Heydərovların şirkətlərinin Paşayevlərə transformasiyası

Heydərovların şirkətlərinin Paşayevlərə transformasiyası

27-05-2022 01:22 / Bu xəbər 1884 dəfə oxundu

"Gilan Holding” "ələkdən keçirilir” – Nazir ailəsinin şirkətlər qrupunun sirr dolu əl dəyişdirməsi

Fövqəladə hallar nazirinin övladlarının idarə etdiyi holdinq ciddi dəyişikliklərə uğrayır. Bir çox şirkət qrupdan ayrılaraq, sahiblərini dəyişir. Amma bu, aysberqin görünən tərəfidir. Prosesin pərdəarxasını öyrənməyə cəhd etdik.   

"Gilan Holding” ətrafında son bir neçə ayda dinamik, həm də müəmmalı proseslər cərəyan edir. Şirkətlərin adları dəyişir, bir çoxu GİLAN firma adından imtina edir. Elə götürək Xəzər dənizi sahilində inşa olunan "Crescent” layihəsini. 

"Gilan Holding”in fantastik daşınmaz əmlak layihəsi idi. İndi dəyəri yüz milyonlarla dollar olan bu 7 ulduzlu layihəni (The Cresent Baku, Crescent Mall və Crescent Bay Development) başqa bir oliqarxik qrup – "Pasha Holding” idarə edir. 

"Gilan Holding” özü bu barədə heç bir açıqlama vermir. Bu isə şərhlər üçün geniş meydan açır. 

Sıradan bir şirkət olsaydı, diqqət ayırmağa dəyməzdi: birləşmələr, şirkətlərin "udulması”, yüksəlişi və qürubu – bunlar biznesdə normal proseslərdir. Amma söhbət minlərlə adamın çalışdığı şirkətlər qrupundan, nazir oğullarının idarə etdiyi holdinqdən gedirsə, məsələyə ictimai-siyasi maraq, hətta narahatlıq başadüşüləndir. 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğlu Tale "Gilan Holding”in Direktorlar Şurasının sədri, onun qardaşı Nicat isə holdinqin baş icraçı direktorudur. Özlərini rəsmən bu qiyafədə təqdim edirlər. 


Qardaşlar son bir il yarım ərzində Londondakı bizneslərinin demək olar ki hamısını bağlayıblar. İndi onların Britaniyada tələbəlik illərində Bakıdan gələn pullar hesabına qurduqları 10 şirkətdən yalnız biri – "United Enterprises International Limited” şirkəti qalıb. Onun da zərərləri 7 milyon manatdan çoxdur. 

Odur ki, holdinq ətrafında gedən proseslərə bir də bu tərəfdən baxaq: Ola bilərmi ki, Heydərovlar Londondakı restoran, daşınmaz əmlak bizneslərini bağlayıb, kapitalı Azərbaycana gətirirlər? Son bir neçə ildə İngiltərədə Azərbaycandan olan neçə oliqarxın pulunu "çirkli çıxarıb” əlindən alıblar. Bu səbəbdən dumanlar ölkəsində oliqarxlar üçün "ayaq üstə” durmaq indi asan iş deyil.  İş ondadır ki, qardaşların Azərbaycanda da işləri yaxşı gətirmir, axı. Dolaşan fikirlərdən biri Bakı və bölgələrdəki şirkətlərin kiməsə, yaxud kimlərəsə təhvil verilməsidir. Burada həqiqət payı nə qədərdir, bilmirik. 

Odur  ki, gəlin mediaya sızan və dövlətin rəsmi məlumat bazalarında təsdiqini tapan məlumatlara göz gəzdirək: "Yarpaq tökümü” Yevlaxdakı Dəri Emalı Zavodundan başlayıb. 2021-ci ildə zavod holdinqdən ayrılıb. Daha sonra Qəbələdə, Nohurgöl yaxınlığındakı "Chenot” oteli holdinqin tərkibindən çıxıb. Bu otelə bağlı olan iki şirkət: "Chenot Azərbaycan” MMC və "Nohurgöl Hotel” MMC indi onun nəzarətində deyil. Bu kurort sağlamlıq oteli əmlak idarəçiliyi ilə məşğul olan və Paşa Holdinqə yaxın "PMD Group” MMC-nin törəmə müsəssisəsi – "PMD Hospitality” şirkətinə məxsusdur.


Sağdan sola: Tale Heydərov, Kəmaləddin Heydərov və Nicat Heydərov

PMD Qrupuna ötürülən təkcə bu mehmanxana deyil. "Gilan Holding”ə aid olan "Azcapital Holdings” MMC və "Azterminal-1” firması 2022-ci ildə həmin qrupa qoşulub. 

"Pasha Holding” Şirkətlər Qrupunun nəzarətinə keçən şirkətlər arasında Azərbaycanda aparıcı ödəniş sistemlərindən biri olan "MilliÖn” terminallarının sahibi olan "Komtec” MMC də var. Mülkiyyətçi dəyişikliyi sirkətin ad dəyişimi ("PashaPay” MMC) ilə tamamlanıb.

Əl dəyişən şirkətlərdən bir "Bakı Günaydın” MMC-dir. Bakıda restoranlar işlədən bu şirkətin baş ofisi "Port Baku Towers”ə köçüb. "Pasha Holding” onu da öz idarəetməsində olan şirkətlərə qatıb.

Ötən il "Gilan Holding” Birləşmiş Ərəb Əmiriklərindəki şirkətlərinin biri vasitəsilə Bakıda idarə etdiyi 1,5 milyon manat kapitalı olan"Azfinance” investisiya şirkətini onun menecerlərinə ötürüb. 

Bu il həm də holdinqin iki beton zavodu şirkəti əl dəyişib. Qəbələdəki və Bakının Zığ qəsəbəsindəki beton zavodları beton bazarının fəal oyunçusu olan "Spark” şirkətinə keçib. 

Əslində "Gilan”ın "əridilməsi” təxminən 3 il bundan əvvələ gedib çıxır. O zaman "Gilan Holding”ə daxil olan bəzi şirkətlərin Kəmaləddin Heydərovun bacanağına ötürülməsi prosesi başlanıb. Əvvəlcə "AFB Bank” "Azsığorta” şirkətinin sahibi Hikmət İsmayılovun adına keçdi. Daha sonra isə onun adı daha bir neçə şirkətin rəhbərliyində göründü. "Promenade Properties”, "Avant Trading”, "Gilan FMCG Group” şirkətlərini indi o idarə edir. Bundan başqa, nazir Kəmaləddin Heydərovun İran əsilli işadamı Manuçehr Əhədpurun idarə etdiyi ən azı iki şirkətin: "AzF Co Ltd” və "Gilan Kənd Təsərrüfatı və Aqrar Sənaye”-nin direktoru indi onun bacanağıdır. 

Yeri gəlmişkən, Manuçehr Əhədpur daha bir neçə şirkətin rəhbərliyindən kənarlaşıb. Bunlar: "Caspian Fish Co Azərbaycan”, "Delfin-Tikinti”, "Az Sole Co Ltd”, "Az Texnika Ltd”, "Az Plas Ko Ltd”, "AZ MDF Ltd”,  "Az Fefrigerator Ko Ltd” və "Az FP Co Ltd” şirkətləridir. Bu, Kəmaləddin Heydərov və Manuçehr Əhədpurun biznesdə yollarını ayırması anlamına gəlirmi? Qəti söz demək çətindir.


Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğlu, "Gilan Holding”in Direktorlar Şurasının sədri Tale Heydərov

"Gilan Holding” korporativ internet səhifəsini neçə illərdir ki yeniləmir. Ümumiyyətlə, Heydərovların biznes imperiyasına dair açıq məlumatları təhlil etdikdə belə bir təəssürat yaranır ki, qardaşlar holdinqi yenidən formatlaşdırırlar. Bu fikrə Tale Heydərovun inandığı biznes strategiyası işıq salır: O, İshaq Adezesin "Korporativ həyat dövrü” nəzəriyyəsinə inanır.

Bu nəzəriyyə hər bir şirkətin "öz həyat tsikli olduğuna görə” ona canlı orqanizm kimi baxılmağın gərəkliyini iddia edir.  "Mən böyüməkdə olan insanlar kimi şirkətlərin də həyat dövrünün doqquz mərhələdən keçdiyini öyrəndim. "Korporativ həyat dövrü” nəzəriyyəsi işlədiyim şirkətlərin miqyasından və yaşından asılı olmayaraq, şəxsən mənim üçün hər birində faydalı olub. Bu nəzəriyyə mənim şirkətlərin üzləşdiyi problemləri düzgün qiymətləndirməyimə və həll etməyimə yardımçı olub”, – deyir Heydərov.  

Adizesin biznes nəzəriyyəsində şirkətlərin "zadəganlıq” mərhələsindən də söhbət açır. Eynən "Gilan Holding”dən danışırmış kimi. Alimin tədqiqatlarına görə, "şirkətlər Zadəganlıq mərhələsində kifayət qədər zəngin və güclü maliyyə mənbələrinə malik olur, lakin onlar dəyişikliklərin baş verməsindən qorxur və gələcəkdə nail ola biləcəklərinə deyil, keçmiş nailiyyətlərinə baxdıqları üçün getdikcə zəifləyirlər. Şirkətlərin ayaqda qalması üçün idarəetmədə fərqli xüsusiyyətlərə və düşüncə tərzinə malik insanlar təmsil olunmalıdır. Onların heyətində bu qurumları qaçılmaz dəyişikliklərə uyğunlaşdıracaq "təşəbbüskar”ın olması zəruridir”. 

İndi "Gilan Holding”də baş verənlərə bəlkə bu prizmadan baxmaq lazımdır? Bunun təsdiqi kimi ayrı-ayrı şəxslərə bir neçə şirkətin menecmentinin həvalə olunması faktını göstərmək olar. 

Məsələn, "Caspain Fish” zavodunun indiki direktoru Emil Rauf oğlu Sultanov eyni zamanda qrupun daha bir neçə şirkətinin: 

"STR İmport and Distributon”, 
"Delfin-Tikinti”,
"MNK”,
"Az Sole Co Ltd”,
"Az Refrigerator Ko Ltd”,
"Dəniz Co. Ltd”,
"Azcapital Services”, 
"Real Estate Management”,
"İlandağ İnvestment Group”,
"İlandağ Services”, 
"Kaspia Real Estate Group”, 
"Kaspia Real Estate Services”,
"Hereti Real Estate”, 
"Bio Box” (əvvəlki adı "General Management Consulting”),
"Gilan Vegetables”,
"Gilan Aqro”,
"Gilan Plastik”, 
"Gilan İnşaat”,
"Gilan Zeytun” və "Baku İnternational Tobacco” MMC-lərin meneceridir.

Yeni menecerlərdə bir Rəhman Faiq oğlu İbrahimovdur. Bu şəxsin 25 yaşında ikən, 2016-cı ildə Bakı küçələrində "Porsche” markalı maşınla avtoxuliqanlığa görə həbs olunması haqda məlumatlar var. İndi isə o, "Gilan Holding”in azı 16 şirkətində icraçı direktor vəzifəsindədir. Bunlar: 

"Ay-NT”, 
"Gilan Servis”, 
"Sky Star Travel Company”, 
"Şirvan Nəqliyyat”, 
"Şirvan Sənaye”, 
"Şirvan İnşaat”, 
"BM-Texnologiya”, 
"Gilan-TN”, 
"Gilan Hospitality Group”, 
"Gilan-Kərpic Zavodu”, 
"Gilan Tech”,
"URBN Real Estate Group”, 
"URBN Az Development”,  
"URBN Real Estate Services”, 

"URBN İnternational Development” və "URBN Lanscapes” şirkətləridir. Bu şirkətlər nəqliyyat, tikinti, xidmət, turizm sahələrində fəaliyyət göstərirlər. 

İndi isə ilginc bir məqam. Bu incə xüsusat həm də ona işarə ola bilər ki, Rəhman İbrahimovun rəhbər təyin olunduğu şirkətlər bir başqa şirkətlər qrupu portfelinin yaradılmasında aralıq mərhələ yaşayır. Nədir bu məqam? Baxın, bir müddət bundan öncəyə qədər bu gənc "Gilan Holding”in daha iki şirkətinin – "Gilan Logistics Group” və "Gilan Hospitality-Lənkəran” şirkətlərinin direktoru vəzifəsini icra edirdi. İndi isə bu şirkətlərə Günel Qafarova adlı, yaşı, təhsili, ünvanı ictimaiyyətə məlum olmayan xanım rəhbərlik edir. Özü də təkcə bu şirkətlərə yox.

Günel Vilayət qızı Qafarova hazırda 26 şirkətin direktorudur. Bu şirkətlərdə "Gilan” adından imtina olunub, "ABA” firma adından, yaxud onun öz adının inisialından (GQ) geniş istifadə olunur. Şirkətlərin hamısının qeydiyyat ünvanı isə Babək prospektində yaşayış evindəki mənzillərdən birinə dəyişdirilib:

"ABA NEM” MMC – əvvəlki adı: "Nuray-EM”;   
"ABA AT” MMC – əvvəlki adı: "Agro Trading Azerbaijan”; 
"ABA ATC” MMC- əvvəlki adı: "Azinternational Trade Circle”; 
"ABA AUA” MMC – əvvəlki adı: "Auto UEİ Azerbaijan”; 
"ABA Aİ” MMC – əvvəlki adı: "Gilan Agrocultural İnternational”; 
"ABA CG” MMC – əvvəlki adı: "Gilan Cotton and Grain”; 
"ABA FP” MMC – əvvəlki adı: "Fantasy Pictures”; 
"ABA GPH” MMC – əvvəlki adı: "Green Property Holding”; 
"ABA HB” MMC – əvvəlki adı: "Gilan Hospitality-Bakı”; 
"ABA HL” MMC – əvvəlki adı: "Gilan Hospitality-Lənkəran”; 
"ABA HQ” MMC – əvvəlki adı: "Gilan Hospitality-Qəbələ”; 
"ABA Logistics Group” MMC – əvvəlki adı: "Gilan Logistics Group”; 
"ABA PP” MMC – əvvəlki adı: "Pacific Properties”; 
"ABA PTS” MMC – əvvəlki adı: "Prof Trade Service”; 
"ABA QŞ” MMC – əvvəlki adı: "Qəbələ Şərabı”; 
"ABA Trading-123” MMC – əvvəlki adı: "Gilan Trading”; 
"ABA Trucks” MMC – əvvəlki adı: "UEİ Trucks”; 
"ABA UNT” MMC – əvvəlki adı: "UEİ Nobel Tech”; 
"ABA VY” MMC – əvvəlki adı: "Gilan Vineyards”; 
"ABA Yarımada” MMC- əvvəlki adı: "Yarımada”; 
"ABA İDM” MMC – əvvəlki adı: "İnspection Development Monitoring”; 
 "ABA CPC” MMC – əvvəlki adı: "Caspetchem”; 
 "ABA HYT” MMC – əvvəlki adı: "Həyat”; 
"GQ BFBK” MMC – əvvəlki adı: "Bakı Fires Boks Klubu”; 
 "GQ KYS” MMC – əvvəlki adı: "Gilan Keysinq”; 
"GQ QB” MMC – əvvəlki adı: "Quintessentiall Baku”. 

"Gilan Holding”in transformasiyasında adı keçən önəmli simalardan biri də 44 yaşlı məcburi köçkün, Xırdalan şəhərində qeydiyyatda olan Zaur Davud oğlu İbrahimovdur. Son bir neçə ayda o, "Gilan Holding”in ictimaiyyətə məlum olan 19 şirkətinə direktor təyin olunub. Bunlar:

"Az Kommunal Servis” ASC, 
"Residence Tovver”, 
"Mirvari Park Residence”,
"Gilan Retail Group”, 
"Gilan Pastoral”,
"Azcore Construction”,
 "High Energy Distribution”, 
"Abşeron-Zeytun”, 
"Azqazservis”, 
"FDM Azərbaycan”,
"Gilan-Ülkər Trading”, 
"Gilan Lift”, 
"Gilan-Pakoil”,
"Gilan Tech”,
"Benkons Supplies”,
"Hajigabul Greenhouse”,
"Qəbələ Sport Store”.

"Business Management Group Companies” MMC-lərvə "United Enterprices International Limited” şirkətinin Azərbaycan filialıdır.       

"Gilan Holding”də baş verən dəyişikliklər, yaxud dəyişiklik öncəsi vəziyyətlə bağlı 4 nəfərin adını çəkdik: Günel Qafarova, Rəhman İbrahimov, Zaur İbrahimov və Emil Sultanov. Bilirsiniz onları birləşdirən ortaq cəhət nədir? Hərəsi iki əlin barmaqlarına sığmayan qədər şirkət idarə edən bu adamların sosial şəbəkələrdə öz adlarına açdıqları sadə profili belə yoxdur. 


Biznes məsləhətçisi Dr. İshak Adizes

Bu yerdə Tale Heydərovun sevimli biznes məsləhətçisinin sözləri yada düşür: Dr. İshak Adizes həmçinin idarəetmənin "istehsal, idarəetmə, təşəbbüskarlıq və birləşdirmə” kimi dörd fərqli rolunun olduğunu bildirir. 

Kimsə bu dörd vacib funksiyanı yerinə yetirməsə, şirkətin fəaliyyəti uzun müddət davam edə bilməz. Bunun əsas səbəbi kimi rəhbər heyətdə birliyin olmaması göstərilir. 

Mükəmməl şəraitdə bir menecer bu idarəetmə funksiyalarının dördünü də inamla icra edə bilər. Əslində isə bu dörd idarəetmə funksiyasını yerinə yetirən və bunu yüksək səviyyədə icra edən insanları tapmaq çox çətindir. Yaxşı menecer bu funksiyaların ən azı ikisini məqsədəuyğun şəkildə icra etməyə qadirdir. Digər ikisi haqqında isə onun yalnız anlayışı ola bilər. 

Deyəsən, cənab Heydərov idarəetmədə 4 vacib komponenti özündə birləşdirməyə qadir sirli 4 menecer tapa bilib. 

"Gilan Holding” onun ətrafında baş verən prosesləri şərh etməyə dair sorğuya cavab verməyib.
 
Mənbə: Meydan TV