Hitlerə qəsd

Hitlerə qəsd

19-07-2019 16:51 / Bu xəbər 2283 dəfə oxundu

Yadigar Sadıqlı

Alman Müqavimətinin fəaliyyəti

75 il öncə, 1944-cü il iyulun 20-də bir qrup sui-qəsdçi nasist Almaniyasının füreri Adolf Hitleri öldürmək üçün cəhd etdi. Bu məqaləmizdə həmin uğursuz qəsddən bəhs edəcəyik.

***

1933-cü ildə hakimiyyəti ələ keçirən nasistlər və Adolf Hitler ilə alman hərbi aristokratiyasının münasibəti rəvan deyildi. Sonuncular arasında fon Reyhenau kimi nasist ideologiyasına rəğbətlə yanaşanlar da vardı. Ancaq başqa yüksək rütbəli hərbçilər vardı ki, onların nasizmə münasibəti daha mürəkkəb idi.

Daha çoxsaylı ikinci qrupa daxil olanlar Hitlerin Almaniyanı Versal müqaviləsinin buxovlarından azad etməsini və yenidən Avropada qüdrətli dövlətə çevirməsini alqışlayırdılar. Bununla belə, onlar nasizm ideologiyasına həqarətlə, nasist partiyasının rəhbərliyinə, xüsusən də Birinci dünya müharibəsində yalnız kapral rütbəsinə qədər yüksələn fürerə yuxarıdan aşağı baxırdılar.

Almaniya hərbi qüvvələri (vermaxt) hakimiyyətə xeyli güzəştlərə getsə də, müəyyən müstəqilliklərini qoruyub saxlaya bilmişdilər. Bunlardan ən mühümü o idi ki, alman məxfi polisi olan gestapo ordu sıralarına nüfuz edə, orada işləyə, öz agenturasını saxlaya bilməzdi. Belə vəziyyət ordu daxilində Müqavimətin formalaşmasına yaxşı şərait yaradırdı.

1938-ci ilin qışında gestaponun qurduğu təxribat nəticəsində ali generalitetin nümayəndələri, hərbi nazir, feldmarşal Verner fon Blomberq və quru qoşunlarının komandanı Verner fon Friç istefa verməli oldular. Bu hadisədən sonra hərbi nazirlik ləğv edildi, onun yerinə Hitlerin özünün rəhbərlik etdiyi Ali Baş Komandanlıq (Oberkommando der Wehrmacht - OKW) yaradıldı.

Baş verən hadisə nasist hökumətinin ordu üzərində nəzarətini artırdı və bu səbəbdən də hərbi aristokratiyanın narazılığına səbəb oldu. Onların arasında Müqavimətin formalaşması prosesi də məhz 1938-ci ildə başladı.

Həmin ilin yayında Hitler Çexoslovakiyanın əsasən almanlar yaşayan Sudet vilayətini Almaniyaya birləşdirmək üçün aqressiv siyasət yürütməyə başladı. Bu taktikanın Almaniyanı İngiltərə və Fransa ilə müharibəyə aparacağını, müharibənin isə fəlakətlə nəticələnəcəyini düşünən sui-qəsdçilər fəallaşdılar.

Bir neçə yüksək rütbəli generalın, diplomatların, eləcə də abver adlı hərbi kəşfiyyatın (rəisi Vilhelm Kanaris də) nümayəndələrinin daxil olduğu qəsdçilər İngiltərə və Fransanın Hitlerə ciddi müqavimət göstərəcəklərinə və müharibənin qaçılmaz olacağına inanırdılar. Buna görə də onlar sentyabrın son günlərində Hitleri həbs etməyi (və ya öldürməyi) planlaşdırırdılar.

Abver rəisinin müavini, general Hans Osterin əsas rol oynadığına görə bu sui-qəsd planı bəzən "Oster qəsdi", bəzən də "sentyabr qəsdi" adı ilə tanınır. Qəsdçilərə görə, müharibədən qurtulan alman cəmiyyəti onlara böyük rəğbətlə yanaşaraq dəstəkləyəcəkdi. Lakin hadisələr onların düşündüyü kimi cərəyan etmədi.

