Hüseyn Abdullayev: "Məni mühacirlərə və Əli Kərimliyə maliyyə ötürməkdə ittiham edirlər"

Hüseyn Abdullayev:

06-04-2020 16:03 / Bu xəbər 2166 dəfə oxundu

Almaniyadan siyasi sığınacaq alan və 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən keçmiş deputat Hüseyn Abdullayev ictimaiyyətə müraciət ünvanlayıb.

Bu barədə Arqument.az-a H. Abdullayevin yaxınları məlumat veriblər. 

Keçmiş deputat müraciətində yazır: 

"Dəyərli həmvətənlərim, öncə onu bildirim ki, azadlığa çıxmağımı arzulayan və qərəzli böhtanlarla həbsdə saxlandığımı bilən bütün bacı qardaşlarıma və aqsaqqal-ağbirçəklərimə sonsuz minnətdarlığımı bildirirəm. Hazırki müraciəti yazmaqda məqsədim Azərbaycan üçün ən mühüm əhəmiyyət kəsb edən və çox təəssüf ki, məni açıq siyasi motivli ittihamlarla mühakimə edib, zorla həbsdə saxlayan hüquq və məhkəmə sisteminin əsl mahiyyətini hər kəsə göstərməkdir. Ürəkdən inanır həm də çox ümid edirəm ki, aşağda qeyd edəcəyim həqiqətləri, həmçinin baş verənlərin xronoloji ardıcıllığını öyrəndiyinizdə obyektiv mövqe bildirəcək və öz qınağınızı gizlətməyəcəksiniz. Buradan bir daha bəyan edirəm ki, Türkiyədə heç bir order və İnterpolun belə axtarış olmadığı halda saxlanmağımın, Azərbaycana gətirilməyimin, "Vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti göstərmə, pul leqallaşdırma və ən gülüncü kiməsə hədə-qorxu 3000 manat pul istəyib" kimi cəgəng iddiaların hüquqla heç bir əlaqəsi yoxdur".

Hüseyn Abdullayev yazır ki, onun həbsinin sifarişi hakimiyyətdəki qruplaşmaların hazırladığı planın tərkib hissəsidir və qisasçılıq məqsədi daşıyır: "Həbsimin əsas səbəbi Ramiz Mehdiyev qruplaşmasının uydurduğu və mənim guya ki Avropada yaşayan mühacirlərə, o cümlədən Əli Kərimliyə maliyyə dəstəyi göstərməyimdir. Onlar fikir formalaşdırblar ki, guya xaricdəki mühacirləri qabağa verib, kiminsə ailə üzvlərinin ünvanına nalaiq sözlər səsləndirmişəm və məndən bunun qisasını alırlar. Şübhəsiz ki, bu iddianın təməlində hökumətin parlamentdəki illik hesabatını sərt tənqid etməyim, sosial mediadakı ifşaedici yazılarım və əlbəttə ki, 2013-cü ildə yazdığım "Susma” mahnısının hayfını almaq dayanır. Təsadüfi deyil ki, məhz həmin mahnı "Youtube"yə qoyulduqdan,  (2013-cü il 6 iyul) bir gün sonra mənə məlum cinayət  işi açıldı və məni saxta iddialarla ittiham etməyə başladılar".

"Aparılan uzunmüddətli məhkəmə araşdırması göstərdi ki, ittiham olunduğum maddələrin heç biri öz təsdiqini tapmamış və tamamilə əsassız yerə məhkum edilməyim təsbit edilmişdir. İşin biabırçı tərəfi odur ki, 22 aprel 2018-ci il (Türkiyədən gətirildiyim gün) həm daxili işlər, həm də baş prokurorluğun mətbuat xidməti və telekanallar car çəkmiş və həbsimin ilkin səbəbi kimi 178, 182 və 213-cü (dələduzluq, hədə-qorxu) maddələrin olduğunu bəyan etmişdilər. Lakin məhkəmə istintaqı zamanı bu iddiaların da absurd və ağ yalan olduğu üzə çıxmış, zərrə qədər də olsun öz təsdiqini tapmadığından ittiham aktından çıxarılmışdır. Bunu görən xain qüvvələr məhkəmə prosesində söylədiyim kəskin ifadələri və kifayət qədər əsasla ehtirazlarımı bayraq edərək, üstünə də yüzünü qoyaraq İlham Əliyevə məruzə etmiş və mənim güya həbsdən buraxılmağımın çox təhlükəli olduğunu bildirmişlər, - keçmiş deputat yazır.

