Hikmət Hacızadə – “sentrovoy” oğlan

Hikmət Hacızadə – “sentrovoy” oğlan

20-11-2024 14:40 / Bu xəbər 1381 dəfə oxundu

Çingiz Sultansoy

Hikmətlə  dostluğum uzaq 1970-ci illərin ikinci yarısında başladı – bir qrup ziyalı ailələrinə mənsub, çoxu mərkəzdə yaşayan, o zamanın elit sayılan məktəb və ali məktəb fakültələrində oxuyan, ağıllı-savadlı, rus və bəzən ingilic dilini, pop-musiqini, yəni "Beatles", "Rolling Stones", "Led Zeppelin", "Bee Gees”, "Boney M" yaradıcılığını, klassik və çağdaş xarici ədəbiyyatı, modern kinonu bilən,  yaxşı rəqs etməyi bacaran, dəblə geyinən, ataları vəzifələrdə işləyən, özünü elit sayan gəncin Azərbaycan dilinin qorunması və bizim, yəni azərbaycanlıların əslində türk olmağımız haqqında söhbətlərindən. 

Bu qrupun çoxu rusdilli idi, o mənada ki rus məktəblərini bitirmişdi və əsasən rusca danışırdı - məndən və soyadını unutduğun, biologiya fakültəsini bitirib Hikmətlə bir laboratoriyada işləyən Nəbi adlı gəncdən başqa. 

Məktəbi və universiteti Azərbaycan dilində bitirsəm də, rus dilini onlardan pis bilmədiyimçün rusdilli sayılıqdım. Həmin qrup üzvləri Azərbaycan dilini fərqli, o qədər də yüksək  olmayan səviyyədə bilirdilər.

O zaman çevrəmizdəki insanların çoxu üçün Azərbaycan dili ikinci dərəcəliydi, xeyli azərbaycanlı öz ana dilində pis danışırdı, yaşıdlarımız arasında heç danışmayan az olsa da, uşaq və yeniyetmələr arasında sayı sürətlə artırdı. 

Bu təhlükəli halın səbəbləri məlum və müəyyən dərəcədə anlaşılan idi – idarə və təşkilatların az hissəsində Azərbaycan dili rəsmi dil idi rus dilini yaxşı bilməyən insan uğurlu karyera qura, rahat yaşaya bilməzdi, çox yerdə Azərbaycan dilində müraciət edən adama bir cürə baxırdılar, bəzən açıq-aşkar saymazyana. 

Azərbaycan dilini mükəmməl bilmək isə cəmi bir neçə sahədə zəruri idi: Azərbaycan folkloru, ədəbiyyatı, dilçilik, xalq musiqisi, kino, teatr  və b. belə elm, mədəniyyət və incəsənət ixtisaslarında.  Amma hətta bu sahələrdə də rus dilini bilməyən çətinə düşürdü. 

Televiziya, kino, xüsusilə daha böyük maraq doğuran xarici filmlər, bədii və elmi ədəbiyyatın mütləq çoxu rus dilində idi. 

Bütün nazirliklər, idarələr, hətta Dövlət Filarmoniyasının girişiylə üzbəüz, bir tərəfi filarmoniyaya, o biri tərəfi indiki Prezident Administrasiyası, o vaxtlar isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin binasına baxan "arxitekturnı” binanın yarımzirzəmisində yerləşən, rütubət və siçan-kəsəyən qoxuyan jekimizdə daha çox rus dilində danışırdılar.

Biz, bir qrup gənc hər yerdə Azərbaycan dilini təbliğ edirdik və öz şəxsi nüfuzumuz hesabına o sovet illərində Azərbaycan dilinin aşağı nüfuzunu yüksəltmək, özünə qaytarmaq istəyirdik. Gənclik qarşısında ən ağlagəlməz, ən əlçatmaz məqsədlər qoya bilir və hətta çatır! Gənclik...

Əlbəttə, biz yeganə qrup deyildik, yəqin ki, beləsi çox idi, amma yalnız iki başqasını tanıyırdım - fizfakın rus sektorunda mənimlə parallel oxuyan Saleh Sultanovun və on dörd-on beş il sonra Elçibəy adıyla prezident olacaq Əbülfəz Əliyevin.  