İngiltərə və Fransa Hitler təcavüzkarlığı qarşısında biabırçı güzəşt mövqeyi tutdular. Münhen şəhərində sentyabrın 28-29-da keçirilən danışıqlardan sonra bu ölkələrin baş nazirləri Nevill Çemberlen və Eduard Daladye Sudet vilayətinin Çexoslovakiyadan alınaraq Almaniyaya birləşdirilməsi barədə sənəd imzaladılar.

Münhendən sonra Hitlerin reytinqi ağlagəlməz dərəcədə yüksəldi. Buna görə də hər hansı bir sui-qəsd mümkünsüz oldu. Hətta Hitler öldürülsəydi belə, çox güman ki, nasist rejimini devirmək mümkün olmayacaqdı, fürerin yerini silahdaşlarından biri tutacaqdı. Buna görə də sui-qəsdçilər kölgəyə çəkilməli oldular.

***

1939-cu ildə İkinci dünya müharibəsinin başlanmasından sonra sui-qəsdçilər fəallıqlarını dayandırdılar. Çünki bir tərəfdən hərbi əməliyyatlar Almaniya üçün olduqca uğurlu gedirdi və Hitler populyarlığın zirvəsində idi. Digər tərəfdən isə millətçiliyin yad olmadığı sui-qəsdçilər hakimiyyət çevrilişinin ölkələrinin gücünü zəiflədəcəyini və məğlubiyyətə səbəb olacağını düşünürdülər. Lakin zaman keçdikcə vəziyyət dəyişdi və qələbə ümidləri puç oldu.

1942-ci ilin payızında iki həftə sürən əl-Əlameyn döyüşü zamanı ABŞ və Böyük Britaniya qüvvələri alman-italyan qüvvələrini sarsıdıcı məğlubiyyətə uğratdılar və Şimali Afrikada gedən döyüşlərin taleyini həll etdilər. Noyabrın 19-da isə Stalinqrad cəbhəsində hücuma keçən sovet qoşunları dörd gün sonra Almaniya və müttəfiqlərinin 22 diviziya və 160 əlahiddə hissələrdən ibarət 330 minlik canlı qüvvəsini mühasirəyə aldı. Mühasirəni yarmaq cəhdləri uğursuz oldu və 1943-cü il fevralın 2-də feldmarşal Pauls başda olmaqla alman qüvvələri təslim oldular.

Bu hadisələrdən sonra Almaniyanın müharibədən qalibiyyətlə çıxacağına inam xeyli azaldı və Müqavimət üzvlərinin fəallaşmasına səbəb oldu. Fürer 1943-cü ilin martın 13-də vermaxtın "Mərkəz" ordular qrupunun Smolenskdəki qərargahına baş çəkib geri qayıdarkən general fon Treskov Berlindəki tanışlarına bağlama göndərmək adı ilə onun təyyarəsinə partlayıcı yerləşdirə bilmişdi. Lakin yük yerində hərarətin çox aşağı olması səbəbindən detonator işə düşmədi.

Martın 21-də isə daha bir cəhd edildi. Həmin gün Hitler müharibədə qənimət götürülmüş silahların sərgisini ziyarət edəcəkdi. Antinasist görüşlü polkovnik fon Gersdorff burada mundirinin altında gizlətdiyi iki miniatür bomba ilə özünü və Hitleri öldürmək fikrində idi. Amma fürer sərgidə gözlənildiyi kimi 1 saat deyil, cəmi 15 dəqiqə oldu. Bu müddət ərzində ona yaxınlaşmaq imkanı olmayan fon Gersdorff partlayışa az qalmış çətinliklə bombaları zərərsizləşdirə bildi.

***

1943-cü ilin yayına doğru sui-qəsdçilərin sıraları xeyli genişlənmişdi. Nasist Almaniyası kimi totalitar quruluşun hökm sürdüyü, gestaponun fəaliyyət göstərdiyi bir ölkə üçün bu xeyli heyrətamiz hal idi. Burada müxtəlif ideologiyalara və dünyagörüşə malik adamlar birləşmişdilər. Müqavimətin sıralarında Hohensollern xanədanının bərpasını istəyən monarxistlər də vardı, mühafizəkar respublikaçılar da, sosial-demokratlar da.

