Hüquq müdafiəçisinin namizədliyi qeydə alınmadı: "Dedilər, bilmirsən kim olacaq deputat?"

Hüquq müdafiəçisinin namizədliyi qeydə alınmadı:

31-07-2024 13:37 / Bu xəbər 993 dəfə oxundu

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"nin sədri, 32 saylı Suraxanı III Seçki Dairəsindən namizədliyini irəli sürən və qeydiyyata alınmayan Fikrət Cəfərli bəyanat yayıb. 

O, qanunsuz olaraq seçki prosesindən uzaqlaşdırıldığını deyib: "Mənim fəaliyyətim daima şəffaf olub və belə də davam edəcək. Heç vaxt nəyisə gizlətmək, qorxmaq kimi kompleksim olmayıb, olmayacaq da. Rəhbəri olduğum "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı da nə vaxta kimi mənim rəhbərliyim altında olacaq, indi necə fəaliyyət göstərir, elə də fəaliyyət göstərəcək. Heç vaxt heç bir məmurdan, şəxsdən maddi dəstək almamışıq və almayacağıq da".

"Mən hüquq müdafiəçisiyəm, bütün ictimaiyyətə, beynəlxalq təşkilatlara, diplomatik korpuslara, siyasi dairələrə və o cümlədən  hüquq mühafizə orqanlarına - Baş Prokurorluğa, Daxili İşlər, Ədliyyə  Nazirliklərinə, Dövlət Təhlükəsizlik, Miqrasiya xidmətlərinə açığam və olmaqda da maraqlıyam. Buna peşə fəaliyyətindən doğan öhdəlik kimi baxmışam, baxıram, baxmağa da davam edəcəyəm", -  Cəfərli qeyd edib.

Onun sözlərinə görə, fəaliyyəti ilə bağlı dəfələrlə təzyiqlərlə üzləşib: "Qanunsuz, siyasi motivlə və yaxud da sifarişlə həbs olunmuşların azadlığa çıxması üçün siyasi şəxslərlə, hüquq mühafizə orqanlarının əməkdaşları ilə təmaslara girməkdə maraqlı olmuşam və indi də maraqlıyam. Hüquq müdafiəçisi olaraq bunu məqbul sayıram və təmasda olduğum rəsmi şəxslərə qanunsuz və siyasi motivli həbslərdən qaçmağa, şübhəli şəxs qismində saxlanılan, cəzaçəkmə müəssisələrində cəzaçəkən şəxslərə işgəncə və qeyri-insani davranış tətbiq edilməsinin yolverilməz olduğunu, bunları etməməyə inandırmağa çalışmışam. Mən hüquq müdafiəçisi olaraq Əvəz Zeynallının sifarişli həbs edilməsi və digər siyasi motivlə həbs edilmiş şəxslərin azadlığa buraxılması üçün demək olar ki, bütün dövlət orqanlarına, bəzi siyasi şəxslərə rəsmi müraciətlər göndərmişəm, bəzi hallarda isə görüşmüşəm. Lakin bəzi qeyri-peşəkar və tin uşaqları səviyyəsində olan, dövlət adından danışmağa çalışan dövlət qulluqçuları mənim şəkillərimi çəkdirir, bununla şantaj etməyə çalışırdılar. Mən isə xarakterimə uyğun olaraq tətbiq edilən belə səviyyəsiz hərəkətləri görməzdən gəlir, qeyri-ciddi sayır və əhəmiyyət vermirdim. Mənim üçün əsas maraqlı olan, hüquq müdafiəçisi olaraq günahsız həbs edilən, işgəncəyə məruz qalan şəxslərə faydamın dəyə biləcəyidir, nəinki dövlət qulluqçusunun mənim haqqımda şantaj xarakterli hansısa əhəmiyyətsiz hərəkətləri". 

"Yuxarıda qeyd edilənləri ona görə xatırlatdım, sizin diqqətimizə çatdırıram ki, mənə qarşı edilən şantaj xarakterli hərəkətləri heç vaxt ciddiyə almamışam və almayacağam da. Mən kiməm və hansı fəaliyyət növü ilə məşğul olduğumu, hüquq müdafiəçisi kimi fəaliyyətimin hansı dövlət orqanları ilə kəsişdiyini yaxşı bilirəm. Mənə qarşı atılan və atıla biləcək istənilən namərd hərəkətə, şantaja hazıram və belə şeylərlə bizi qorxutmaq mümkün deyil. Nə özüm, nədə rəhbəri olduğum Mərkəz heç vaxt heç kimi nə sifarişlə müdafiə edib, nədə ki sifarişlə hansısa məmura qarşı kanpaniya aparıb. Mərkəzin standartında yalançı təəssübkeşlik anlayışı yoxdur, tanışlıq, dostluq kontensində də heç vaxt və heç kim müdafiə olunmayıb", - deyə o qeyd edib.