Qrupumuzun ən fəal və mənə daha yaxın üzvü  qonşum, bizim blokda birinci mərtəbədə yaşayan Şamil Mahmudov, Hikmətlə sonradan yaxınlaşıb dost olduq, indi bütün demokratların tanıdığı, bildiyi nüfuzunu zamanla, bilik və təcrübəylə yığdı. Həm də Hikmət özü o illərdə Azərbaycan dilində yaxşı danışmırdı, ona görə çalışırdı ana dilində qəzet və kitab oxusun, daha çox danışaraq fəal söz ehtiyatını zənginləşdirsin. 

Böyük həvəslə oxuduğum Anarın, Elçinin, Əkrəm Əylislinin, İsa Hüseynovun kitablarını məndən götürüb oxuyurdu,  tez-tez zəng edib "Filan sözü, filan fikri azərbaycanca necə demək olar?" soruşurdu.

Elə o zamanlar, o söhbətlərin sonucu kimi qərara gəldik ki, uşaqlarımız Azərbaycan dilində "azərbaycan sektorunda” oxumalıdır, başqa cür ola bilməz! Şamil və Hikmətin hələ uşaqları yox idi, hələ heç evlənməmişdilər, amma gələcək uşaqların təhsil alacağı dil artıq müəyyən edilmişdi. 

Biz Azərbaycan dilinə və azərbaycandilli təhsilə belə - öz nüfuzumuzla, prestijimizlə, qanımızla - uşaqlarımızla kömək etmək istəyirdik və mənə elə gəlir ki, az da olsa, eləyə bildik.

O zamankı durumun necə acınacaqlı olduğunu bilməyənlərə aydınlıq gətirmək üçün deyim ki, dil, millət mövzularıyla maraqlananlara, təəssübünü çəkənlərə lağla "Millət dərdi çəkəndir” deyirdilər. İndi bu sözlər normal, neytral səslənir, amma ikinci, kinayəli mənası da var, əlbəttə. 

O vaxtlar isə yalnız kinayəli mənası vardı, məhz rişxənd, kinayə və sarkazmla deyilirdi, başqa mənası yox idi... 

Təəccüblü deyildi, millətçilik hələ 1920-ci llərdən beynəlmiləl sovet ideologiasına zidd, əksinqilabi ideologiya və düşüncə tərzi sayılırdı. Azərbaycan sovet ədəbiyyatı klassiklərinin  Süleyman Rüstəm, Səməd Vurgun, Məmməd Səid Ordubadi, Rəsul Rza, Məmməd Rahim və baqalarının yaradıcılığında millətçiliyi damğalayan cümlə, epizod, süjet və əsərlər az deyil. Başqa bir, daha çağdaş misal, haqqında söhbət gedən dövrün populyar və nüfuzlu, hələ otuz iki yaşından Yazıçılar İttifaqının katibi olan nasir və dramaturq  Elçin, Elçin Əfəndiyev "Dolça” povestinin bir personajını millət dərdi çəkən təsvir etmişdi. Amma necə? Çörək kəsdiyi, dost və tez-tez qonaq olduğu adamın arvadının oynaşı kimi. Millət dərdi çəkən oğraş...

Xalqının, ana dilinin halına biganə adamların millət təəssünü çəkən adamlarea lağ etməsi indi siyasətə qarışmayan "vətənpərvərlərin” və vətənşüvənlərin demokratik, etirazçı ruhlu adamları və müxalifəti bəyənməməsinə, lağ etməsinə bənzəyir.

Sovet ideologiasının sözdə yox, əməldə "beynəlmiləlçiliyini”, Moskvanın bizə münasibətini isə yetərincə gec, yalnız  ağlımız kəsəndə anlamağa başlamışdıq. 

