Hüquq müdafiəçisi: "Əfv sərəncamı siyasi məhbus problemini həll etmədi"
08-05-2023 23:33 / Bu xəbər 1130 dəfə oxundu
"Bu gün imzalanan əfv sərəncamı əvvəlki əfv sərəncamları kimi ölkədəki siyasi məhbus problemini həll etmədi. Ümumiyyətlə, əfv sərəncamları və amnistiya aktları ilə ölkədəki siyasi məhbus probleminin həll olunmasını gözləmək, buna ümid etmək doğru deyil".
Bunu hüquq müdafiəçisi Samir Kazımlı mayın 8-də Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını şərh edərkən deyib.
O bildirib ki, əvvəlki əfv sərəncamları və amnistiya aktlarının siyasi məhbus problemini tam həll etməməsi bir reallıqdır: "Əfv sərəncamları və amnistiya aktları ilə hakimiyyətin siyasi məhbus mövzusunda imitasiyalarına da rast gəlinib ki, guya hakimiyyət siyasi məhbus probleminin həlli istiqamətində addımlar atır. Amma ölkədə onlarla əfv sərəncamları və amnistiya aktları olub, siyasi məhbus problemi isə qalmaqdadır".

Kazımlının fikrincə, ölkədə siyasi məhbus yaradan mexanizmlər aradan qaldırılmadıqca, əfv sərəncamları və amnistiya aktlar siyasi məhbus problemini aradan qaldıra bilməz: "Hansısa əfv sərəncamı və ya amnistiya aktları ilə həbsdə olan bütün siyasi məhbusları azadlığa buraxıla bilər. Amma bu da siyasi məhbus probleminin tam həlli anlamına gəlməməlidir. Siyasi məhbus yaradan mexanizmlər - məhkəmələrin müstəqil və ədalətli olmaması, sifarişli qərarlar çıxartmaları, hüquq-mühafizə orqanlarının hakimiyyətin siyasi maraqları üçün cəza vasitəsi kimi istifadə edilməsi, fikirlərinə və fəaliyyətlərinə görə adamların saxta ittihamlarla həbsi və s. bu kimi hallar qaldıqca, siyasi məhbus problemi də mövcud olacaq".
"Yəni bütün siyasi məhbusların azadlığa çıxdığı əfv sərəncamı və amnistiya aktı baş versə belə, qısa müddətdən sonra boş qalmış siyasi məhbus yerlərini başqaları doldura bilər. Ona görə də siyasi məhbus məsələsinin tam şəkildə aradan qaldırılması üçün ölkədə hüquqi və demokratik idarəçilik yaradılmalı, insan hüquq və azadlıqları, məhkəmə müstəqilliyi təmin edilməlidir", - deyə o qeyd edib.
Prezident İlham Əliyev mayın 8-də əfv sərəncamı imzalayıb və sərəncam 801 məhkuma şamil olunub.
Onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 nəfər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.












