HRW Hesabatı: Azərbaycanda 2021-ci il

HRW Hesabatı: Azərbaycanda 2021-ci il

13-01-2022 18:45 / Bu xəbər 638 dəfə oxundu

Təşkilat ifadə azadlığı və insan hüquqları ilə bağlı durumun ağır olduğunu açıqlayıb

Qarabağla bağlı vəziyyət

Azərbaycan və Ermənistan arasında 2020-ci ildə Dağlıq Qarabağ və ətraf ərazilərdə gedən 6 həftəlik müharibəni bitirən atəşkəsə tərəflər böyük miqyasda əməl etsə də, cəbhə xəttində vəziyyət həssas olaraq qalır.

Tərəflər arasında vaxtaşırı silahlı qarşıdurmalar baş verir.

"Human Rights Watch” insan haqları təşkilatının yanvarın 13-də açıqladığı illik hesabatında belə deyilir.

Hesabatda bildirilir ki, atəşkəs sazişindən sonra Azərbaycan nəzarəti ələ aldığı ərazilərdə yenidənqurma işlərinə başlayıb.

Bununla yanaşı, de-fakto Qarabağ hökumətinin nəzarəti altında olan ərazilərdə etnik ermənilər cəbhə xətti yaxınlığında mal-qara və ya təsərrüfat işləri ilə məşğul olduqda yaralanma və ya əsir düşmə təhlükəsiylə üzləşirlər: "Bu və digər məsələlər, o cümlədən Dağlıq Qarabağın uzunmüddətli statusunun müəyyən edilməsi tərəflərarası gərginliyi artırmaqla beynəlxalq iştirakçılığın vacibliyini zəruri edir”.

Əfv olunanlar

"Martda prezidentin imzaladığı əfv fərmanı ilə 40-a yaxın müxalifət fəalı, dindar, jurnalist, hüquq müdafiəçisi və siyasi motivlə həbs olunduğu güman edilən digər məhbuslar həbsdən azad edildi. Ancaq hökumət müxalifəti və digər tənqidçi səsləri boğmağa davam etdiyinə görə çoxlu sayda insan saxta ittihamlarla hələ də həbsdə saxlanılır”, – "Human Rights Watch” əlavə edir.

Təşkilat vurğulayır ki, müharibə başladığından bəri hakimiyyətlə siyasi müxalifət arasında gərginlik azalsa da, hökumətin alternativ fikirlərə qarşı sərt mövqeyi dəyişməz qalıb: "Qeyri-hökumət təşkilatlarının (QHT) müstəqil fəaliyyətini məhdudlaşdıran qanunlar hələ də qüvvədə qalır. 2021-ci il boyunca işgəncə və pis rəftara məruz qalma halları ilə bağlı çoxlu məlumatlar yayılıb”.

Dağlıq Qarabağ – minalanmış ərazilər və hərbi əsirlər

HRW-nin hesabatında minaya düşən jurnalistlərdən və mülki əhalidən də bəhs edilir: "Avqustda Azərbaycanın Baş Prokurorluğu bəyan edib ki, atəşkəsdən öncə erməni silahlı qüvvələrinin nəzarəti altında olan ərazilərə basdırılmış piyada və tankəleyhinə minaların partlaması nəticəsində 23 mülki vətəndaş həlak olub, 36 nəfər isə yaralanıb”.

Ölənlərin arasında iyunun 4-də minaya düşərək həlak olan iki azərbaycanlı jurnalist və bir yerli məmur da var. Bildirilir ki, geri qaytarılmış yeddi rayonun demək olar ki, hər birində geniş miqyasda minalanmış ərazilər qalır”, – deyə hesabatda qeyd olunur.

Təşkilat bildirir ki, piyada əleyhinə minaların yerləşdirilməsini qadağan edən beynəlxalq müqavilə nə Azərbaycan, nə də Ermənistan tərəfindən ratifikasiya edilib.

COVID 19 və təhsil

Təşkilat bildirib ki, regionda onsuz da COVID-19 nəticəsində zərər görmüş təhsilin səviyyəsi müharibə dövründə daha da ağırlaşıb.

Rəsmi məlumatlara görə, Ermənistanda ən az 71, Azərbaycanda isə 54 məktəb döyüşlərdə zərər görüb və dağıdılıb: "Münaqişə zamanı məktəblərə dəyən zərərə baxmayaraq, Azərbaycan hələ də 112 ölkə tərəfindən imzalanmış silahlı münaqişələr zamanı təhsili qorumaq üçün nəzərdə tutulmuş Təhlükəsiz Məktəblər Beynəlxalq Bəyənnaməsinə qoşulmayıb”.