1980-ci illərin sonunda, azərbaycanlılar Ermənistandan zorla çıxarılanda, ermənilərin Qarabağ iddialarının yeni mərhələsi alovlananda, Qarabağda yaşayan azərbaycanlılar sıxışdırılıb kəndlərindən qaçqın düşəndə və 20 Yanvarda gözümüzlə gördük və tam anladıq. 

Hikmət Hacızadə, blok qonşum Şamil Mahmudov, Saleh Sultanov, komsomulun mərkəzi komitəsində işləyən Sənan Həsənov və b. gənclərin milli təəssübkeşlər, "millətçilər” sırasında olması  qrupu  nüfuzlu və prestij edirdi. Bu dəstədə dörd gənc universitetin fizika fakültəsinin məzunu idi - Hikmət və Şamili qonşum idi, uşaqlıqdan tanıyırdım, Sənan və Salehi universitetdən. Saleh  "Biz türkük, amma türklüyümüzü unutmuşuq, unutdurublar" söhbətlərinə bizdən əvvəl başlamışdı, az qala universitetin ikinci kursundan və öz dost çevrəsi vardı. 

Bizim bu qrup üzvlərinə "Millət dərdi çəkəndir” deyə lağ eləmək mümkün deyildi, biz özümüz dolamağa adam axtarırdıq,  hazırcavab, dilli-dilavər, belə demək mümkünsə, bərkgedən gənclər idik, çoxundan üstün idik və ya özümüzü üstün sayırdıq, ona görə lağ edənin cavabını asanlıqla verə bilirdik, verirdik də. 

Bir sözlə, bizim, Saleh Sultanovun və başqa bu sayaq gənclərin təbliğatı – imkan daxilində Azərbaycan dilində danışmaq, rus sözlərini işlətməmək cəhdlərimiz yə səyimiz ana dilinin nüfuzu uğrunda çoxdan gedən mübarizəyə köməyi  doğrudan da önəmli oldu... 

...bir var Azərbaycan dilini unutmamağın, ana dilində danışmağın önəmli olmasından rus dilini bilməyən, umimiyyətlə, Azərbaycan dilindən başqa dil bilməyən, elə də müasir və "modnı” olmayan adam danışsın, bir də var Hikmət kimi SSRİ fiziklərinin Məkkəsi sayılan Dubna şəhərində dissertasiya müdafiə edən, Funikulyorun və Azneft meydanı yanındakı evlərdə yaşayan, həmişə dəblə geyinən, "tsentrovoy” oğlanlar.  

Rus dilini bilməyən adamı belə yerdə bircə cümləylə bağlamaq olardı: "Yalnız Azərbaycan dilini bilirsən, onu da məhdud milli dünyagörüşünlə təblig edirsən?!”.
Bakıda, xüsusən bizim yaşadığımız mərkəzdə Azərbaycan diliylə bağlı durum acınacaqlı idi, dilin unudulmaq, itmək qorxusu real idi. Əlbəttə, Bakının Azərbaycan dilini bəyənməyən, rusdilli mərkəzi hələ bütün Azərbaycan deyildi, əksinə Azərbaycanın kiçik hissəsi idi, amma problem burasındadır ki, rayonlardan Bakıya gələn, azərbaycanca danışanların çoxu rus dilini bilməsə və ya pis bilsə də uşaqlarını rusca danışan görmək, rus sektorunda oxutmaq istəyirdi. Məsələn, elə mənim Naxçıvandan və Şəkidən gələn qohumlarım...

Durumu anlatmaq üçün bircə misal bəsdir. Bir neçə il sonra, 1979-80-ci illərdə bir dəfə ilkimiz Jaləni bulvara gəzməyə aparan həyat yoldaşım Zöhrə evə az qala ağlaya-ağlaya qayıtdı. 
- Ay qız, nolub? Kim nə deyib sənə?
Demə, bizim binada yaşayan, adını artıq unutduğum, Zöhrəni – binamıza köçən cavan gəlini artıq tanıyan və rusdilli olduğunu bilən yaşlı qonşu, rus ya yəhudi milliyyətli qadın bulvarda Zöhrənin uşaqla Azərbaycan dilində danışdırdığını görüb heyrətlə soruşmuşdu:
- Вы говорите с ребенком по азербайджански?! (Siz uşaqla Azərbaycan dilində danışırsınız?!)
- Да. (Bəli.)
- A зачем?! (Niyə?!)

