Hüquqşünas: "Baş Prokurorluq cinayətkarları necə himayə edir?"

Hüquqşünas:

10-09-2021 22:15 / Bu xəbər 1602 dəfə oxundu

"Uzun müddətdir ki, ölkənin Baş Prokuroru Kamran Əliyevə KİVDF işində ciddi qanun pozuntularına yol verildiyini yazıram. Bu barədə elə bu səhifələrdən ona açıq məktub da ünvanladım, ancaq heç bir cavab almadım. Tam ciddi deyirəm ki, Baş Prokurorluq KİVDF işində əsas cinayətkarları gizlədir".

Hüquqşünas Aslan İsmayılov Feysbuk hesabında belə yazıb.

O bildirib ki, KİVDF-də baş verən qanunsuzluqların başında prezidentin sabiq köməkçisi Əli Həsənov dayanıb: "KİVDF işində bütün cinayətlərin başında Prezidentin keçmiş köməkçisi Əli Həsənovun durduğunu artıq bu iş üzrə həbsdə olan Vüqar Səfərli də bildirir. Bu iş üzrə "Xəmsə" və "Altun" restoranlarının icarədərları da cinayət məsuliyyətinə cəlb edilib və haqlarında həbssiz qətimkan tədbiri seçilib. Bilirsinizmi niyə?! Prokurorluq çox gözəl bilir ki, icarədarlar o restoranlardan qərar qəbul edib milyonlar mənimsəyənlər olmayıblar, onlar sadəcə inzibatçı vəzifəsini yerinə yetiriblər və onlar haqqında həbslə bağlı qərar verilərsə susmayacaqlar, həqiqi cinayətkarların adlarını çəkəcəklər. Prokurorluq da onlara söz verib ki, susacaqları təqdirdə onlar haqqında şərti cəza veriləcək və çəkdikləri əzablara görə də əsas suçlular lazım gələni edəcəklər. Bu restoranlarda qərar qəbul edən və Ə.Həsənovla birlikdə milyonları mənimsəyənlər həmin restoranların sahibləri olublar". 

Hüquqşünas deyir ki, "Xəmsə" restoranının sahibi Mürvət Həsənli, "Altun" restoranın sahibi isə Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevdir: "Bunun üçün uzun istintaqa, böyük araşdırmaya ehtiyac da yoxdur. Dövri mətbuatda adları çəkilən şəxslərin Ə.Həsənovla işbirliyini araşdırmaq kifayət edir. Bütün ölkənin gözü qarşısında Baş Prokurorluq bu qanunsuzluğu nə üçün edir, heç cür başa düşmürəm. Ancaq güman edirəm ki, yenilənən Prokurorluq da artıq haqqımda olan 3 məhkumluğa yenisini əlavə edə bilər".

Xatırlatma

Sentyabrın 9-da KİVDF-nin hazırda həbsdə olan keçmiş icraçı direktoru Vüqar Səfərlinin cinayət işi ilə bağlı daha bir maraqlı məqam üzə çıxıb.

Məlumata görə, Vüqar Səfərli qulluq mövqeyindən istifadə edərək baş mühasib Təhminə Yaqubova ilə birlikdə Fondun hesabına keçirilən tədbirlərdə böyük məbləğdə mənimsəmələr edib.

Sabiq direktor Yeni il, Novruz Bayramı və Milli Mətbuat Günü ərəfəsində jurnalist yazı müsabiqələrinin mükafatlandırma mərasimləri ilə bağlı təşkil olunan ziyafətlər üçün ayrılan vəsaitlərin bir hissəsini restoranlardan geri alıb. 

O, "Altun” restoranının inzibatçısı Şahin İbrahimov, direktor müavini Təmkin Xəlilov, "Xəmsə” restoranının icarədarları Valeh Orucov və Bəxtiyar Fətullayevlə əvvəlcədən anlaşaraq, tədbirlərdə iştirakçıların sayını 350-400 nəfər kimi göstərib. Lakin faktiki olaraq, qonaqların sayı 250-ni keçməyib. İştirakçıların sayı ilə yanaşı, yemək norması da şişirdilmiş formada göstərilib. 

Tədbirlər üçün Fondun büdcəsindən ayrılan pullar sözügedən restoranların bank hesablarına köçürülüb. Daha sonra isə restoran rəhbərliyi həmin pulu nəğdləşdirərək, əvvəlcədən danışılmış hissəni Vüqar Səfərliyə geri qaytarıblar. 

Vüqar Səfərli faktla bağlı istintaqa ifadəsində bildirib ki, tədbirlər üçün ayrılan vəsaitlər tam olaraq obyekt sahiblərinə ödənilib. O, ziyafətlərdə iştirak edən qonaqların sayının az olmasını isə çağırılan şəxslərin hamısının tədbirə gəlməməsi ilə əlaqələndirib. 

Şahin İbrahimov istintaqa ifadəsində bildirib ki, ziyafətlərdə bir nəfər üçün 55-60 manat pul alınırdı. Restoran yalnız yeməklə təmin olunmanı təşkil etsə də, V.Səfərli protokolda dəvətnamə hazırlanması, video çəkiliş, musiqiçilərin dəvət olunması, banerlərin yerləşdirilməsi, tədbir zamanı keçirilən oyunlarda qaliblərə hədiyyələr təqdim olunması və s. kimi əlavə xərcləri də restoranın adına yazdırıb. 

Sabiq direktor hər tədbir üçün KİVDF-dən restoranın hesabına köçürülən 50 min manatın 25 minini geri alıb. Bu yolla Vüqar Səfərli ümumilikdə 9 tədbir üzrə KİVDF-ə məxsus 104 444 manat məbləğdə vəsaiti mənimsəyib. Dəymiş ziyanla bağlı Şahin İbrahimov və Təmkin Xəlilov Baş Prokurorluğun depozitinə 50 min manat ödəyiblər.