Hüquq müdafiəçisi: “Fuad İsmayılovun həbsi siyasi qərardır”
28-05-2020 02:17 / Bu xəbər 2139 dəfə oxundu
Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısındakı divara "Fu Məzi” yazmış gənc fəal Fuad İsmayılov 60 günlük inzibati həbsdən çıxandan sonra mayın 22-fə yenidən həbs edilib.
F.İsmayılov İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında qanunsuz narkotik əldə edilməsi, saxlanması, daşınması) maddəsilə ittiham olunub.
O, parlament seçkilərində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səshüquqlu komissiya üzvü təyin edilmişdi.
"Fuad İsmayılov seçki saxtakarlığına qarşı mübarizə aparan ən fəal gənclərimizdən biri olub. Seçkidən sonrakı proseslərdə bizim Mərkəzi Seçki Komissiyasının qabağında etdiyimiz aksiyalarda da çox fəallıq edib.
Məşhur "Fu Məzi” yazısı da vardı. Ona görə də onu tutub iki aylıq inzibati həbs vermişdilər. Həbsdən çıxandan düz 15 gün sonra onu yenidən həmin maddə ilə, həmin müddətlə həbs etdilər. Hal-hazırda o, Binəqədidə inzibati saxlama yerindədir. Onun birinci inzibati həbsi artıq Avropa Məhkəməsinə göndərilib”, - Fikrət Cəfərli Toplum TV-yə deyib.
Onun sözlərinə görə, Fuad İsmayılovun ikinci işinin də apelyasiyasını vəkili Cavad Cavadov hazırlayır.
Vəkil Cavad Cavadov isə hazırda bayram günlərinə görə Fuad İsmayılovla görüşə bilmədiyini deyir: "Müqaviləni təzə bağlamışıq. İndi də bayram günləridir deyə məhkəmələr işləmir. Yaxın vaxtlarda özü ilə görüşəcəyəm. İş günü ayın 31-dən başlayır deyə o vaxta qədər nəsə olacağına inanmıram”.
Fuad İsmayılovun məhkəməsi qapalı keçirilib.
"Dünən axşam cibimə atdılar. Əvvəl bir protokol tərtib elədilər, sonra başqa bir protokol...”, – bu sözləri F. İsmayılov məhkəmədən sonra polislər onu maşına mindirərkən jurnalistlərə deyib.
Hüquq müdafiəçisi Rəsul Cəfərovun söylədiyinə görə, Fuad İsmayılovun təqsirini sübut edən heç bir sənəd yoxdur.
O hesab edir ki, bu həbs siyasi motivlidir: "Bir dəfə artıq eyni maddə ilə həbs olunmuşdu. Həmin vaxt da altmış gün inzibati qaydada həbs cəzası almışdı. Həmin dövrdə onun vəkili olmuş şəxslə bizim söhbətlərimiz olub. O işin tərəfləri ilə tanışam. Həmin işdə də, bu işdə də faktiki təqsiri sübut edən heç bir sənəd yoxdur. Ancaq şahid ifadələr var ki, onlar da daha çox polisin özünün ifadələridir. Bu halda həmin ifadələr mötəbər sübut sayıla bilmir. Çünki əməliyyatı da polis keçirir, şahidliyi də polis edir. Bu halda artıq suallar ortaya çıxır. Bir az araşdıranda görürsən ki, şəxsi törətdiyi qanuna zidd əmələ görə yox, hansısa başqa səbəbə görə tutublar”.
Rəsul Cəfərli vurğulayır ki, Azərbaycanda heç kim öz siyasi fikrinə, mövqeyinə görə təqib edilməməlidir və bu praktikaya son qoyulmalıdır.
Prezident İlham Əliyev də siyasi baxışına və fəaliyyətinə görə, heç kimin təqib olunmamalı olduğunu
bəyan edib.
Gənc fəal mayın 21-də səhər saatlarında evdən çıxıb. Ailəsi bir sutka ərzində onun yeri haqda heç bir məlumat ala bilməyib.
Mayın 22-də axşamüstü məlum olub ki, onu Suraxanı rayon məhkəməsinə aparıblar.
Bundan öncə də o, martın 7-də günorta saatlarında evdən çıxandan sonra ailə üzvləri onun haqqında heç bir məlumat ala bilməmişdi.
Daxili İşlər Nazirliyinin "Qaynar Xətt”inə çoxsaylı zənglərdən sonra onun həbs olunduğunu öyrənmişdilər.
Məlum olmuşdu ki, F.İsmayılov Suraxanı rayon məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə 60 günlük həbs edilib.
Onun apelyasiya şikayətinə baxılarkən F.İsmayılov tutulandan sonra işgəncəyə məruz qaldığını bildirib.
Arzu Çinarlı