Qrupun əsas rəhbəri general-polkovnik, 1935-1938-ci illərdə quru qoşunlarının Baş qərargah rəisi vəzifəsini tutan, Hitlerin təcavüzkar xarici siyasətilə razılaşmadığına görə istefaya gedən Lüdviq fon Bek idi. Çevrilişin həyata keçəcəyi təqdirdə onun dövlət başçısı (prezident və ya monarx) olması nəzərdə tutulurdu.

Kansler vəzifəsinə ən real namizəd 1930-1937-ci illərdə Leypsiq şəhərinin ober-burqomistri vəzifəsini tutan Karl Fridrix Gördeler idi. O, sui-qəsdçilərin ən mühafizəkar qanadına rəhbərlik edirdi. Bəzi sui-qəsdçilər isə kansler vəzifəsində sosial demokratlardan Yulius Leberi və ya Vilhelm Löyşneri görmək istəyirdilər.

1940-cı ildə Fransaya qarşı müzəffər kampaniyanın qəhrəmanlarından biri olan feldmarşal Ervin fon Vitsleben isə hərbi qüvvələrin komandanlığı öz üzərinə götürməli idi. O, səhhətindəki problemlər üzündən hələ 1942-ci ildə istefaya çıxmışdı. Buna baxmayaraq, 1938-ci ildə olduğu kimi indi də sui-qəsdçilərlə əlaqə saxlayırdı. Sosial-demokrat Paul Löbe reyxstaqın sədri, sovet hökumətinə müharibə haqqında notanı təqdim edən keçmiş səfir Fridrix fon der Şulenburq xarici işlər naziri olacaqdı.

Yuxarıda sadalananlardan savayı xeyli hərbçi, diplomat və mülki siyasətçi nasist hakimiyyəti əleyhinə sui-qəsdə cəlb olunmuşdular. Onlarla bərabər sui-qəsdçilər arasında öz enerjisi və qətiyyətilə, eləcə də Hitlerin yanına giriş imkanı ilə seçilən bir nəfər vardı: polkovnik Klaus fon Ştauffenberq.

Qraf Ştauffenberq 1907-ci ildə qədim zadəgan ailəsində anadan olub. Onun vətənpərvərliyi və Almaniyanın Birinci dünya müharibəsindən sonrakı alçalmış vəziyyətə düşməsilə barışmaması bir müddət nasistlərin tərəfdarına çevirir. Lakin dinc yəhudi, rus və polyak əhali üzərində vəhşilikləri gördükdə hakimiyyətin əleyhdarına çevrilir və 1942-ci ildən Müqavimət sıralarına qoşulur.

O, 1943-cü ildə Şimali Afrikadakı qoşunlara ezam olunur və burada hava bombardmanı zamanı ağır yaralanır: bir gözünü, biləkdən aşağı sağ əlini və sol əlində iki barmağını itirir. Hakimiyyətin gözündə ləkəsiz reputasiyaya malik olan Ştauffenberq 1944-cü il iyununda ehtiyat ordunun qərargah rəisi təyin olundu və iyulun 1-də isə polkovnik rütbəsi aldı.

***

Sui-qəsdçilər Hitleri öldürdükdən sonra "Valkiriya" adlı plan üzrə hərəkət etməyə qərar verdilər. Müqavimət üzvlərindən olan, ehtiyat ordunun komandir müavini general Fridrix Olbrixtin fövqəladə hallar üçün hazırladığı və Hitlerin təsdiq etdiyi bu plana görə hər hansı səbəbdən iğtişaşlar - məsələn, ölkəyə gətirilərək buradakı müəssisələrdə işləyən milyonlarla əcnəbi işçilərin etirazı və ya yerli əhalinin müharibə əleyhinə üsyanı - baş verərdisə ehtiyat ordu hərəkətə keçərək ölkəyə nəzarəti əlinə almalı idi.