Əsirlərlə davranış

HRW hesab edir ki, Azərbaycan silahlı qüvvələri bir çox erməni müharibə əsirlərinə qarşı fiziki zorakılıq hallarına və alçaldıcı davranışlara yol verib.

"Human Rights Watch” həmçinin, erməni vətəndaşlara, o cümlədən yaşlı insanlara qarşı işgəncə və sui-istifadə faktlarını, habelə 2021-ci ilin əvvəllərində qanunazidd öldürmə hallarını (extrajudicial execution) sənədləşdirib: "2020-ci ildə və 2021-ci ilin əvvəlində erməni hərbi qüvvələrinin və mülki şəxslərinin qanunazidd öldürmə halları ilə bağlı iddialar üzə çıxıb”.

Əsirlərin geri qaytarılması

Təşkilat bildirib ki, 2021-ci ildə Azərbaycan 100-dən çox erməni hərbi və mülkü əsirini geri qaytarıb.

Sentyabrda Ermənistanın Ombudsman Aparatı qeyd edib ki, ən az 41 hərbi əsir və 4 mülkü vətəndaş Azərbaycanda həbsdə saxlanılır: "Həbsdə saxlanılanların dəqiq sayı bəlli deyil. Azərbaycan hökuməti bu məhbusları hərbi əsir kimi tanımır”.

HRW qeyd edir ki, Azərbaycan hakimiyyəti həbsdə qalan erməni hərbçilərini terrorçuluqda şübhəli bilsə də, məhkəmə prosesi zamanı onlardan bəzilərinə qarşı bu ittiham ləğv edilib: "Onlar daha sonra sərhədi qanunsuz keçmə və silah saxlamaqda ittiham ediliblər. Bu əsirlərdən bir çoxu Ermənistanın iyun və iyul aylarında minalanmış ərazilərin xəritəsi verməsi qarşılığında Azərbaycanın azad etdiyi 30 hərbçisinin arasındadır”.

Hesabatda bildirilir ki, Azərbaycan məhkəməsi bəzilərinin mülki vətəndaş olduğu bildirilən ən azı altı etnik erməniyə müxtəlif ittihamlarla azadlıqdan məhrum edib.

İttihamlar arasına terror, casusluq və 1990-cı il Qarabağ müharibəsi zamanı Azərbaycan vətəndaşlarına işgəncə verilməsi ittihamları da var: "2020-ci ilin dekabrında beynəlxalq medianın verdiyi məlumata görə, Azərbaycan hakimiyyəti ölmüş erməni əsgərlərinin cəsədlərini təhqir etdiyinə və erməni qəbiristanlıqlarında məzar daşlarını dağıtdıqlarına görə dörd azərbaycanlı hərbçini həbs edib. Bu hesabatın yayınlandığı zaman onlar istintaq təcridxanasında olublar və onlardan başqa heç kim müharibə cinayətlərinə görə məsuliyyətə cəlb olunmayıb”.

Siyasi müxalifətin təqibi

"Human Rights Watch” hesabatda qeyd edir ki, yanvarda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədov qadağan olunmuş əşyaların alveri ilə bağlı yeni, şübhəli ittihamlarla üzləşib: "Əhmədov 2020-ci ilin mayından terrorizmi maliyyələşdirmə ittihamıyla həbsdədir. O, mühacirətdə yaşayan hökumət tənqidçisindən ölkədəki sabitliyi pozmaq və bir neçə siyasi xadimin qətli üçün pul vəsaiti almaqda ittham edilir. Əhmədov ona qarşı olan bu ittihamları rədd edir”.

İddialara görə, Əhmədovu AXCP lideri əleyhinə yalan ifadə verməyə məcbur etmək məqsədiylə polis onu saxlanma məntəqəsində döyüb. Oktyabrda məhkəmə Əhmədovu 13 il müddətinə azadlıqdan məhrum edib.

