“Hökumət kəndlini qazla sınağa çəkir”

“Hökumət kəndlini qazla sınağa çəkir”

25-11-2021 16:29 / Bu xəbər 604 dəfə oxundu

Qaraxanlı kəndinin sakinləri deyir, odun bahalaşıb deyə qışa hazırlıqsız girirlər

"Soyuq aylarda bir-birimizə əl tutmasaq, çoxdan qırılmışdıq. 81 yaşlı anam xəstələnib yorğan-döşəyə düşəndə, qonşudan borca odun istəyirik. "Odun ver, alanda qaytararam”, bax belə keçir həyatımız…”

Bunu Meydan Tv-yə Ağcabədi rayonunun Qaraxanlı kənd sakinləri deyir. 

Qaraxanlıların şikayəti bu kənddə uzun illərdir ki, mavi yanacağın olmamasındandır. 

Onların sözlərinə görə, 1990-cı illərədək kənddə normal qaz olub, ancaq həmin illərdə əvvəlcə qaz kəsilib, sonralarsa kəndin bəzi yerlərində qaz xətləri də "yoxa çıxıb”.

Kənd sakini Xumar Həsənova: "Bizi qoyublar həyət-bacadakı ağacların ümidinə… Kasıb kənddir, odun almağa pulumuz yoxdur, məcburi ağacları kəsirik”. 

"Qışa hazırlıq görə bilmədik” 

Xumar xanımın ailəsi qışı gah odunla, gah həyətdəki ağacların qurumuş budaqlarıyla, gah da qaz balonu ilə yola verməli olur. Bu il isə odun çox bahalaşıb: "Odunu məhəllə-məhəllə düşüb satırlar, imkanı olan alır, imkanı olmayan da həyətindəki qurumuş ağacları qırıb yandırır. Bu il də ala bilmədik, ilbəəil bahalaşır. Arada qaz balonu da işlədirik. Bir neçə il əvvəl bir evdə qaz balonu partladı, faciə baş verdi deyə, adamlar balona çox bel bağlamır”.

"Kasıb kənddir, ailələrin çoxu odun da ala bilmir. Elə bahalaşıb ki, ayda gərək 150-200 manat xərcləyəsən ki, evi alayarımçıq isidə biləsən. Elə ailələr var ki, bütün qışı heç bir metr də odun ala bilmir. Adamlarda imkan yoxdur, hökumətsə qazla sınağa çəkir”, – Xumar Həsənova deyir.  

"Bakıya gedib müalicə olunuruq, yenə soyuq evə qayıdırıq”

Kənd sakini Nailə Məmmədova deyir, azyaşlı övladının böyrəkləri xəstədir, müalicə üçün tez-tez Bakıya aparmalı olur: "Hər 10 günün tamamında uşağı Bakıya aparıb-gətirirəm. Borcun içində üzürəm, hər dəfə ordan-burdan pul dilənib uşağı Bakıya aparıram, ancaq yenə soyuq evə qayıdırıq, o müalicənin də bir təsiri olmur və uşağımın vəziyyəti daha da ağırlaşır. Yüzlərlə sakin hər il qışboyu iliklərinə qədər donur bu kənddə, yaz gələndə hamı sanki yenidən doğulur. Burada yaşamaq ən böyük bədbəxtlikdir. Doğulandan ölənədək dona-dona keçinirsən…”

Kəndlilərin əsəbləri tarıma çəkiləndə yerli qaz idarəsinə üz tuturlar. İdarədən də hər dəfə şirin vədlər eşidib geri qayıdırlar.

Ağcabədi Rayon İcra Hakimiyyəti isə deyir ki, bu kəndin mavi yanacaqla təmin olunması üçün müvafiq işlər görülür: "Son bir neçə il ərzində rayonun Bilağan, Rəncbərlər, Boyat, Təzəkənd, Şotlanlı və digər bir neçə kəndi mavi yanacaqla təmin olunub. Qaraxanlının qonşuluğundakı kəndlərdə də qaz var. Hazırda aidiyyəti qurumlar müvafiq işlər görürlər ki, tezliklə o kəndə də qaz verilsin”.