Həyat yoldaşı: "Həbsxanada Polad Aslanova təzyiqlər edilir"

Həyat yoldaşı:

10-10-2021 00:45 / Bu xəbər 646 dəfə oxundu

"1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan həyat yoldaşım Polad Aslanova təzyiqlər olunur. İçəridə süni şəkildə problemlər yaradılır".

Bunu həbsdə olan jurnalist Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova sosial şəbəkədə yazıb.

O bildirib ki, jurnalistin kamera yoldaşını da döyüblər: ""Kars"a salıblar, ona yemək, su keçirməyə imkan vermirlər. Cəzaçəkmə Müəssisəsinin rəisi Emin Həsənov məhbusları Polad Aslanovun üzərinə qaldırıb".

Gülmirə Aslanova deyir ki, Polad Aslanova təzyiqlər AXCP sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədova dəstək verməsi il bağlıdır: "Polad Aslanova qarşı təzyiqlər Niyaməddin Əhmədova dəstəyindən sonra başlayıb. Belə ki, Polad Aslanov dəstək yazısı mediada da dərc olunub. İlham Əliyev Polad Aslanovdan Niyaməddin Əhmədova dəstək olmağın qisasını alır".

Jurnalistin həyat yoldaşı bildirib ki, artıq təzyiqlərlə bağlı Ombudsman Aparatına da məlumat verib: "Deyirlər ki, siz Cəzaçəkmə Müəssisəsinə müraciət edin, əgər problem həllini tapmazsa, yenidən bizimlə əlaqə saxlayın".

Polad Aslanov 2019-cu il iyunun 12-dən həbsdədir. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə - dövlətə xəyanətdə təqsirli bilinib. 

Cinayət işinin materiallarında iddia olunur ki, Polad Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.

Baş redaktor isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir. 

O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir.

Polad Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. 

O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.

AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. 

Öncə ona karantin rejimini pozma ittihamıyla 1 aylıq inzibati həbs cəzası verilib. Bu cəza bitdiyi gün barəsində Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə cinayət işi başlanıb. 

O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, bəzən də təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. 

İddia edilir ki, Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyir, bu məqsədlə həmkəndlisi olan Niyaməddin Əhmədova pul göndərib.

Niyaməddin Əhmədov isə ittihamı rədd edib, Əli Kərimlinin mühafizəçisi olduğuna görə cəzalandırıldığını, onun əleyhinə ifadə verməsi üçün ağır işgəncələrə məruz qaldığını deyir.

Məhkəmədə dindirilən şahidlər də bildirib ki, Qabil Məmmədov Azərbaycandan köçəndə bir çox adama, o cümlədən həmkəndlilərinə borcu vardı. Sonradan Almaniyadan hissə-hissə pul göndərərək, borclu olduğu adamlara çatdırılmasını istəyib. Niyaməddin Əhmədova da borcunun bir hissəsini qaytarıb.

2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyilə çıxarılan hökmə əsasən, Niyaməddin Əhmədov 13 il azadlıqdan məhrum edilib.