Hüquq müdafiəçisi nazirə müraciət edib: "İntihar etmək istəyən vətəndaşı azad edin"

Hüquq müdafiəçisi nazirə müraciət edib:

08-11-2024 01:02 / Bu xəbər 417 dəfə oxundu

"Mediadan oxuyuram ki, 32 yaşlı T. Ələsgərli xuliqanlıqda ittiham olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilib, haqqında həbs qətimkan tədbiri seçilib".

Bunu hüquq müdafiəçisi, Müdafiə Xətti" təşkilatının həmsədri Rüfət Səfərov yazıb.

Onun sözlərinə görə, vətəndaş T. Ələsgərli dövlət başçısı İlham Əliyev Böyükşor-Pirşağı yolunun açılışına getdiyi ərəfədə "Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüyə çıxıb, intihara cəhd edib: "Fövqəladə Hallar Nazirliyinin əməkdaşları danışıqlar aparıb və nəticədə mümkün faciənin qarşısı alınıb, T. Ələsgərli intihar etmək niyyətindən daşınıb. Əlbəttə, vətəndaşı bu qərarı verməyə sövq edən səbəb, ya da səbəblər toplusu barədə məlumatsızam. 
İndiki halda bəzi hüquqi məsələləri önə çəkmək istəyirəm. Bütün halda burada cinayət hadisəsi, xuliqanlığın tərkib hissəsi yoxdur". 

Rüfət Səfərov yazır ki, dövlət hakimiyyəti orqanları, Daxili İşlər Nazirliyinin struktur bölmələri vətəndaşı intihara sürükləyən səbəbləri araşdırıb, tədbir görmək əvəzinə qurama əsaslarla cinayət işi başlayırsa, bu, hüquqi nihilizmin bariz nümunəsidir:

"Əvvəla, xuliqanlıq hərəkətləri müxtəlif formalarda ifadə olunsa da, onların hamısı aşağıdakı üç əlamətə malik olmalıdır:
- bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır,
- belə pozuntu cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunmalıdır,
- vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv ediləməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir".

"Mən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova, tabelyində olan istintaqçılara sual edirəm: çarəsiz, müdafiəsiz, bədbəxt durumda olan vətəndaş canına qəsd etmək fikrinə düşübsə, bu, nə vaxtdan ictimai qaydanı kobud surətdə pozmaq, cəmiyyətə açıqca hörmətsizlik, vətəndaşlar üzərində zor tətbiq etmək mənasına gəlir, cənab nazir? Mənə aydındır ki, bu gün Azərbaycanda intəhasız gücə, imkana, resursa maliksiniz. O da aydındır ki, repressiv tədbirlərin öz apogeyinə çatdığı bir dövrdə üç yüksək rütbəli vəzifəli şəxsin-dövlət başçısı İlham Əliyevin, sizin və DTX rəisi Əli Nağıyevin adı gələndə sadə azərbaycanlının rəngi qaçır, bədəni titrəyir. Siyasi və hüquqi iradələriniz bir anın içində istənilən vətəndaşın həyatını, taleyini bədbəxt, ya da xoşbəxt etmək iqtidarındadır. Bəxtsiz bir vətəndaşı daha da bədbəxt etmək nəyə yarayır? Həmin vaxt dövlət başçısı İlham Əliyevin maşın karvanı "Koroğlu” metrostansiyasının yaxınlığından keçməsəydi, yenədəmi eyni qərar veriləcəkdi, cinayət işi başlanıb, faciəvi durumda olan bir yazığın barəsində həbs qətimkan tədbiri seçiləcəkdi? Olmayacaqdı. Bunu əvvəlki təcrübələr, səbəblər, nəticələr və s. təsdiqləyir", - deyə hüquq müdafiəçisi qeyd edib.

O, daxili işlər naziri Vilayət Eyvazovdan vətəndaşın azad edilməsini xahiş edib: "Mən sizdən hazırkı cinayət işini nəzarətinizə götürmənizi, vətəndaş T. Ələsgərlinin sərbəst buraxılmasına dair göstəriş vermənizi xahiş edirəm. Eelə olsa, hakimiyyət zirvəsindən hansısa irad gələr ki?"

Noyabrın 7-də səhər saatlarında, Prezident İlham Əliyev Böyükşor-Pirşağı yolunun açılışına getdiyi ərəfədə "Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüyə çıxıb intihara cəhd edən şəxs həbs olunub. 

32 yaşlı T.Ələsgərli haqqında bu hərəkətinə görə cinayət işi başlanıb.