Partlayışın baş verdiyi zaman insanların harda olduğunu göstərən rəsm: sarı rəng partlayıcı maddədir, göy rəng Hitler, qırmızı rəng ölənlər, yaşıl rəng sağ qalanlar
Mənbə: meydan.tv

İyulun əvvəllərində isə Müqavimət sıralarında olan sosial-demokratların gizli fəaliyyət göstərən kommunistlərlə əlaqə yaratması fiasko ilə nəticələndi. Kommunistlərin arasındakı gestapo agenti üzündən Yulius Leber və başqa bir sosial-demokrat Adolf Reyxveyn həbs olundular. Bu hadisə sui-qəsdçiləri hərəkətə keçməyə vadar etdi. Çünki həbs olunanlar işgəncə altında danışa bilərdilər.

İyulun 7-də general Helmut Ştiff yeni hərbi formanın nümayişi keçirilərkən Hitleri öldürməli idi. Lakin son anda bunu etməyə cəsarəti çatmadı. Bu uğursuzluqdan sonra Ştauffenberq həm Hitleri öldürməyi, həm də ehtiyat ordunun qərargah rəisi kimi Valkiriya əməliyyatını həyata keçirməyi öhdəsinə götürməli oldu.

Ancaq iyulun 14-də və iyulun 15-də edilən cəhdlər də müxtəlif səbəblərdən sona çatdırılmadı. Sonuncu dəfə general Olbrixt hətta Valkiriya əməliyyatına başlayaraq ehtiyat ordunun hissələrini Berlinin küçələrinə çıxardı. Lakin sonda bunu təlim kimi qələmə verərək əsgərləri kazarmalarına qaytarmalı oldu.

***

Hitler Rastenburq şəhəri (indi Polşanın Kentşin şəhəri) yaxınlığında Görlits meşəsindəki Volfsşantse (alm: Wolfsschanze - canavar yuvası) adlı qərargahında məskunlaşmışdı. İyulun 20-də Ştauffenberq və yavəri Verner fon Haften Berlindən Volfsşantseyə uçdular. Polkovnik burada keçirilən müşavirədə ehtiyatda olan vətəndaşlardan iki yeni diviziyanın yaradılması barədə məruzə edəcəkdi. Onun başqa bir çantasında isə hər birində bir kiloqram partlayıcı maddə olan iki ədəd bomba var idi.

Rastenburqdakı aerodromda endikdən sonra maşınla meşəyə yollanan sui-qəsdçilər müşavirənin əvvəl deyildiyi kimi saat 13.00-da deyil, 12.30-da başlanacağını öyrəndilər. Çünki Hitlerin Benito Mussolini ilə görüşü olacaqdı. Nəticədə Ştauffenberqin hazırlıq işləri üçün daha az vaxtı qaldı.

Köynəyini dəyişmək bəhanəsilə yan otaqlardan birinə keçən Ştauffenberq burada detanatoru aktivləşdirməyə çalışdı. Vaxtın az olması, özünün də yalnız bir və o da şikəst əlinin olması üzündən yalnız bir bombanın detanatorunu aktivləşdirən qraf həlledici səhv buraxdı. O, aktivləşdirə bilmədiyi bombanı Haftenə verdi. Halbuki onu da çantaya qoysaydı, bir bombanın partlayışı digərini də işə salacaqdı.

Müşavirə otağına girən Ştauffenberq çantasını iri stolun dayağının iç tərəfinə, Hitlerin olduğu istiqamətə qoydu. Detanatorun aktivləşdirilməsindən 10 dəqiqə sonra partlayış olmalı idi. Buna görə də Ştauffenberq qısa müddət sonra zəng etmək bəhanəsilə icazə alaraq otağı tərk etdi. O, çöldə ikən saat 12.42-də baş verən partlayışı gördü və Hitleri öldürdüyünə əmin halda yavərilə birlikdə maşına oturaraq Volfsşantseni tərk etdi.