Təşkilat bildirir ki, apreldə isə AXCP fəalı Səid Məmmədzadə Bakuvi saxta xuliqanlıq ittihamı ilə 3 il yarım müddətinə azadlıqdan məhrum edilsə də, iyun ayında məhkəmə cəzanı şərti məhkum etmə ilə əvəz edib və o, məhkəmə zalından azadlığa buraxılıb: "İyunda məhkəmə 12 AXCP üzvünü, o cümlədən beş partiya rəhbərini – Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Bəxtiyar İmanov, Asif Yusifli və Ayaz Məhərrəmlini müharibədən əvvəlki bir aksiyada ictimai asayişi pozmaq və bir sıra digər ittihamlarda günahkar bilərək iki ildən dörd ilədək şərti cəzaya məhkum edib”.

HRW əlavə edir ki, fevralda AXCP sədrinin müavininin oğlu Mehdi İbrahimov COVID-19-u yaymaqda ittiham edilib və 15 ay şərti həbs cəzasına məhkum edilib: "Bu ilin martında Prezident İlham Əliyev 2020-ci ilin dekabrında COVID-19-u yaymaqda ittiham olunan və bir il müddətinə azadlıqdan məhrum edilmiş AXCP üzvü Məhəmməd İmanlını əfv edib. Həmçinin martda polis müxalifət fəalı Laçın Vəliyevi narkotiklə bağlı saxta ittihamla həbs edib və onu AXCP rəhbərliyinə qarşı yalan ifadələr verməyə məcbur edib. Vəliyev təzyiq altında narkotik ittihamını qəbul edib. O, bu hesabat hazırlanarkən istintaq təcridxanasında saxlanılırdı”.

Təşkilat Əlizamin Salayev, Saleh Rüstəmov, Aqil Məhərrəmov və Paşa Umudovun da saxta ittihamlarla həbs olunduğunu qeyd edir. Bildirir ki, iyulda apelyasiya məhkəməsi müxalif Müsavat Partiyasının rəhbərlərindən biri olan Tofiq Yaqublunun ev dustaqlığını 30 aylıq şərti cəza ilə əvəz edib.

Yaqublu 2020-ci ildə ədalətsiz şəkildə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirdiyi üçün səhhətində yaranan problemlərə görə ev dustaqlığında idi: "Mayda hökumətyönümlü olduğu bildirilən Azərbaycan Vəkillər Kollegiyası əvvəlki illərdə siyasi baxımdan həssas məhkəmə işlərində vəkil olduqlarına görə cəzalandırılaraq vəkillikdən məhrum edilmiş vəkil Şəhla Hümbətova və İradə Cavadovanın vəkillik fəaliyyətini yenidən bərpa edib”.

İfadə azadlığı

"Human Rights Watch”un hesabatının ifadə azadlığı ilə bağlı bölümündə martda bloger Elçin Həsənzadə və fəal İbrahim Salamovdan bəhs edilir.

Bildirilir ki, onlar Mingəçevir şəhər Mənzil İstismar İdarəsinin rəisinə qarşı irəli sürdükləri korrupsiya və digər ittihamlara görə diffamasiyada günahkar bilinərək 8 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Cəzaları bitdikdən sonra azadlığa buraxılıblar: "Fevralda apelyasiya məhkəməsi aşağı instansiya məhkəməsinin jurnalist Polad Aslanova qarşı dövlətə xəyanət hökmünü qüvvədə saxlayıb və o, 16 illik həbs cəzasını çəkməyə davam edir”.

Hesabatın "Pegasus” bölümü

Təşkilat hesabatında jurnalist və ictimai fəalların hökumət tərəfindən izlənməsinə də toxunub.

Sənəddə qeyd edilir ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) iyulda açıqladığı hesabatında iddia edib ki, Azərbaycan hökuməti Pegasus nəzarət proqramından istifadə edərək mindən çox müstəqil fəal və jurnalistə qarşı casus proqramından istifadə edərək onların telefonlarına giriş əldə edib və gizli dinləyib.

Araşdırmaçı jurnalist Xədicə İsmayılova və bloger Mehman Hüseynov da dinlənilmiş fəal şəxslərin siyahısındadır.

Gender əsaslı zorakılıq

Təşkilat qeyd edir ki, Azərbaycanda gender əsaslı zorakılıq yayğın problemlərdən olsa da, bu haqda ictimaiyyət kifayət qədər məlumatlandırılmır. Gender əsaslı zorakılığa qarşı rəsmi cavabdehlikdə ciddi boşluqlar hələ də var.

Üstəlik, COVID-19 ilə bağlı məhdudiyyətlər ölkədə məişət zorakılığının artmasına səbəb olub. Sığınacaq rəhbərləri də bildiriblər ki, zorakılıqdan qaçaraq onlara üz tutan qadınların sayında artım var.

"Qadın hüquqları müdafiəçiləri polisin məişət zorakılığı ilə bağlı şikayətləri qeydə almadığını, adekvat addımların atılmadığını və onsuz da az sayda olan sığınacaqlara çatımlılıqda ciddi maneələrin mövcudluğunu bildiriblər”, – hesabatda bildirilir.

Əlavə edilir ki, qadınların partnyorları və ya qohumları tərəfindən qətlə yetirilməsi hallarının artdığı bir şəraitdə qurbanlar çox vaxt sığınacaqların olmaması və qeyri-adekvat polis yanaşması ucbatından zorakılıqdan yaxa qurtara bilmirlər.

Jurnalistlər bildirirlər ki, təkcə iyulda beş qadın partnyorları tərəfindən qətlə yetirilib: "Avqustda Baş Prokurorluq 2021-ci ilin birinci yarısında ölkədə 33 qadının öldürüldüyünü açıqlayıb. Qadın hüquqları üzrə mütəxəssislər isə bildiriblər ki, onların əksəriyyəti ərləri, partnyorları və ya ailə üzvləri tərəfindən öldürülüblər. Prokurorluq qadınlara müraciət edərək onları "qaynar xətt”dən istifadə edərək zorakılıq halları haqda məlumat verməyə çağırıb”.

HRW martın 8-də bir sıra fəalın gender əsaslı zorakılığa etiraz etdiyinə də toxunub.

Bildirir ki, etirazçılar hökuməti Avropa Şurasının qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınmasına dair Konvensiyasını ratifikasiya etməyə səsləyib. Həmin aksiyasının qarşısı polis tərərfindən alınıb və bir neçə aksiya iştirakçısı saxlanılıb.

Həbsdə işgəncə və pis rəftar

"Human Rights Watch” bildirir ki, Azərbaycan rəsmiləri adətən saxlanma məntəqələrindən daxil olan işgəncə və digər pis rəftar hallarıyla bağlı şikayətləri qəbul etmirlər. Odur ki, bu kimi hal və davranışlar cəzasız olaraq qalır.

Eyni zamanda, ölkədə saxlama məntəqələrində etirafa məcbur etmək üçün müxtəlif işgəncə növlərindən istifadə yayğındır: "Bu zaman saxlanılan şəxsin ailəsinə və müstəqil tibbi müdaxiləyə çıxışı kəsilir, həmin şəxs müstəqil vəkillə təmin edilmir”.

Hesabatda "Tərtər hadisələri”

Təşkilat işgəncə halları ilə bağlı həmçinin, bildirir ki, məsələn, 2017-ci ildə hərbi və təhlükəsizlik rəsmilərinin bir sıra saxlanılan şəxsləri vətənə xəyanətdə günahlandırılıb.

Onları yalan ifadələrə imza atmağa məcbur etmək üçün işgəncələrə əl atmalarıyla bağlı iddialar və məlumatlar 2021-ci il boyunca geniş yayılıb.

Bir çox hərbçinin həbsi ilə nəticələnən hadisələr Tərtər bölgəsində baş verib. İşgəncələrə Qarşı Ümumdünya Təşkilatının (OMCT) bildirdiyinə görə, "çoxlu işgəncə halları olan bu hadisələrdə” ən az 78 nəfər saxlanılıb və 25 nəfər qapalı keçirilən məhkəmələrdə 12 ildən 20 ilədək həbs cəzasına məhkum edilib.

Saxlanılanların ən az beşi 2020-ci ilin mayında həbs edildikdən bir neçə gün sonra vəfat edib.

"Gəncə hadisələri”

Təşkilat qeyd edir ki, avqustda məhkəmə Gəncə şəhər icra başçısının həyatına qəsddə təqsirləndirilən Yunis Səfərovu ömürlük həbs cəzasına məhkum edib.

Məhkəmələr bu iş üzrə daha doqquz müttəhimə 18 ildən 20 ilədək həbs hökmü oxuyub: "Səfərov və bütün təqsirləndirilən şəxslər məhkəmədə ifadələrində polisin onları etirafedici ifadə almaq üçün dəfələrlə döydüyünü bildirib. Bu iddiaların səmərəli araşdırılması təmin edilməyib”.

Əsas beynəlxalq aktyorlar

"Human Rights Watch” bildirir ki, fevralda Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə xüsusi prosedur mandatı olan bir qrup məruzəçisinin Ermənistan və Azərbaycan "[Dağlıq Qarabağ] münaqişəsi zamanı və ondan sonra törədilmiş insan haqları pozuntularıyla bağlı iddiaları araşdırıb. Daha sonra onlar hər iki ölkəyə səslənərək günahkarları məsuliyyətə cəlb etməyə və zərərçəkmişlərə dəyən ziyanın ortadan qaldırılmasına çağırıb.

"BMT-nin insan haqları üzrə ekspertləri müharibə zamanı əsir götürülmüş hərbçilərin azad edilməsini və cəsədlərin dəfn olunmaq üçün ailələrinə qaytarılmasını tələb ediblər. Hətta mayda Avropa Parlamenti Azərbaycanı erməni əsirlərini qeyd-şərtsiz azad etməyə və onları vəkil, həkim və hüquq müdafiəçiləriylə təmin etməyə çağıran qətnamə qəbul edib. Bu qətnamə həmçinin, Azərbaycanı hərbi əsirlərə qarşı qeyri-insani rəftar barədə iddiaların araşdırılmasında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ilə əməkdaşlığa çağırıb”.

Daha sonra, apreldə Avropa Şurasının İnsan Haqları üzrə Müvəkkili Dunja Mijatovic Azərbaycanın Dağlıq Qarabağ müharibəsində qələbəsinə həsr olunmuş Zəfər Parkında nümayiş etdirilən "qeyri-insani səhnələrdən, o cümlədən, ölən və ölmək üzrə olan erməni əsgərlərini canlandıran manekenlər”dən narahatlığını ifadə edib: "Mən belə təsvirləri alçaldıcı hesab edirəm”, – Mijatovic deyib.

Oktyabrda Azərbaycan müharibə zamanı ələ keçirilən əsgərlərin manekenlərinin və dəbilqələrinin nümayişini yığışdırıb.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) sentyabr qətnaməsində Azərbaycan hakimiyyətini bütün digər əsirləri azad etməyə, Ermənistanı isə mina xəritələrini təhvil verməyə çağırıb. Qətnamə həmçinin, tərəfləri müharibə zamanı törədilmiş cinayətlərə görə məsuliyyətə çağırıb.

Martda ABŞ hökuməti prezidentin əfv fərmanını müsbət qarşılayıb və hökuməti "fundamental azadlıqların icrası zamanı həbs edilən” hər kəsi azad etməyə çağırıb: "Həmçinin martda ABŞ-ın dövlət katibi Antoni Blinken vəkil Şəhla Hümbətovanın Vəkillər Kollegiyasına bərpa olunmasını tələb edib”, – hesabatda qeyd edilir.

Daha sonra bildirilir ki, Avropa İttifaqı mayda Azərbaycanla insan haqları üzrə dialoqdan sonra Hümbətova və Cavadovanın vəzifələrinə bərpa olunmasını alqışlayıb və beynəlxalq humanitar hüququn pozulmasına görə məsuliyyətin vacibliyini vurğulayıb.

Aİ dəfələrlə Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində əsir götürülmüş bütün "məhbus və saxlanılanları” azad etməyə çağırıb.

Siyasi məhbuslarla bağlı vəziyyət

İyunda AŞPA-nın Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi bildirib ki, 2020-ci il yanvar qətnaməsində qeyd olunan Azərbaycanda siyasi məhbus probleminin "həlli bir yana qalsın, hökumət tərəfindən indiyədək nə lazımi şəkildə tanınıb, nə də adekvat şəkildə həll olunub”.

AŞPA-nın Hüquqi Məsələlər Komitəsi ayrıca bir bəyanatla çıxış edərək bildirib ki, qurum Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin siyasi məhbuslar üzrə məruzəçi ilə əməkdaşlıq etməməsindən, eləcə də Azərbaycan hakimiyyətinin Avropa Məhkəməsinin qərarlarını tam şəkildə icra etməməsindən "xüsusi məyusluğunu” ifadə edib.

"Avqustda isə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi azərbaycanlı qadınların ailələri tərəfindən öldürülməsi hallarının artmasına qarşı narahatlığını ifadə edib və Azərbaycan hökumətini İstanbul Konvensiyasını imzalamağa çağırıb”, – "Human Rights Watch”un hesabatında qeyd edilir.(Meydan TV)