Həssas olmağın müşkülləri - Aytac Sahəd

Həssas olmağın müşkülləri - Aytac Sahəd

11-07-2020 00:44 / Bu xəbər 2771 dəfə oxundu

Aytac SAHƏD

Höte dünyanın həssas qəlblər üçün cəhənnəm olduğunu deyir. Olsun. Yaxşı, bəs, bu cəhənnəmdən qaçmaq mümkündürmü? Həssaslıq seçimdir, yoxsa insan təbiətinin şıltaqlığı?

Həssas insanlar yaşadıqları, gördükləri hadisələri çox vaxt hisslərlə dəyərləndirməyə meylli olurlar. Onlar üçün hisslər hər şeydən daha önəmlidir. Birinci onu qeyd edim ki, "həssas" sözünə, az qala, sinonim kimi işlədilən "yaxşı adam", yaxud "axmaq adam" ifadələrinin heç biri mahiyyət etibarilə həssaslığı tam şəkildə ifadə eləmir. Ola bilər, sən bir mövzuya çox həssas yanaşıb onu daha dərindən duyursan. Ancaq bu, hələ sənin yaxşı insan olmağın anlamına gəlmir. Uzağı, sən hiss etdiyin duyğuların təsiri ilə pis adam olmaya bilərsən, ancaq yaxşı adam olmaq üçün sözün əsl mənasında yaxşılıq etməyi peşəyə çevirməlisən. Deyilənə görə, Hitler də çox sentimental adam olub. Deməli, bu, meyar ola bilməz.

Digər bir yanlış yanaşma isə həssas insanların axmaq insan kimi dəyərləndirilməsidir. Xüsusilə, müasir dövrümüzdə həssaslıq, az qala, utanılacaq bir keyfiyyət kimi təqdim olunur. Bunun əsas səbəblərindən biri sürət əsrində yaşayaraq daha çox stressə məruz qalmağımizdir. Bir də kapitalizmin yaratdığı dolanbacları üstünə gəlsək, sentimentallığın həyatı nə qədər çətinləşdirdiyini görərik. Ona görə də, insanların bu xüsusiyyətdən qaçması başadüşüləndir. Ancaq hər kəs qaça bilirmi, yaxud qaçmalıdırmı? Bu, artıq müzakirə mövzusudur. Bir çox alimlərin dediyinə görə, xarakter, o cümlədən, sentimentallıq doğuşdan gələn xüsusiyyətdir. Eynilə dəri, göz rəngimiz kimi təbiətimizin də seçimi öz əlimizdə deyil. Digər bir yanaşmaya görə isə insan təbiətinin formalaşmasında mühitin təsiri böyükdür. Deməli, insan mühitin və öz iradəsinin təsiri ilə həssaslıqdan qurtula bilər. Ancaq bu, o qədər də asan məsələ deyil. Ümümiyyətlə, insan özündə bu xüsusiyyəti gördükdə çox vaxt ya bunu qəbul etmək istəmir, ya da özünü dəyişməyə çalışır. Bu da əksər hallarda uğursuzluqla nəticələnir. İlk növbədə bunu qəbul etmək lazımdır. Özünü fərqli şəkildə göstərməyə çalışmaq təkcə ətrafı yox, həm də özünü aldatmaqdır. Hamı alfa ola bilməz. Hamı güclü ola bilməz. Həssaslıq həmişə zəif olmaq da deyil. Burda əsas məsələ insanın hisslərini idarə edə bilməsidir - hisslərindən qaçması yox, məhz idarə edə bilməsi. Həyati əhəmiyyətli qərarlar alarkən məntiqin iştirakı mütləqdir. Bunu edə bilmək üçün isə insan özünü tanımalı və olduğu kimi qəbul etməlidir. Özünə kənardan baxanda hisslərinə ad qoymaq da asanlaşır. Digər bir məsələ ətrafdakılarla münasibətdə emosional balansın qorunub saxlanılmasıdır.

Təəssüf ki, çox vaxt cəmiyyət sentimental insanların duyğularından istifadə etməyə meyllidir. Unutmaq olmaz ki, dünya ancaq yaxşı adamlardan ibarət deyil. Buna görə də həssas insanlar daha gözüaçıq olmalı, həyatındakı insanları seçərkən daha diqqətli davranmalıdır. Düzdür, biz istəsək də, istəməsək də, həyatımızdakı hər kəsi seçmək şansımız yoxdur. Mütləq bizdən istifadə etməyə çalışanlar da olacaq. Lakin deyirlər, insan ətrafındakı beş şəxsin cəmidir. Heç olmasa, bu beş şəxsi düzgün seçə bilsək, daha yaxşı olar. Bəlkə iş yoldaşımızı seçə bilmirik, ancaq həyat yoldaşımızı seçə bilirik. Ailəmizi seçə bilmirik, ancaq dostumuzu seçə bilirik. Həyatımızda əsas rol oynayan insanları düzgün seçə bilməliyik. Bu, o insanlar olmalıdır ki, onlar həqiqətən də sizin həssaslığınızı "gözusululuq" kimi dəyərləndirməsin. Əgər yaxın çevrənizdə sizi belə dəyərləndirən insanlar varsa, ən yaxşısı, onlarla aranıza sərhəd qoymaqdır.

Mən özüm də təbiət etibarilə çox həssas insanam. Nə yalan deyim, özümü dəyişmək üçün çox mübarizə aparmışam. Ancaq bacarmamışam. Nə yaxşı da bacarmamışam. Çünki indi özümü bu cür qəbul edirəm, bu cür sevirəm. Artıq gözüm dolanda güclü görünmək üçün göz yaşıma göz yummuram. Buraxıram göz yaşımı yanağımın ixtiyarına. Bəli, həyat bizim kimi insanlar üçün ikiqat çətindir. Çünki biz bir çətinliyi yaşayırıq, bir də onun ağrısını. Ancaq həyat təkcə çətinliklərdən ibarət deyil, axı. Az-çox gözəl tərəfləri də var, biz o gözəllikləri də daha dərindən hiss edə bilirik. Deməli, həssas qəlblər üçün dünya təkcə cəhənnəm yox, həm də cənnətdir.

Mənbə: "525-ci qəzet"