Hüquq müdafiə təşkilatı İlham Əliyevə müraciət edib

Hüquq müdafiə təşkilatı İlham Əliyevə müraciət edib

08-08-2022 19:19 / Bu xəbər 1390 dəfə oxundu

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”  hazırda həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevlə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Mərkəz insan hüquqları təşkilatı olaraq VİP sədrinin Əli Əliyevin taleyindən narahatdır. 

Arqument.az-a göndərilən müraciətdə deyilir: "Cənab prezident, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev 2022-ci ilin 13 yanvar tarixində Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun çıxardığı hökmə əsasən 5 ay, 15 aprel tarixində eyni məhkəmədə hakim Rauf Daşdəmirov tərəfindən verilən hökmlə 1 ay, eyni məhkəmədə 7 iyun tarixində hakim Rəşad Cavadzadənin hökmü ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Yasamal Rayon Məhkəməsində qısa müddətdə çıxarılan hər 3 hökm Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən çıxarılıb.

VİP sədri Əli Əliyevin Cinayət Məcəlləsinin 147-148-ci maddələrilə həbs olunması, barəsində eyni məhkəmə tərəfindən qısa müddət ərzində 3 hökmün çıxarılması onu göstərir ki, Əli Əliyevin həbsində qərəz var və o səsləndirdiyi sözə, fikrə görə qurama ittihamla həbs olunub. Bu da ifadə azadlığının kobud surətdə pozulmasıdır. 

Əli Əliyev ona qarşı əsassız olaraq çıxarılmış 3-cü məhkəmə hökmündən apellyasiya şikayəti verib və həmin şikayətə 9 avqust saat 11:10-da Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq. 

Mərkəz olaraq qeyd edirik ki, Partiya sədrinin səsləndirdiyi sözə-fikrə görə həbs olunması ölkəmiz üçün baş ucalığı gətirmir və beynəlxalq ictimaiyyət tərəfindən də kəskin etirazla qarşılanır, ifadə azadlığının kobud surətdə pozulması kimi dəyərləndirilir. 

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin şikayətinə  9 avqust saat 11:10-da Apellyasiya Məhkəməsində baxılacaq. 

Apellyasiya şikayətinə ədalətli və obyektiv baxılması Əli Əliyevin qarşıdan gələn 19 avqust da 55 illik yubileyini azadlıqda keçirməsinə və siyasi fəaliyyətinin azadlıqda davam etdirməsinə gətirib çıxara bilər".

"Yuxarıda qeyd olunanları nəzərə alaraq, Mərkəz olaraq Sizdən, VİP sədri Əli Əliyevin Apellyasiya Məhkəməsində 9 avqust saat 11:10-da keçiriləcək məhkəmə prosesini diqqətdə saxlamağınızı xahiş edirik", - deyə müraciətdə qeyd olunur. 

İyunun 23-də Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin cəzası daha 6 ay uzadılıb.

Yasamal Rayon Məhkəməsində son 6 ayda VİP sədrinə üçüncü dəfə hökm oxunub. Sonuncu hökm Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb.

Hakim Rəşad Cavadzadənin çıxardığı hökmə əsasən, Əli Əliyev Ramiz Göyüşovu təhqir etməkdə təqsirli bilinib və Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsilə ona 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Bu cəza onun haqqında daha əvvəl çıxarılmış 6 aylıq həbs hökmüylə birləşdirilib. Ona qəti olaraq, 1 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

Cəzanın əvvəli isə Əli Əliyevin əvvəlki hökmlə həbs olunduğu gündən – 13 yanvardan hesablanıb.

Məhkəmə prosesi qapalı keçirilib.

Əli Əliyev yanvarın 13-dən həbsdədir. O, 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan iki nəfərin iddiası əsasında həbs edilib.

Partiya sədri internet televiziyalarından birinə bu hadisəni şərh edərkən bildirib ki, telekanallarda helikopterdən sağ çıxmış hərbçilər kimi təqdim olunan və müsahibə verən iki nəfərin əslində hadisə vaxtı orada olduğuna inanmır.

Həmin şəxslər bu fikrinə görə Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Hər biri ayrı-ayrılıqda onun 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Əvvəl DSX-nın polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsiylə VİP sədri yanvarın 13-də 5 ay azadlıqdan məhrum edilib. Daha sonra Ramin Cəbrayılovun iddiası əsasında Əli Əliyev eyni maddə ilə təqsirli bilinib. Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq 6 ay həbs cəzası saxlanılıb.

Partiya sədri özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edir.

O, məhkəmədə bildirib ki, susmayacağı halda, həbs ediləcəyi haqda əvvəlcədən xəbərdar edilmişdi. Onun sözlərinə görə, bu xüsusi ittihamçılardan da onun həbsi üçün vasitəçi kimi istifadə olunub.

Əli Əliyev məhkəmədə bir daha vurğulayıb ki, həmin şəxslərin qəza zamanı helikopterdə olduğuna inanmır: "Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılan, 1000 dərəcə istilikdən adam o vəziyyətdə çıxa bilməz. Mən həkiməm və uçuşda təhlükəsizlik məsələləri üzrə ekspert olmuş Sərdar Cəlaloğlu da eyni fikirləri ifadə edib. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da edib. Onlar sadəcə, alətdir”.

"Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır. Mən desəm ki, onlar o vertolyotda olub, bu, 14 şəhidimizin ruhuna hörmətsizlikdir. Mən bu cür düşünmürəm. Bu cür düşünməyi heç kim mənim əlimdən ala bilməz”, – deyə partiya sədri bildirib.

Helikopter qəzasında ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub.

Dekabrın 20-də Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almaması, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.