Həyat sən nə qəribəsən?

Həyat sən nə qəribəsən?

11-03-2024 15:59 / Bu xəbər 2057 dəfə oxundu

(Hekayə)

Atam sonuncu dəfə həbs olunanda on beş yaşım vardı. Sonuncu deyirəm, çünki o vaxta qədər atam bir neçə dəfə şərlənərək həbs olunmuşdu. Amma, adətən, bu həbslər qısamüddətli olurdu və biz necə deyərlər, artıq buna öyrəşmişdik. Bu dəfə isə vəziyyət fərqli idi. Atama bir neçə maddə ilə ittiham irəli sürülmüşdü və həbsinin qısamüddətli olacağını gözləmək sadəlövhlük olardı. Atam jurnalist idi...

Siyasi hakimiyyətin yuxarı eşalonunda təmsil olunan məmurların korrupsiya əməlləri, ölkəni talaması, yol verdikləri qanunsuzluqlarla bağlı çoxsaylı araşdırmaların müəllifi idi. Onu susdurmaq üçün bir çox vasitələrə əl atmışdılar. 

Şirnikləşdirici vədlər, vəzifə təklifləri işə yaramayanda həbslər, təzyiqlər və s. Hətta kiçik qardaşımın müəmmalı ölümü belə onu öz yolundan döndərə bilməmişdi. 
Bu dəfə isə fərqli yola əl atmışdılar. Polislər atamı həbs etmiş, bizi evdən təcrid edərək orada axtarışa başlamış, tezliklə evimizdə silah, narkotik maddə və mənşəyi məlum olmayan külli miqdarda pul "tapmışdılar”. 

Bu da yetməzmiş kimi atamın tanımadığı, daha əvvəl heç vaxt görmədiyi bir şəxsin onun üzünə duraraq əleyhinə şahidlik etməsi idi. Atamın başına gətirilənlər və qardaşımın ölümü anamı sağalmaz xəstəliyə düçar etmişdi. Bunun nəticəsidir ki, atamın həbsindən bir müddət sonra o, bu xəstəlik səbəbindən vəfat etmişdi. Belə olan halda isə biz nənəmin himayəsində yaşamağa məcbur olmuşduq. 

Maddi sıxıntılar səbəbindən evimizdə pula gedəcək hər şeyi satmışdıq. Bu da kifayət etmədiyindən ailənin böyük oğlu olaraq evin bütün yükünü çəkmək məcburiyyətində qalmışdım. Dərsdən sonra müxtəlif kafelərdə və şadlıq evlərində ofisiant olaraq işləyir, vaxt qaldıqda isə Saray bağlarında fəhləliklə məşğul olardım. 

Atamın həbsindən bir neçə il keçmişdi. Bütün çətinliklərə baxmayaraq məktəbi bitirmiş, universitetə qəbul olmuşdum. Dostum məni Bakıda fəaliyyət göstərən kurslardan birində işə düzəltmişdi və burada repetitorluq fəaliyyəti ilə məşğul olurdum. Bu iş yeri mənə sərf edirdi. Belə ki, burada həm şagirdlərə riyaziyyat və digər fənlərdən dərs keçir, onların universitetə qəbul olmaları üçün kömək edir, həm də öz dərslərimi hazırlayırdım. 

Tələbə olaraq qazancım da pis deyildi. Bu isə mənə əlavə stimul verir, daha da həvəsləndirirdi. İş elə gətirdi ki, universiteti bitirdikdən sonra da fəaliyyətimi burada davam etdirəsi oldum. Tədris müəsisəsinin nənki paytaxtda və hətta ölkənin bir çox regionlarında filialları fəaliyyət göstərirdi. Rəhbərlik mənim bacarığımı nəzərə alaraq bəzi regionlardakı filialları da mənim nəzarətimə vermişdilər. Rəhbərliklə tez-tez görüşür, gələcək fəaliyyət strategiyası barədə müzakirələr aparırdıq. Bu görüşlər zamanı Səbinə adlı qız mənim diqqətimi xüsusilə cəlb etmişdi. 

O, sadə və olduqca gözəl idi. İşimlə bağlı olaraq onunla tez-tez ünsiyyətdə olurdum. Bu ünsiyyət qısa müddət ərzində dostluğa, daha sonra isə sevgiyə çevrilmişdi. Artıq onunla söhbətlərimiz birgə gələcək, ailə həyatı və s. kimi məsələlərlə bağlı olurdu. Artıq atam da həbsdən azad olunmuşdu. Beynəlxalq insan hüquqları üzrə təşkilatların səyləri nəticəsində hakimiyyət onu vaxtından öncə azad etməyə məcbur qalmışdı. Atamın azad olunması bizi sevindirsə də, həbsxana həyatı onun sağlamlığına ciddi təsir göstərmiş və bir sıra fəsadlar yaratmışdı. 

Mən onun sağlamlığının bərpa edilməsi üçün əlimdən gələni edirdim. Səbinə də bu işdə xüsusi canfəşanlıq edir, atamın sağalması üçün var gücü ilə çalışırdı. Atam da onu bəyənmişdi və bu məni olduqca sevindirirdi. Səbinə ilə evlənməyə qərar versək də valideyinlərimizin tanış olmaları üçün və adətimizə uyğun olaraq, elçiliyə ehtiyac vardı və mən atam, bibim və əmimlə Səbinəgilə yollanmış, onları qapıdan içəri ötürdükdən sonra binanın həyətində onları gözləyirdim. On beş-iyirmi dəqiqə sonra binanın həyətinə daxil olan təcili tibbi yardım maşını düz Səbinəgilin blokunun ağzında dayandı və həkimlər ora daxil oldular. 

Bir neçə dəqiqə sonra onlar geri qayıtdıqda xərəkdəki adamı  atamı tanıdım. Həkimlərin arxasınca təlaşlı şəkildə çıxan bibim və əmim üzümə baxır və sanki məni nədəsə ittiham edirdilər. 

Maraqlısı odur ki, Səbinənin ailə üzvlərindən heç kim gözə dəymirdi. Təcili xəstəxanaya gedəsi olduq. Yolda dəfələrlə soruşmağıma baxmayaraq heç kim mənə nəsə demirdi. Xəstəxanaya çatdıq, lakin həkimlərin səylərinə baxmayaraq atamı xilas etmək mümkün olmadı. Dəfndən sonra bibimdən öyrəndim ki, atam Səbinənin atasını görəndə halı pisləşibmiş. 

Sən demə, atamın üzünə durub onu şərləyərək, mənim uşaqlığımı, gəncliyimi əlimdən alan, anamı itirməyimə səbəb olan şəxs Səbinənin atası imiş...

Əbil Həsən