Hikmət Hacızadə vəfat edib

Hikmət Hacızadə vəfat edib

20-11-2020 11:00 / Bu xəbər 740 dəfə oxundu

Keçmiş səfir bir müddət əvvəl insult keçirmişdi

Azərbaycanın 1992-1993-cü illərdə Rusiyada səfiri olmuş Hikmət Hacızadə noyabrın 20-də vəfat edib.

Bu barədə Hikmət Hacızadənin oğlu Adnan Hacızadə məlumat yayıb.

Adnan Hacızadə atasının bu gün Yasamal qəbiristanlığında dəfn olunacağını bildirib.

Onun bir neçə gün öncə insult keçirdiyi deyilirdi.

Hikmət Hacızadə 1954-cü ildə Bakıda doğulub. 1977-ci ildə ADU-nun fizika fakültəsini bitirib, Moskvada fizika-riyaziyyat elmləri namizədi adını almaq üçün dissertasiya müdafiə edib.

O, 1989-cu ildə təsis olunan Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından, birinci İdarə Heyətinin üzvü, AXC-nin "Svoboda" qəzetinin redaktoru olub.

Hikmət Hacızadə Xalq Cəbhəsinin hakimiyyəti dövründə Baş nazirin müavini və Azərbaycanın Rusiyada səfiri vəzifəsini daşıyıb.

Hikmət Hacızadə 1993-cü ildən Müsavat Partiyasının və onun Divanının üzvü olub. Demokratiya və İnsan haqları barəsində biliklərin ayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidenti idi.

Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan "Demokratiya haqqında 150 000 işarə" kitabını 1995-ci ildə nəşr etdirib. 

"İnsan Haqları - bəşəriyyətin əsas ideyası" (1997), "Demokratiya: Gediləsi uzun bir yol" (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir.