Hüquq müdafiəçisi: "AXCP fəalının vəziyyəti pisləşib"

Hüquq müdafiəçisi:

02-08-2021 17:36 / Bu xəbər 606 dəfə oxundu

"Əlizamin Salayevin ürəyində və tənəffüs sistemində problemlər var. Ona görə də vəziyyəti tez-tez pisləşir. Onu sanitar hissəyə aparmırlar, gəlib, dərman verib gedirlər”.

Bunu avqustun 2-də "Toplum TV”-yə açıqlamasında hüquq müdafiəçisi Zəfər Əhmədov deyib.

Z.Əhmədovun sözlərinə görə, Ə.Salayev 17 saylı Dövlət Cəzaçəkmə Müəssisəsindədir: "Bu yeganə müəssisədir ki, baraklarında havalandırma sistemi yoxdur. Ə.Salayev vəziyyəti pisləşdiyinə görə müraciət edib, onu sanitar hissəyə aparıblar. Dünən isə qəfil gələrək deyiblər ki, səni baraka qaytarırıq. Ə.Salayev özünü pis hiss etdiyini söyləsə də, məhəl qoyulmayıb, onu baraka qaytarıblar”.

Zəfər Əhmədov 

"Baraka gətirilən kimi onun vəziyyəti pisləşib. Həkim çağırıblar, dava-dərman veriblər. Mən bunu səhərə yaxın öyrəndim. Vəziyyətinin pisləşməsinə baxmayaraq, onu sanitar hissəyə qaytarmayıblar”, - deyə hüquq müdafiəçisi qeyd edib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə "Toplum TV”-yə Ə.Salayevin vəziyyətinin pisləşməsi barədə xəbəri təkzib edib: "Hər cəzaçəkmə müəssisəsində Ədliyə Nazirliyinin Tibb Baş idarəsinin həkimləri işləyir. Əgər onun sağlamlıq cəhətdən hansısa problemi varsa, həmin həkimlərə müraciət edə bilər. Bununla bağlı heç bir məhdudiyyət qoyulmayıb”.

AXCP üzvü Ə.Salayev yanvarın 13-də partiyanın digər fəalları Nicat Abdullazadə və Ceyhun Novruzovla birlikdə saxlanılıb. 

N.Abdullazadənin sözlərinə görə, onlar kafedə yemək yeyən zaman polislər gələrək onları 8-ci bölməsinə aparıb. Burada onun və C.Novruzovun haqqında xırda xuliqanlıqla bağlı protokol tərtib olunub, hər birini 50 manat məbləğində cərimələyiblər, Ə.Salayev isə həbs olunub. 

"Protokol tərtib etdilər ki, guya biz kafenin qabağında söyüş söymüşük”, - deyə N.Abdullazadə bildirib. 

AXCP isə Ə.Salayevin sifarişlə həbs olunduğunu iddia edir. Buna səbəb kimi onun həbsindən bir neçə gün əvvəl "Yutub" sosial şəbəkəsində Salyan Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizov barəsində yerləşdirdiyi video göstərilir. Həmin videoda o, H.Əzizovu 21 yaşlı qıza təcavüz etməkdə ittiham edib. 

Polis rəisi isə Ə.Salayevin iddialarını rədd edib, ona "Qızın nəslində kişi yoxdur ki, sən bu məsələyə qarışırsan?" deyə cavab verib.

Bu il yanvarın 24-də AXCP üzvü olan bir qrup qadın Ə.Salayevə azadlıq tələbi ilə Daxili İşlər Nazirliyinin qarşısında aksiya keçirib.