Hüquqşünas MİA-nın qanuni vəzifəsini icra etmədiyini deyir

Hüquqşünas MİA-nın qanuni vəzifəsini icra etmədiyini deyir

13-01-2023 00:02 / Bu xəbər 691 dəfə oxundu

Ötən iki ay ərzində Media Reyestrində qeydiyyatdan keçmək üçün müraciət edən media strukturlarının sayı 200-dən çoxdur.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O qeyd edib ki, müraciət edənlərdən 160-a yaxın media subyektinə müsbət cavab verilib, digərlərinin müraciətləri baxılmaqdadır.

Bundan əlavə, Əhməd İsmayılov bildirib ki, 180-ə qədər jurnalistin müraciəti təsdiq edilib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru media Reyestrindən keçməyən media subyektləri ilə bağlı məsələyə də aydınlıq gətirib.

Onun sözlərinə görə, media reyestrindən keçməyən media subyektləri məhkəməyə veriləcək.

"Bizim əməkdaşlarımız media subyektlərinə bu məsələ ilə bağlı da texniki köməkliyi göstərməyə hazırdırlar. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur. 

Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətlərinin davam etdirilib-etdirilməməsi barədə qərarı isə məhkəmə verəcək", - deyə o, əlavə edib.

Öz növbəsində, media hüquqları üzrə hüquqşünas Xalid Ağaliyev "Turan"a bildirib ki, bir sıra KİV-lər reyestrə daxil olmaq üçün müraciət etsələr də, imtina cavabı alırlar.

Hüquqşünas deyir ki, Agentlik indiyə qədər reyestrə daxil edilən, qeydiyyatından imtina edilən KİV-lər haqqında dəqiq statistik məlumatları açıqlamayıb.

"Halbuki bu, onların qanuni vəzifəsidir. İndiyədək 20-yə yaxın media qeydiyyata alınmadıqları haqda bizə bildiriblər, hüquqi məsləhət istəyiblər. Onlardan 9-u birbaşa məhkəməyə şikayət ediblər. Digərləri reyestrin tələblərinə uyğunlaşmaq yolunda məsləhətlərimizə uyğun hərəkət ediblər. Öz resurslarını reyestr tələblərinə uyğunlaşdırmaqla bağlı işlər görüb yenidən reyestr üçün müraciət ediblər. Məhkəmələrdə hələlik belə mübahisələrlə bağlı yekun qərar çıxmayıb", - deyə o bildirib.