Suala diqqət yetirin. Uşaqla ana dilində niyə danışırsan? Çox adamın, elə bu qadının da gözündə Azərbaycan dilinin fitvası verilmişdi, yaxın gələcəkdə, 15-20 il sonra, uşaq böyüyəndə artıq lazım olmayacaqdı...
- Чтобы знала родной язык с детства. (Ana dilini uşaqlıqdan bilsin)
- Вы же калечите ребенка!.. (Uşağı şikəst edirsiniz axı!)

Deməli, uşağa doğma ana dili olan Azərbaycan dilini öyrətməklə şikəst edə bilərdik, edirdik artıq. Zöhrə cavab verməyə söz tapıb-tapmamışdı, bilmirəm, yadımda qalmayıb, bəlkə, ağbirçək qonşuyla mübahisə eləmək istəmimiş, bəlkə də, ehtiyat eləmişdi. 

Azərbaycan dilindən, millətdən çox danışanlarla rusdilli dairələrdə birtəhər baxıldığını demişəm. Dediyim ehtiyat isə ağır repressiya ehtiyatı deyildi, əlbəttə, amma adamın adını qara siyahıya sala bilərdilər, bu da repressiyanın bir formasıdır. 

Məsələn, yaxşı işə, məktəbə-instituta müəllim düzəlməyə mane ola ya da "dopros"a çağıra bilərdilər. Sovet cəmiyyətində НКВД-КГБ  xofu həmişə olub, gah güclənib, gah nisbətən zəifləyib, o illərdə güclü olmasa da, vardı. Stalinin ölümündən cəmisi 25 il keçmişdi, indi isə, 70 il keçəndən sonra Rusiyaya qayıdıb...  

Zöhrə 6№-li "rus sektoru” məktəbini və ADU-nun biologiya fakültəsinin həmin sektorunu bitirmişdi, tələbə yoldaşları, rəfiqələriylə rus dilində danışırdı, atası və anasıyla Azərbaycan dilində, bacısı və qardaşıyla hər iki dildə. Orta məktəbdə bir sinifdə oxuduğu beş rəfiqəsindən yalnız ikisi azərbaycanlı idi - Sevil və Nana (Nailə), biri rus - Nİna, ikisi erməni idi - azərbaycanlıya ərə gedən Lyana və İda - Anahid.

Bu dediklərimi heç bir milləti aşağılamaq üçün deyil, sadəcə, Bakının mərkəzindəki (İlham və Sevil Əliyevlərin də oxuduğu) 6 saylı məktəbin milli tərkibini göstərmək üçün yazıram. Əlbəttə, Bakının yalnız mərkəzi beləydi, kənarları, Azərbaycanın başqa şəhərlərində dil durumu başqa, Azərbaycan dilinin xeyrinə idi. Amma burada nəzərə almaq lazımdır ki, rus dili və rusdillilər elit hesab olunurdu, əksəriyyət onlara oxşamağa, rus dilində danışmağa çalışırdı, hətta rus dilində çətinlikə danışanlar belə. Mənim nə qədər rayondan-kənddən gələn qohum-əqrəbam özü rus dilini bilməyə-bilməyə uşağını rusdilli məktəbə qoydu. Tendensiya özü təhlükəli idi.

Azərbaycan dilinin bu acınacaqlı halını görüb, nəticə çıxarıb dirəniş göstərən şüurlu və cəsarətli gənclərin arasında Hikmət Hacızadə də vardı.  Onunla birinci, evimizin düz Bəhram-Gur fəvvarəsinə baxan uca tağlı blokunda baş tutan söhbətimizdən sonra biz Hikmətlə yaxınlaşdıq və qonşuluğumuz, tanışlığımız tədricən dostluğa çevrildi.

Hikməti çox sonralar siyasət və demokratiya müəllimi, məsləhətçim saymağa başladım, amma bu ayrı bir söhbətin mövzusudur...