Fürer isə ölməmişdi. Ştauffenber otağı tərk etdikdən sonra ayağı bombalı çantaya dəyən Berlin olimpiadasının konkur üzrə çempionu, polkovnik Hayns Brandt onu stolun dayağının başqa, Hitlerdən əks tərəfinə qoydu. Həm də partlayış baş verərkən Hitler böyük stolüstü xəritədə SSRİ-nin şimalındakı hadisələri analiz etdiyindən demək olar ki, stolun üstünə uzanmışdı. Bu iki amil nasist liderin həyatını xilas etdi, partlayışın dalğası ona toxunmadı.

Partlayış nəticəsində Hayns Brandt da daxil olmaqla 4 nəfər öldü, 9 nəfər də yaralandı. Hitler özü yanıq və xırda qəlpə yaraları aldı, qulaq pərdələri zədələndiyindən qısa müddət eşitmə qabiliyyətini itirdi. Lakin ciddi bir xəsarət almadığından həmin gün Mussolini ilə planlaşdırılan görüşünü belə ləğv etmədi.

***

Volfsşantsendə rabitə işlərinə Müqavimət hərəkatının üzvü general Felqibel cavabdeh idi. Plana görə məhz o, Hitlerə qarşı qəsdin baş tutub-tutmamasını Berlindəki sui-qəsdçilərə şərti işarə ilə xəbər verməli və bundan sonra Volfsşantsenin ətraf aləmlə əlaqəsini kəsməli idi. Lakin Hitlerin sağ olduğunu görən Felqibel nə edəcəyini bilmir. Çünki qəsdin baş tutması, Hitlerin isə sağ qalması variantı üçün şərti işarə nəzərdə tutulmamışdı. Buna görə də Ştauffenberq Berlinə çatana qədər sui-qəsdçilər hərəkətsiz qaldılar.

Günorta saat 3-dən sonra sui-qəsdçilərin qərargahına çatan Ştauffenberq Hitleri öldürdüyünü iddia edir. Ancaq Hitlerin sağ qalması barədə qeyri-müəyyən xəbərlər general Olbrixtə çatırdı. Kimə inanacağını bilməyən Olbrixt nəhayət, saat 16.00-da Valkiriya əməliyyatına başlamaq barədə göstəriş verdi.

Lakin Volfsşantsedə rabitə artıq bərpa edilmişdi. SS qüvvələri və sui-qəsdçilərin əmrlərini yerinə yetirməyə başlayan hərbçilər bir müddət sonra Hitlerin əmrini alaraq qiyamı yatırmağa başladılar. Ehtiyat ordunun komandiri, Hitlerin öldürüləcəyi təqdirdə sui-qəsdçiləri dəstəkləməyə razılıq verən general-polkovnik Fridrix Fromm indi onları həbs etməyə başladı.

Lüdviq Bek intihar etməsi üçün şərait yaradılmasını istədi. Lakin onun iki cəhdi uğursuz oldu və yalnız yaralandı. Bundan sonra Fromm mühafizəçilərdən birinə Beki öldürmək göstərişi verdi və boynuna açılan atəşlə qoca general öldürüldü.

Özünün passiv iştirakının şahidlərini aradan götürməyə çalışan Fromm tələm-tələsik tribunal təşkil etdi və Ştauffenberq, Olbrixt, Haften və sui-qəsdin fəal iştirakçılarından polkovnik Kvirnhaym edama məhkum olundular. İyulun 21-nin ilk dəqiqələrində onlar növbə ilə güllələndilər. Klaus fon Ştauffenberqin son sözü "Yaşasın müqəddəs Almaniya" oldu.

Lakin bu tədbir Frommu xilas etmədi. O, iyulun 22-də həbs olundu. Bütün cəhdlərə baxmayaraq, istintaq onun sui-qəsdçilərlə əlaqəsini isbatlaya bilmədi. Bununla belə, "hərbi borcunu pis yerinə yetirdiyinə və bu zaman nümayiş etdirdiyi qorxaqlığa görə" 1945-ci ilin martında güllələndi.

Qəsdin uğursuz olduğunu eşidən fon Treskov iyulun 21-də intihar etdi. O, sovet-alman cəbhəsində neytral əraziyə keçərək düşmənlə atışmanı imitasiya etdi və özünü qumbara ilə partlatdı. Onu əvvəlcə hərbi ehtiramla basdırdılar, sui-qəsddə rolu məlum olandan sonra isə cəsədini çıxararaq yandırdılar.

