Həyat yoldaşı: "Nazim Bəydəmirlinin səhhətində ciddi problemlər var"
12-03-2024 13:24 / Bu xəbər 887 dəfə oxundu
Hazırda həbsdə olan iqtisadçı Nazim Bəydəmirlinin səhhətində ciddi problemlər yaranıb.
Bu barədə həyat yoldaşı Fəridə Bəydəmirli məlumat yayıb.
Onun sözlərinə görə, Nazim Bəydəmirli səhhəti ilə bağlı bunları deyib: "Bir həftədən çoxdur ki, qan təzyiqim 150.90-dan aşağı düşmür, ürək döyüntüm yüksəkdir, şiddətli nəfəs darlığım var. İki həftədən çoxdur ki, açıq havada gəzintiyə icazə verilmir, "starşina" Əliyev İsmət və rejim rəisi Tural Mustafazadəyə dəfələrlə müraciət etsəm də, bir xeyri olmadı. Dedikləri cavab bu oldu ki, xidmət rəisi icazə verəndə çıxarsan. Səhhətimdə olan problemlər yenilik deyil, noyabrın 30-u axrıncı dəfə müstəntiqlə görüşəndə bunları ona demişdim. Ailəmin xəbəri yoxdur, ancaq səhhətim yaxşı deyil. Müstəntiq özü də halımın yaxşı olmadığını gördü. Buna baxmayaraq yanvarın 31-i həbs müddətinin daha 2 ay uzadılmasına nail oldu".
Fəridə Bəydəmirli deyib ki, fevralın 21-də vəkil həkim müayinəsi tələb etsə də, heç bir müsbət cavab verilməyib:
"21.02.2024 tarixində vəkil Aqil Layıc vasitəsilə Nazimi müayinə etmək üçün mülki həkim tələb etsək də, müraciətimiz təmin olunmadı. "Facebook"da yazılar getdikdən sonra Ədliyyə Nazirliyinin hospitalından kardioloq göndərildi. Həkim Nazimi EKQ və EXO müayinəsindən keçirib və tövsiyə edib ki qan analizi versin, nəticəyə uygun təcili müalicəyə başlanmalıdır. Həmin xanım həkimin telefonunu tapıb zəng etdim və xahiş etdim ki, Nazimin müayinə nəticəsini mənə desin, mən öz imkanım daxilində dərmanlar alıb göndərim. Verdiyi cavab belə oldu: "Mən Nazim müəllimi və diaqnozu xatırlamıram, siz yaxşısı budur ki, Penitensiar Xidmətin həkimlərindən soruşun".
"Onlardan da soruşdum, amma doğru-düzgün cavab ala bilmədim. Anlaşılan odur ki, heç kim doğruları söyləməyəcək. Hər gün Nazimin səhhəti ilə bağlı yazılar yaza bilmirəm, uşaqlar oxuyub narahat olur, qorxurlar. Mən hər gün Nazimə nəsə olacaq qorxusu ilə yaşayıram. Nazimi şərləyib həbs edənlər, nəyə nail olmağa çalışırsınız? Məqsədiniz nədir? Bir ay bundan öncə telefonla danışanda söz düşmüşdü. Ona dedim ki, el-oban sənə arxa-dayaq olmadı. Mənə verdiyi cavab belə oldu: "Canım qurban el-obama, canım qurban vətənimə, Xankəndində dalğalanan bayrağıma", - Fəridə Bəydəmirli belə deyib.
O deyir ki, Nazim Bəydəmirli bu mövzuda ona məktub da yazıb: "Nazim Bəydəmirli kimi şəxsiyyətlər anasından belə doğulublar. Nazimi 9 ay günahsız yerə həbsdə saxlamaqla, işgəncə verməklə zülmə-zillətə məruz qoymaqla onun ürəyindəki vətən sevgisini qazıyıb atmaq olmayacaq. Məhz bu üzdən göz görə-görə Nazimi həbsdə, məni azadlıqda qram-qram öldürməyə çalışırsınız və bundan böyük həzz alırsınız. İçinizdə insanlıqdan zərrə qədər nəsə qalıbsa, belə öldürməyin, ikimizi də güllələyin", - o belə qeyd edib.
Penitensiar Xidmətdən məsələyə heç bir reaksiya verilməyib.
Nazim Bəydəmirli nə zaman həbs olunub?
Nazim Bəydəmirli ötən il iyulun 4-də Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsilə (xeyli miqdarda əmlaka sahib olmaq məqsədilə hədə-qorxu ilə tələb etmək) ittihamı irəli sürülüb. Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib.
2024-cü ilin yanvarın 31-də Nazim Bəydəmirlinin həbs müddətinin daha 2 ay uzadılmasına qərar verilib.
Bəydəmirli ittihamı rədd edərək onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb.
Onun sözlərinə görə, həbsinin əsl səbəbi ətraf mühitin çirkləndirilməsilə bağlı Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etirazlarını dəstəkləməsidir.
Sentyabrın 1-də Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsilə (hədə-qorxu ilə təkrar tələb etmə) daha bir ittiham irəli sürülüb.
Vəkilin sözlərinə görə, bu ittiham 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində guya Bəydəmirlinin təhdid yoluyla kimdənsə pul tələb etməsinə əsaslanır.
Vəkil həm mahiyyət etibarilə, həm də iddia müddətinin keçməsilə əlaqədar ittihamın əsassız olduğunu deyib.
Hüquq müdafiəçiləri Nazim Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.