Hökuməti tənqid edən daha bir mühacir Azərbaycana gəlib

Hökuməti tənqid edən daha bir mühacir Azərbaycana gəlib

16-07-2021 14:22 / Bu xəbər 2532 dəfə oxundu

İsveçdə yaşayan siyasi mühacir Kənan Hacıəkbəroğlu da Azərbaycana qayıdıb. 

Onun Bakıya müvəqqəti gəldiyi bildirilir. 

Bakıya qayıdan siyasi mühacir Azərbaycan Yüksəliş Partiyasının (AYP) sədri Anar Əsədli və partiya təmsilçiləri ilə görüşüb. 

Müsavat Partiyaslnın üzvü və özək sədri olan Kənan Hacıəkbəroğlu 2003-cü ildə prezident seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq aksiyalarda iştirakına görə həbs olunub. 

Ona qarşı dövlət mülkiyyətinə ziyan vurmaq maddəsi ilə qurama iş qaldırılıb və bu maddə ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. 

2005-ci ildə o, siyasi məhbus kimi  Avropa strukturlarının tələbi ilə azad olunub. 

2013-cü ildə keçirilən prezident seçkilərində müşahidəçi kimi iştirak edib və baş verən saxtakarlıq halları ilə bağlı etiraz göstərdiyinə görə təqiblərə məruz qaldığını deyib. 

O, ölkəni həyatına ciddi təhlükə olduğu üçün tərk etdiyini deyib və 2014-cü ildə Avropadan siyasi sığınacaq istəyib

Fransada mühacir həyatı yaşayan ictimai fəal Elnur Məcidli də iyulun 13-də Azərbaycana qayıdıb. 

O, prezidentə müraciət etdikdən sonra müsbət cavab aldığını bildirib və İlham Əliyevə təşəkkür edib.

Ölkəyə qısa müddətli gəldiyini deyən Elnur Məcidli yazıb: "Etdiyim müraciəti qarşılıqsız qoymayan və müsbət rəy bildirən ölkə prezidenti cənab Ilham Aliyev başda olmaqla, mənim Azərbaycana gəlmə prosesində vasitəçilik və kömək edən hər bir dosta, bu işlə məşğul olan, vəzifəsindən asılı olmayaraq hər bir dövlət məmuruna və bu işdə rol alan kəsə təşəkkür edir, öz minnətdarlığımı bildirirəm!"

Elnur Məcidli kimdir: İctimai fəal Azərbaycanda etiraz aksiyalarının təşkilatçısı kimi tanınır. 

O, "Facebook”da "11 mart – Böyük Xalq Günü” və "2 Aprel-Böyük Qəzəb Günü” aksiyalarının təşkilatçısı olub və barəsində cinayət işi başlanıb. 

Beynəlxalq axtarışa verilən fəal Cinayət məcəlləsinin 281-ci dövlət əleyhinə yönələn açıq çağırışlar maddəsi ilə ittiham edilib. 

2011-ci ildə barəsində başlanmış cinayət işinin icraatı dayandırılıb.