Hesabat: son bir ayda ölkədəki hüquq pozuntuları

Hesabat: son bir ayda ölkədəki hüquq pozuntuları

03-10-2022 14:49 / Bu xəbər 750 dəfə oxundu

”İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” İctimai Birliyi insan hüquqları ilə bağlı 2022-ci il sentyabr ayına dair hesabat xarakterli hüquq pozuntularının xronikasını yayıb.

Bu barədə "Arqument.az"a mərkəzdən bildirilib.

Hesabatda bildirilir: "İnsan hüquqları və əsas azadlıqlarla bağlı vəziyyət getdikcə pisləşir, insan hüquqları müdafiəçiləri-vəkillər, jurnalistlərə qurama cinayət işləri açılır. Sərbəst toplaşma azadlığı boğulur, repressiyalar daha da sərt xarakter alır. Sosial mediada, facebook sosial şəbəkəsində höküməti tənqid edən ictimai fəallar həbs edilirlər.

Almaniyadan Azərbaycana deportasiya edilmiş 6 nəfərin-Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev, Pünhan Kərimli, Samir Aşurov və Ziya İbrahimovun hər birinə müxtəlif qurama cinayət işi açılıb və onların hamısı həbs ediliblər. Pünhan Kərimli 6 il, Malik Rzayev isə 7 il müddətinə Məhkəmələr tərəfindən azadlıqdan məhrum edilib. Qalan 4 nəfərin məhkəmə prosesləri davam edir. Mərkəz olaraq məhkəmə proseslərini izləməkdə davam edəcəyik.

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” hər ay mütəmadi olaraq Ədliyyə və digər aidiyyəti qurumlara müraciət etməkdə davam edir, həmin qurumlar idarə və müəssisələrində insan hüquqlarına, qeyri-insanı rəftara və işgəncə hallarına dair baş çəkmələrin həyata keçirilməsinə icazə vermir. 

İnsan hüquqları və əsas azadlıqların müdafiəsinə dair baş vermiş pozuntuların Mərkəz tərəfindən qeydə alınmış xronikası:

05.09.2022. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Gülnarə Rəhimova Nəsimi Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşı Seymur İmanov tərəfindən xüsusi ittiham qaydasında (CM 147.2 və 148) verdiyi şikayətə Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyilə baxılaraq Gülnarə Rəhimovaya 460 saat ictimai işlər cəzası verilməsi barədə hökm çıxarıb.

05.09.2022. "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" olaraq 21.03.2021-ci il tarixində Kəlbəcər rayonunun Alagöllər ərazisində yerləşən N saylı Hərbi hissədə xidmət etdiyi zaman şəhid olmuş İlkin Zöhrabovun Tərtər Hərbi Məhkəməsində növbəti məhkəmə prosesində iştirak etmişdir. Məhkəmə prosesində İlkin Zöhrabov şəhid olan zaman onunla birlikdə xidmətdə olan əsgərlər ifadə verdilər. Mərkəz olaraq məhkəmə proseslərini izləməkdə davam edəcəyik.

05.09.2022. Baş Prokurorluq "Tərtər işi" ilə bağlı uzun müddətə azadlqıdan məhrum etmə cəzasına məhkum edilmiş 19 nəfər hərbi qulluqçuların işinə yenidən baxılması Ali Məhkəmənin Plenumuna müraciət edilməsidir. Ali Məhkəmə 30 sentiyab tarixində Baş Prokurorluğun müraciətini təmin edərək, qüvvədə olan hökmlər ləğv edilərək, hərbi qulluqçunun işinə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Mərkəz olaraq məhkəmə proseslərini izləməkdə davam edəcəyik.

11.09.2022. Binəqədi Rayon Məhkəməsi Baş Prokurorluğun təqdimatınıa əsasən tanınmış jurnalist Əvəz Zeynallı və tanınmış vəkil Elçin Sadıqov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barəsində qərar çıxarıb. Əvəz Zeynallı və Elçin Sadıqova CM-nin 311-maddəsi ilə elan edilmiş ittiham Azərbaycan ictimaiyyəti tərəfindən qondarma ittiham kimi qəbul edildi və onların həbs edilmələrini peşə fəaliyyətləri ilə əlaqələndirildi. Vəkil Elçin Sadıqov barəsində seçilmiş həbs qətimkan tədbiri sonradan Məhkəmə tərəfindən ev dustağlığı ilə əvəz edilsə də, jurnalist Əvəz Zeynallı barədə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanıldı. Əvəz Zeynallı və Elçin Sadıqovun qanunsuz həbs edilməsilə bağlı onların hüquqlarının müdafiə komitəsi yaradılıb. –

15.09.2022. "Kanal 13” internet televiziyasının Bakı ofisinin rəhbəri, jurnalist Əziz Orucov Baş Prokurorluğa çağırılaraq xəbərdarlıq edilib. Mərkəz Baş Prokurorluğun jurnalistə xəbərdarlıq etməsini söz və ifadə azadlığına müdaxilə kimi qiymətləndirib.

20.09.2022. D18 Hərəkatının sədri Əhməd Məmmədli facebook sosial şəbəkəsində yazdığı tənqidi statuslara görə Səbail Rayon Məhkəməsi tərəfindən İXM-nin 535.1- maddəsinə əsasən 30 sutka inzibati qaydada həbs edilib.

30.09.2022. Azərbaycan Xalq Cəbhəsi Partiyasının Siyasi Partiyalar haqqında yeni qanunun qəbul edilməsinə etiraz əlaməti olaraq Milli Məclisin qarşısında saat 16:00 təyin etdiyi piketin keçirilməsinə polis əməkdaşları imkan verməyib, onlarla AXCP üzvü və siyasi fəallar saxlanılaraq polis bölmələrinə aparılaraq orda bir müddət saxlanıldıqdan sonra sərbəst buraxılıblar".