Hilal Məmmədov DTX-də şahid qismində dindirilib

Hilal Məmmədov DTX-də şahid qismində dindirilib

23-01-2025 19:47 / Bu xəbər 545 dəfə oxundu

Azərbaycan Talışlarının İctimai Şurasının İdarə Heyətinin üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətində dövlətə xəyanətdə ittiham olunan tədqiqatçı İqbal Əbilovun işi üzrə şahid qismində dindirilib.

"Turan" xəbər verir ki, H.Məmmədov iki saata yaxın davam edən dindirmədə Əbilovun fəaliyyəti, elmi əsərləri ilə bağlı sorğu-sual edildiyini, gənc tədqiqatçının təqsirsizliyindən əmin olduğunu söylədiyini bildirib.

Talış xalqı ilə bağlı bəzi elmi mövzuları özünün İ. Əbilova təklif etdiyini deyən H. Məmmədov onu gənc alim, tədqiqatçı və pedaqoq kimi tanıdığını deyib.

"Azərbaycan ziyalılarının belə görkəmli nümayəndələri həbsdə olmamalıdırlar, elmi tədqiqatlarını davam etdirmək üçün azadlıqda olmalıdırlar", - Məmmədov bildirib.

İqbal Əbilov ötən il iyulun 22-də dövlətə xəyanət, xarici təşkilatların tapşırığı ilə dövlət əleyhinə çağırışlar, milli və dini ayrı-seçkilik salmaq ittihamları ilə saxlanılıb, haqqında həbs qətimkan tədbiri seçilib.

Əbilov ittihamları rədd edir və yalnız elmi fəaliyyətlə məşğul olduğunu bildirir. 

Hüquq müdafiəçiləri Əbilovu siyasi məhbus kimi tanıyıblar.