Hüquq müdafiəçisi bəyanatında media nümayəndələrinə də müraciət edib: "Bildiyiniz kimi 1 sentyabr 2024-cü ildə Milli Məclisə keçiriləcək növbədərkənar seçkilərdə namizəd kimi iştirak etmək üçün namizədliyimi öz təşəbbüsümlə 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən irəli sürmüşdüm. Namizədliyimin qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulan 450 imzadan da artıq 700 imza yığaraq dairə seçki komisiyyasına təhvil vermişdik. Bizə bəzən suallar verirlər ki, niyə başqalarına imza toplamaq üçün 10 vərəq, sizə 14 vərəq vermişdilər? Cavab çox sadədir, verməmişdilər, almışdıq. Qanunda namizədliyin qeydiyyata alınması üçün keçərli imzaların aşağı həddi göstərilib, yuxarı həddi göstərilməyib. Kimlərsə gedib DSK-larda gözlərini döyürsə, susursa, imza vərəqələri qəbul edilmirsə (hətta bəzi partiya sədrlərinə kobud davranışlar da olub) və yaxudda ordan qovulursa bu bizim günahımız deyil. Hələ bəzi kəm ağıllar mənim namizədliyimi verməyimin hökumətlə razılaşdırıldığınıda orada-burada danışırdılar".

"İmza toplama dövrü tərəfdarlarımıza ciddi təzyiqlər və hədə-qorxular olmuşdur. Bu barədə dövlət orqanlarını və ictimaiyyəti məlumatlandırmışdıq və heç bir araşdırma da aparılmadı. Bizə könüllü dəstək verən adamlara təzyiq, izləmələr açıq - aşkar sezilirdi və bu hərəkətlər əsasən polis əməkdaşları və onlarla koordinasiya halında işləyən mülki şəxslər tərəfindən həyata keçirilirdi. Lakin biz heç bir təzyiqə, izləmələrə məhəl qoymadan öz işimizlə - seçicilərdən imza yığmaqla məşğul idik. Çünki mən namizədliyimlə bağlı ilkin sənədləri dairə seçki komisiyyasına təqdim etmək üçün getdiyim zaman MSK sədri Məzahir Pənahovun qudası olan DSK sədrinin özünü idarə edə bilməməsi və "biz səni gözləyirdik, gələcəyini bildiyimiz üçün də 2020-ci ildə təqdim etdiyin sənədlər toplusu əlimizin altındadır, buradan bilmirsən ki, kim olacaq deputat?" deməsi əslində namizədliyimin qeydiyyada alınmayacağına işarəydi", - Cəfərli vurğulayıb.

Onun dediyinə görə, seçicilərdən yığılmış imzaları təqdim edəndən sonra bizə qarşı aqressiya daha da açıq formada biruzə verilirdi: "Biz, bizə qarşı sərgilənən "xüsusi münasibəti" görməzdən gəlirdik və çalışırdıq ki, birinci mərhələni aşaq. Çünki tam əmin idik ki, ikinci mərhələdə səs vermədə iştirak edən seçicilərin 70 faizinin səsini alacayıq və bununda qarşısını almaq çox çətin olacaq. Biz 2020-ci ildə 11 məntəqənin qalibi olmuşduq və bu faktlar həmin vaxt videolar formasında sosial mediada da yayılmışdır. Bu dəfə təbii ki, o vaxt buraxdığımız səhvləri buraxmayacaqdıq, görünür qeydiyyata alınmağıma imkan verməyənlər bu amilidə nəzərə alıblar. Bundan sonra 29 iyulda səlahiyyətli nümayəndəm Nasir Əliyevi müxtəlif səpkili sənədlərə məndən xəbərsiz qol çəkdirmək istəyiblər. Nasir Əliyev DSK-dan mənə zəng edərək ordakı olan vəziyyəti bildirdi və mən də Nasir müəllimdən xahiş etdim ki, heç bir sənədə imza atmadan dərhal oranı tərk etsin. Bundan sonra DSK heç bir əsas olmadan, mənə xəbər vermədən 30 iyulda saat 12:00 radələrində iclas keçirmiş, namizədliyimin qeydə alınmasından imtina edilməsi barədə qərar qəbul etmişdir. Bizə bildirilən qeyri-rəsmi məlumata əsasən namizədliyimin qeydiyyata alınmaması barədə tapşırıq MSK-dan gəlib".

"MSK-nın mövqeyinin əvvəlcədən bizə bəlli olmasına baxmayaraq, hüquqi mexanizmlərin davam etdirilməsi üçün bu gün 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsinin namizədliyimin qeydiyyata alınmasından imtina edilməsi barədə 30.07.2024-cü il tarixində qəbul etdiyi qərarın ləğv edilməsinə dair Mərkəzi Seçki Komissiyasına şikayət verəcəyik", - o belə deyib.