin Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etiraz aksiyasını işıqlandırması zamanı baş verib(Meydan TV)