***

Digər sui-qəsdçilər isə belə asanlıqla qurtula bilmədilər. Gördeler, Vitsleben, Ştülpnagel, Oster, Şulenburq, Kanaris daxil olmaqla yüzlərlə sui-qəsdçi həbs olunaraq ağlasığmaz işgəncələrə məruz qaldılar. Onların mühakiməsini Xalq məhkəməsinin sədri Roland Freysler aparırdı.

Birinci dünya müharibəsi zamanı ruslara əsir düşən Freysler Rusiya inqilabının iştirakçısı olmuş, hətta Kommunist (bolşeviklər) Partiyasının sıralarına qoşulmuşdu. Almaniyaya qayıtdıqdan sonra, 1925-ci ildə isə nasist partiyasına üzv oldu. Sui-qəsdçilərin mühakiməsində Freysler özünü hakimdən daha çox ittihamçı kimi aparır, onları ələ salır və təhqir edirdi. Bir qədər qabağa gedərək deyək ki, o, belə bir məhkəmələrin birində, 1945-ci il fevralın 3-də amerikan təyyarəsindən atılan bomba nəticəsində öldü.

Aralarında 1 feldmarşal, 19 general, 26 polkovnik, 2 səfir olan 200-ə qədər adam sui-qəsddə iştiraka görə asılaraq edam olundular. Edamlar nasist rejiminin son günlərinə qədər davam etdi. Məsələn, son edamlar 1945-ci ilin aprelin 23-də həyata keçirildi. Daha iki feldmarşal (Hans Kluqe və Ervin Rommel) zəhər içərək intihar etdilər.

Sui-qəsdçilərin yalnız çox az hissəsi sağ qala bildi. Onların bəziləri müharibənin sonunu həbs düşərgələrində qarşıladılar, bəzilərinin günahı sübut olunmadı, bəziləri isə gizlənə bildilər. 20 iyul qəsdinə bağlılığı olanlardan sağ qalan sonuncu şəxs - Evald-Henrix fon Kleyst-Şmenzin 2013-cü ilin martında vəfat etdi.

***

İkinci dünya müharibəsindən sonra Almaniya iki yerə parçalandı. Kommunistlərin hakim olduğu Şərqi Almaniyada sui-qəsdçilərə münasibət sona qədər mənfi idi. Qərbi Almaniyada isə bu aktı qiymətləndirmək üçün müəyyən vaxt lazım oldu. Nasist rejimin cinayətləri üzə çıxdıqca, sui-qəsdçilərə daha ehtiramla yanaşıldı.

Hazırda 20 iyul günü Almaniyada mühüm hadisə kimi qeyd edilir, Ştauffenberq və dostlarının güllələndiyi yer ziyarət olunaraq çiçək qoyulur. Bununla yanaşı qeyd etmək lazımdır ki, sui-qəsd iştirakçılarının bəziləri hərbi cinayətlərdə rol almışdılar. Məsələn, Almaniya kriminal polisinin rəisi Artur Nebe Belarusiyada minlərlə yəhudinin qətlini təşkil etmişdi. Fransadakı işğal qoşunlarına komandanlıq edən general Karl fon Ştülpnagel də burada hərbi cinayətlərə imza atmışdı.

Alman Müqavimətinin ən əqidəli antinasist üzvlərindən biri general-mayor Henninq fon Treskov idi. O, intihar etməyə yollanmazdan az öncə öz yavərinə aşağıdakıları deyir: "Düşünürəm ki, bir neçə saatdan sonra Yaradanın hüzurunda öz hərəkətlərim və səhvlərim barədə hesabat verərkən Hitlerə qarşı mübarizədə etdiklərimdən təmiz vicdanla danışa bilərəm. Tanrı bir dəfə Avraama vəd etmişdi ki, əgər Sodomda 10 əxlaqlı adam tapılarsa, şəhəri məhv etməyəcək və mən ümid edirəm ki, O, bizə görə Almaniyanı məhv etməz".

Yazı Meydan.Tv-dən götürülüb.