Abdullayev müraciətində qeyd edir ki, onu 23 ay Bakı İstintaq Təcridxanasında təkkameralı şəraitdə saxlayıblar: "12 ildir ki, davam edən təqiblərə, şəxsimə yönəlmiş hüquqi dərəbəylik və çirkin böhtanlara, xəstə atamın ölmünə zəmin yaratmağınıza, düz, 23 ay Bakı İstintaq Təcridxanasında tək saxlanmağıma və 50 yaxın əməkdaşın (növbə dəyişməklə hər gün 4 zabit),  yəni dünyadan təcrid olunmağıma, 23 ay öz ailə üzvlərimlə əsasən də anamla görüşməyimə, eləcə də telefon əlaqəsi saxlamağıma qoyulmuş qeyri-rəsmi qadağaya və beləliklə də,  məqsədli şəkildə əsəb sistemimin və səhhətimin pozulmasına hesablanmış cəhdə hansı reaksiyanı verməli və nə üçün səssiz qalmalıydım? Bəs siz hansı reaksiyanı verərdiniz? Mənə bəslənən şəxsi ədavət nə qədər böyükdür ki, belə bir işgəncəyə və düşünülmüş psixoloji terrora əl atdılar. Bütün bunlar siyasi sifariş deyilsə, nədir? Ən pisi odur ki, o vaxtkı "vəkillərim” də satılmış, istintaq qrupu ilə iş birliyinə girmiş və başverənlərdən kimsə xəbər tutmasın deyə nə ictimaiyyətə, nə də media nümayənlərinə heç bir məlumat verməmişlər. Təcridxana rəhbərliyi isə həm məhkəməyə, həm Almaniya səfirliyinə, həm də BMT və Qızıl Xaç Komitəsinə ünvanladığım bütün müraciətlərimi göndərməmiş və bilərəkdən cırıb atmışdır". 

"Bəli, hər insanın xarakteri onun gələcəyini müəyyənləşdirir. Amma çəkdiyim əziyyətlərə və dözülməz iztirablara baxmayaraq, xoşbəxtəm ki, Allah məni belə yaradıb: mənliyini və qürurunu hər şeydən üstün tutan, öz mənəvi varlığını heç bir vəsifəyə, sərvətə, ucuz şan-şöhrətə və nə olursa olsun həqiqəti inkat etməməklə yanaşı, ağa ağ, qaraya da qara deməyi bacaran insan kimi... Millət vəkili olduğum 2005-2007-ci illər ərzində bəzi nazir və icra başçılarının harınladıqlarını, insanları adam yerinə qoymadıqlarını və dövlət ilə xalqın arasında uçurum yaratdıqlarını bildirmiş, onlara qarşı çıxmışdım. Nə yazıq ki, bəzi qanmazlar bunu pis tərəfə yozdu və guya mənim hansısa gizlin və qaranlıq məqsədlərimin olduğunu iddia edib, Nazirlər Kabinetinin illik hesabatı zamanı məni provokasiyaya çəkib həbs etdirdilər. Arada zaman keçdi, nə qədər haqlı olduğum üzə çıxdı və hakimiyyət özü də gördü ki, bir deputatın öz seçicisinin probleminə biganə qalması yanlışdır və buna qətiyyən yol vermək olmaz. Çox xoşdur və vicdanım da təmizdir ki, millət vəkili seçildiyim Nizami rayon sakinləri onları necə layiqincə təmsil etdiyimi, heç bir çətinliklərinə laqeid qalmadığımı, hər ay neçə ailə və nəqədər insana həm maddi, həmdə mənəvi dəstək göstərdiyimi hələ də unutmayıblar. Mən bu millətin övladıyam və onun dərdini dərdim, sevincini isə hər zaman sevincim bilmişəm", - qeyd edir.

H. Abdullayev müraciətində Avropada yaşayan mühacirlərlə bağlı məsələyə də toxunub: "Avropada yaşayan mühacirlərlə bağlı məsələyə gəldikdə isə məni tanıyan, təbiətimə yaxşı bələd olan dostlar da bilir ki, mən kimliyindən və vəzifəsindən asılı olmayaraq hər kəsə sözümü və barəsində nə düşündüyümü açıq şəkildə deyən biriyəm. Odur ki, kimlərisə qabağa verməyə, yaxud da kiminsə ailə üzvlərinin ünvanına təhqir söylətdirməyə qəti ehtiyacım yoxdur, olmayıbda. Bir də ki öz tənqidçilərindən qisas almaq üçün onların ailəsinə cinayət işi açmaq, təhdid və qorxu altında saxlamaq mənə deyil, mövcud iqtidara xas olan keyfiyyətdir".

Keçmiş deputat Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə də əlaqəsinin olmadığını qeyd edib: "Mənim nə mühacirlər, nə də Əli Kərimli ilə heç bir əlaqəm olmayıb, onlara da hər hansı bir maliyə dəstəyi göstərməmişəm. Deyilənlər yalandır, məqsədlidir və ortaya atılmış cəfəngiyyatdır. Bütün bu qarayaxmalara və heç bir səbəb olmayan şübhələrə görə, mənə iş açmağa və misli görülməmiş haqsızlıq etməyə dəyərdimi? Hüququ mühafizə orqanlarının nə ixtiyarı var ki, belə ağır siyasi repressiyalara yol versin və məni tamamilə əsassız ittihamlarla məhkum etsin. Onların nə haqqı var idi ki, mənə və ailəmə məxsus olan, özü də tam və halal zəhmət ilə qazanıb aldığımız mülk və özəl torpaqlarımızı qəsb etsin, hələ utanmadan onların güya hansısa çirkli pullarla alındığını iddia etsin? Təəcüblüdür ki, bütün bu zorakılıq siyasəti hüquq və məhkəmə sistemində aparılan "köklü islahatlar” dövrünə təsadüf edir".

