Hüquqşünas: "Media haqqında" Qanun layihəsi dövlət sirri kimi gizli saxlanılır

Hüquqşünas:

09-12-2021 15:40 / Bu xəbər 7354 dəfə oxundu

"Bu gün yayılan məlumatlardan məlum olur ki, "Media haqqında" Qanun layihəsi sabah parlamentdə komitədə  müzakirəyə çıxarılacaq.  Lakin 8 aydır ki, əlimzdə çıraq,  qanun layihəsini axtarırıq, tapa bilmirik".  

Bunu media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib.

O bildirib ki, prezidentin 2021-ci ilin yanvarında imzaladığı sənədə əsasən, layihə 2 ay içərisində hazırlanmalı idi: "Aprel ayından bəri MEDİA Agentliyi layihədən, onun "üstünlüklərindən" danışır, təbliğat aparır. Amma layihəni ortaya çıxarmır. Bir sözlə, layihə dövlət sirrindən daha qorunaqlı şəkildə mühafizə edilir". 

Onun sözlərinə görə, məsələnin ən problematik tərəfi odur ki, indi də Milli Məclis özünün qəbul etdiyi qanunları pozmaqla MEDİA agentliyi ilə yarışa girib: "Agentlik "Media haqqında" qanunu layihəsini razılaşdırmağa göndərdiyi andan öz internet səhifəsində, Milli Məclis isə layihə daxil olub, gündəliyə salındığı andan meclis.gov.az saytına yerləşdirməli idi".

Hüquqşünas "İnformasiya əldə etmək haqqında" Qanunun pozulduğunu deyir: "İnformasiya əldə etmək haqqında Qanunun 29 və 30-cu maddələrinin tələbləridir bunlar:

29.1. Dövlət orqanları malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır:
29.1.10. normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan;
30.1. Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar İnternet informasiya ehtiyatlarında açıqlanmalıdır".

Media haqqında” yeni qanun layihəsinin parlamentdə müzakirəsi başlayır.

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, qanun layihəsi üzərində işlər artıq yekunlaşıb: "Qısa müddətdə qanun layihəsi Milli Məclisin komitələrində və plenar iclasında müzakirəyə çıxarılacaq”.

İsmayılov deyib ki, layihənin ilkin variantı sabah - dekabrın 10-da parlamentin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq.