Hikmət Hacıyev susdu, Qriqoryan açıqladı

Hikmət Hacıyev susdu, Qriqoryan açıqladı

06-05-2022 14:15 / Bu xəbər 3068 dəfə oxundu

Mayın 2-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Brüsseldə görüş keçirmiş Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda brifinq keçirib.

Xəbəri "Turan" agentliyi yayıb.
 
Qriqoryan deyib ki, sülh danışıqları "5+6" gündəliyi əsasında, yəni Bakının təklif etdiyi bəndlərə İrəvanın irəli sürdüyü 6 bəndin əlavə edildiyi gündəlik əsasında başlamalıdır.

Qriqoryanın bəhs etdiyi "5+6" düsturuna gəlincə, bu düstur Azərbaycanın təklif etdiyi prinsiplərin (5) Ermənistanın təklifləri ilə (6) birləşdirilməsini nəzərdə tutur.

O qeyd edib ki, Azərbaycan suverenliyin, ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınmasını, gələcəkdə ərazi iddialarından imtinanı, beynəlxalq səviyyədə tanınmış sərhədlərin (sovet dövrünə əsasən) delimitasiyasında və demarkasiyasını, sülh müqaviləsinin bağlanmasını zəruru sayır və Ermənistan tərəfi bunu qəbul edir.

Amma Ermənistan Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət və onlara müəyyən status verilməsini də istəyir. 

Qriqoryanın sözlərinə görə, bu məsələlər Azərbaycanla müzakirə olunur.

Qriqoryan həmçinin Ermənistan və Azərbaycan arasında anklavların qaytarılmasının baş tutmayacağı, 90-cı illərin əvvəllərində işğal edilmiş üç Azərbaycan anklavının və bir Ermənistan anklavının mübadilə edilə biməyəcəyini iddia edib.
 
"Kərki kəndinin geri qaytarılması müzakirə predmeti olmalıdır"
 
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu hesab edir ki, görüşlə bağlı Azərbaycan hakimiyyəti də cəmiyyətə informasiya verməlidir: "Bildiyiniz kimi mayın 2-də  Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Brüsseldə görüş keçirilib. Qriqoryan Yerevana qayıtdıqdan sonra bu görüşün yekunlarına həsr olunmuş brifinq keçirib. Hacıyev isə böyük ehtimalla görüş barədə yalnız prezidentə hesabat verib, halbuki xalqın bu vacib görüş barədə məlumatları Azərbaycan mənbələrindən əldə etmək haqqı vardır. Amma indiyədək nə prezident, nə də onun köməkçisi xalqa nəinki hesabat, heç informasiya belə verməyiblər". 

"Xalqımızın bu müzakirələrdən  10 noyabr 2020-ci ildə olduğu kimi  gecəyarısı  xəbər tutmamalıdır. Odur ki, bu müzakirələrə siz də qatılın ki, hakimiyyətin cavabdehliyi artsın. Fikirləriniz maraqlıdır", - deyə partiya sədri cəmiyyətə səslənib. 
 
"Mənim fikrimcə, birincisi, danışlar prosesi və müzakirə gündəliyində olan məsələlər barədə xalq məlumatlandırılmalıdır ki, 10 noyabr 2020-ci il bəyannaməsinin aqibətini, acısını yaşamayaq. 

İkincisi, Azərbaycan çoxmillətli dövlətdir, odur ki, ermənilərə heç bir siyasi muxtariyyət statusu vermədən onlara da ölkəmizdə yaşayan digər millətlər kimi mədəni hüquqlar vermək mümkündür, yəni Azərbaycan dövlətinin vətəndaşlarına şamil etdiyi hüquq və öhdəlikləri qəbul edib, onlar da dinc yanaşı və təhlükəsiz yaşaya bilərlər. Təbii ki, əgər onu istəyərlərsə, istəyən qalar yaşayar, istəməyənlər də özü qərar verər, heç kim məcbur etməli deyilik. 

Üçüncüsü, Qazax rayonunun 30 ilə yaxındır erməni işğalı altında olan kəndləri, eləcə də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndinin geri qaytarılması da danışıqlarda müzakirə predmeti olmalıdır. Nəhayət, Ermənistan və Azərbaycan qarşılıqlı şəkildə bir-birlərinin ərazi bütövlüyünü tanımalı və hər iki ölkə ərazi iddiasından əl çəkməlidir", - partiya sədri "Arqument.az"a belə deyir.