Hüseyn Abdullayev Türkiyədə saxlanılıb Azərbaycan tərəfinə verildiyini də beynəlxalq hüquqa zidd olduğunu deyib: "İndi gələk əsas məsələyə - "Qardaş Türkiyə Cümhuriyəti"nin məni necə satdığına və beynəlxalq hüququn kobudcasına pozması nəticəsində Azərbaycana, yəni təqib olunduğum ölkəyə təhvil verilməyimə. Qeyd edim ki, həmin bu əməliyyat tələb olunan və dünyada qəbul edilmiş bütün prosedur qaydalarına zidd olaraq həyata keçirildi. Bunun hansısa ekstradissiya ya da ki deportasiya qanunları ilə qətiyyən əlaqəsi yoxdur. Belə ki, 21 aprel 2018-ci il tarixdə Türkiyə Terrorla Mücadilə Şöbəsinin bir qrup əməkdaşı tərəfindən saxlanılarkən mənə nə deportasiya qərarı təqdim edildi, nə də ki onun səbəbləri və sonrakı nəticələri barədə məlumat verildi. O cümlədən qərardan şikayət vermək və özümü müdafiə etmək hüququmdan qəsdən məhrum edildim. Halbuki Türkiyə qanunlarına və Ana Yasasına görə, bir əcnəbinin ölkədən deportasiya edilməsi, yalnız iki halda baş verə bilər: həmin əcnəbi milli təhlükəsizliyə təhdid olduqda və ya ictimai asayışın təhlükəsizliyinə təhlükə yaratdıqda". 

"Maraqlıdır, Hüseyn Abdullayev milli təhlükəsizliyinə təhlükə yaradacaq, yada ki, onun ictimai asayişini pozacaq addım və ya hansı hərəkətə yol vermişdir? Bu cür boş və sağlam düşüncə tərzinə zidd bir fikiri kim uydurub? Üstəlik, Türkiyə rəsmiləri yaxşı bilirdi ki, 1951-ci il Cenevrə Konvensiyası, xüsusən də həmin Konvensiyanın 33-cü maddəsi "Qaçqınların irqi, dini, vətəndaşlığı, sosial qrupa mənsubiyyəti və siyasi əqidə səbəblərinə görə, həyatı və azadlığını təhlükə gözləyən ölkənin nəinki daxilinə, hətta onun hüdudlarına belə göndərilməsini və ya məcburi qaytarılmasını qəti şəkildə qadağan edirdi. Almaniya dövlətindən siyasi sığınacaq almış və bunu təsdiq edəcək alman pasportu ilə Türkiyəyə gəlmiş bir insana zor tədbiq edilməsi, beynəlxalq hüququ tapdalayaraq Azərbaycana (uzun illər təqib olunduğu) ölkəyə təhvil verilməsi ciddi qanun pozuntusu və təməl insan haqlarına qarşı isə bənzəri olmayan zorakılıqdır", - bildirib.

H. Abdullayev Türkiyədə saxlanılıb Azərbaycan tərəfinə verildiyini isə belə təsvir edib: "Heç vaxt unutmaram. 21 aprel 2018-ci il, və hava qaralmaq üzərə idi. Atatürk hava limanının arxasındakı tanımadığım bir yerə gətirilmişdim. Gün batdıqdan sonra 15-ə yaxın polis əməkdaşı məni avtobusa oturdub, biz səni Almaniya dövlətinə göndərmək üçün təyyarəyə aparırıq fikrini bildirdilər (Görünür müqavimət göstərməyim deyə). Üzərində "Türk Hava Yolları” yazılmış təyyarənin arxa tərəfinə gətirildikdə şübhələndim: "Siz nə edirsiniz, birdən çaşıb məni Azərbaycana göndərərsiniz. Bunu qətiyyən etmək olmaz, eşidirsiniz, etməyin. Mən Almaniya qanunları və o dövlətin konstitusiya ilə qorunan siyasi mühacirəm", - dedim və Azərbaycanda işgəncələrə və ciddi siyasi repressiyalara məruz qalacağımı bildirdim. Lakin onlar mənim bu fəryadıma, dərin stress və həyəcanıma məhəl qoymadan zor tətbiq edərək, arxa trapdan qaldırıb, təyyarədəki Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verdilər. Kim nə deyirsə-desin, bunun adı dövlətarası insan oğurluğu idi və Alman pasportunu daşıyan bir qaçqının təqib olunduğu ölkəyə verilməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın razılığı olmadan baş verə bilməzdi. Həmin o "Boraltan körpüsünün” şerini oxuyarkən, guya ki ağlayan Ərdoğanın..."

Almaniyadan siyasi sığınacaq alan keçmiş deputat Hüseyn Abdullayev 2018-ci ilin aprel ayında Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

Bakı Hərbi Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli hökmü ilə 6 il həbs cəzasına məhkum edilib.