Hüquq müdafiəçisi Vilayət Eyvazova müraciət etdi

Hüquq müdafiəçisi Vilayət Eyvazova müraciət etdi

23-01-2025 18:41 / Bu xəbər 307 dəfə oxundu

Hüquq müdafiəçisi Mirvari Qəhramanlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

O, hazırda təhdid və təhqirlərlə üzləşən qızı Sara Rəhmanova ilə bağlı nazirə yazıb. 

Qəhrəmanlı bildirib ki, bu, onun nazirə ilk müraciətidir: "Hörmətli Vilayət müəllim, ilk dəfədir ki, Sizə müraciət edirəm. Arxalı bir insan tərəfindən iki qızım və özüm təhqir olunmuşam.Köməyinizə ehtiyacım var". 

"Qızım Sara Rəhmanova 10 ildən artıqdır ki, Müasir Psixologiya Mərkəzi MMC-də (bundan sonra Mərkəz) işləyib. İşlədiyi  müddət ərzində işçilər və işəgötürənlə heç bir konflikti  olmayıb. İki ay əvvəl Mərkəzə Vüsal Həsənov adlı şəxs gəldi. Mərkəzin rəhbəri Aidə Nəbiyeva onu hüquqşünas kimi təqdim etsə də, o özünü  Mərkəzin rəhbəri kimi aparırdı. İşçilərlə kobud rəftar edib, təhqiredici ifadələr işlədirdi, xüsusən qadınlara qarşı. İki ay ərzində 5 nəfər onun tələbi ilə işdən azad edilib. Onlardan biri qadın idi. 16.01.2025-ci il tarixində rəsmi sənədlə Mərkəzdə hər hansı bir səlahiyyət sahibi olmayan, lakin Mərkəz rəhbərliyi tərəfindən xüsusi səlahiyyətlər verilmiş (hansı əsasla?) Vüsal Həsənov qızımı onu Mərkəzin rəhbəri Aidə Nəbiyeva və onun əmisi (yəqin ki, sahibi) Azər  Piriyevin  yanında küçə söyüşləri ilə təhqir edib. Bunu Mərkəzin bir neçə işçisi də eşidib", - deyə Mirvari Qəhrəmanlı qeyd edib. 

Hüquq müdafiəçisi deyir ki, bu təhdid və təhqirlərdən sonra qızının psixoloji durumu pisləşib: "Qızım 2025-ci il yanvarın 16-da özünü pis hiss etdiyi üçün Azər Piriyevdən icazə almaq istəyib. Həmin vaxt Azər Piriyev Vüsal Həsənovun otağında olub. Qızım da icazə almaq üçün Vüsal Həsənovun otağının qapısını döyüb və Azər Piriyevə müraciət edib, vəziyyətini izah edib. Azər Piriyevlə onun otağında danışması Vüsal Həsənovun xoşuna gəlməyib. Qızımın üstünə qışqırdı ki, rədd ol otaqdan, mənə mane olursan.  O, yenə də vəziyyəti izah etməyə çalışıb, amma Vüsal Həsənov onu küçə söyüşləri ilə təhqir edib, alçaldıb. Aldığı pisixi zərbələrdən   halı daha da pisləşib. Vüsalın hədə qorxusundan, söyüş və təhqirlərindən qorxaraq "102"-yə zəng edib, polis çağırıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları Mərkəzə gəlib zərərçəkmişdən əvvəl Vüsal Həsənov və Mərkəz rəhbərliyi ilə görüşüblər, qızımdan isə qısa bir izahat yazmağı tələb ediblər. Köməyə çağırdığı polis araşdırmadan, həmin saatda Mərkəzdə olan Vüsal Həsənovun söyüşlərini eşidən başqa işçilərdən izahat almayıb. Qızıma isə deyib ki, siz Vüsalı təhqir etmisiniz. Məgər polis həmin an Vüsalın kabinetində olmuşdu  ki? Əgər qızım Vüsalı təhqir etmişdisə, niyə kömək üçün Polisə müraciət edirdi ki?".

Mirvari Qəhrəmanlı

Mirvari Qəhrəmanlı yazır ki, bundan sonra qızına qarşı təzyiqlər başlayıb. Belə ki, axşam işdən sonra Mərkəz rəhbərləri və Mərkəzdə səlahiyyətləri bəlli olmayan Vüsal Həsənov qızı ilə bağlı akt tərtib ediblər: "Orada göstəriblər ki, guya Vüsal Həsənov qızımı yox, qızım onu təhqir edib. Akt Nərimanov Rayon Polis İdarəsinə təqdim olunub. Qızım aktla tanış olmayıb. Aktda yazılanlar barədə Mərkəzin rəhbərlərindən olan Azər Piriyev qızıma qısa, şifahi məlumat verib. Sonradan Azər Piriyev ondan təklikdə üzür istəsə də, bu haqda heç kimə məlumat vermədi". 

Hüquq müdafiəçisi deyir ki, mərkəz rəhbərliyi daha bir qeyri-qanuni addım atıb, əsassız olaraq qızını işdən çıxarıb: "Hadisədən bir neçə saat sonra Azər Piriyev  qızıma yazdı ki, sabah işə gəlmə. Biz akt tərtib etmişik və bu akta əsasən səni Əmək Məcəlləsinin 70ç maddəsi ilə işdən azad edirik.  Bəs qanun, bəs əmək hüquqları? Məgər 37-ci ildir? Baş vermiş hadisə iş yerində əmək hüquqlarının pozulması ilə yanaşı, tərkibində ciddi zorakılıq elementləri ilə müşahidə edilən bir haldır: qadına qarşı zorakılıq, təhdid, pisixoloji təzyiq və s. Nəticədə isə ölkə qanunvericiliyi pozuldu və mənə şiddət göstərən insan cəzasız qaldı. Qızım isə həm təhqir olundu, həm də işsiz qaldı, ölkə qanuvericiliyi pozuldu. Bu gün isə Vüsal Həsənov  Post TV-də intervyü verib məni, hazırda xaricdə yaşayan qızım Mətanət Əzizovani  cox ağır təhqir edib, Mətanət Əzizovanın ermənilərə xidmət etdiyini, onun axtarışda olduğunu yazıb". 

"Yuxarıda qeyd olunanları nəzərə alıb, ölkə qanunvericiliyinə hörmətsizlik edən, bu qanunları pozan insanların (qurumun) cəzalandırılması və qızımın hüquqlarının qorunmasında yardımçı olmağı Sizdən xahiş edirəm", - deyə hüquq müdafiəçisi nazirə müraciətində qeyd edir. 
 
Qarşı tərəf isə iddiaları qəbul etmir. Onlar Post TV-yə müsahibələrində Sara Rəhmanovanı günahlandırıblar.